Evlənmək üçün ən layiqli qadını seçin
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Özünüzə layiq bir qadınla nikah bağlayın və bu işi gecikdirməyin
Həmçinin
valideynlər də bu işdə cavanlara köməkçi olsunlar və onların ailə qurması üçün
lazım olan bütün şəraiti yaratmağa çalışsınlar.
"...Mən
qısa və müxtəsər yazıram. Yaşı iyirmini keçmiş bir oğlanam... Ey kaş,
ata-anaları qəflət yuxusundan oyada və onları başa sala biləydiniz ki,
övladlarının əl-ayaqlarına bağladıqları faydasız, yersiz qeyd və şərt zəncirlərini
açsınlar və övladlarını evləndirməkdə bu qədər sərtlik göstərməsinlər. Olduqca
bu işi tezləşdirsinlər ki, övladları pis yollara və fəsad tələlərinə düşməsinlər.
Valideynlərə
deyin, inansınlar ki, onların övladları da cinsi istək və şəhvətə malikdirlər və
müxalif cinsə ehtiyacları vardır... Belə isə, nə üçün bir çarə fikirləşmirlər və
nə üçün övladlarının bu problemini həll etmək üçün bir iş görmürlər?”
- Möminlərin
ağası İmam Əli bin Əbi Talib (ə) cavanları ailə həyatı qurmağa təşviq edir və
buyurur: “Evlənin və özünüzə həyat yoldaşı seçin, çünki Allahın Rəsulu, Həzrət
Məhəmməd Mustəfa (s) buyurmuşdur: “Hər kəs mənim ardıcıllarımdan olmaq istəyirsə,
mənim sünnətlərimdən biri də ailə həyatı qurmaq və evlənməkdir. Hər kəs Qiyamət
günü Allah-Taalanın hüzurunda pak və pakizə hazır olmasını istəyirsə, gərək, ləyaqətli
bir qadınla nikah bağlasın".[1]
Həzrət Peyğəmbər
(s) başqa bir hədisdə belə buyurur: “Müsəlman bir şəxs üçün İslam dinini qəbul
etdikdən sonra ən faydalı və xeyirli iş ləyaqətli, bəyənilmiş bir qadınla ailə
həyatı qurmaqdır. Elə bir qadınla ki, ona baxanda şad və xoşhal olsun. Elə bir
qadınla ki, ərinin əmrlərinə tabe olsun və ərinin qiyabında və hüzurunda öz iffətini,
ərinin əmlakını qorusun”.[2]
Amma gördüyünüz
kimi, bu cavanın qısa və müxtəsər, lakin çox həssas məktubundan belə başa
düşülür ki, nikah bağlamaq üçün layiqli bir qadın tapmaq və evlənmək üçün lazım
olan şeyləri hazırlamaq, bir cavan üçün valideynlərinin və yaxınlarının köməyi
olmadan asan iş deyildir. Bu məsələdə əsas və şəri vəzifə atanın öhdəsinə
düşür.
Ata-anaya
vacibdir ki, öz övladlarına ağıllı, qanacaqlı, həyalı, gözəl və xoş əxlaqlı bir
həyat yoldaşı seçməyə kömək etsinlər. Onlara bu işdə sərtlik göstərməsinlər və
bu vacib işin həyata keçməsini təxirə salmasınlar ki, övladları pis yola, fəsada
düşsünlər və ya ailə həyatı qurmaqlarının münasib zamanı keçsin və fürsət əldən
getmiş olsun.
-
"... Anam hansı qızı görürdü və ya hansı evə mənim üçün elçiliyə gedirdi,
deyirdi: "Yox!!! Bu mən istəyən gəlin deyil, mən elə bir gəlin istəyirəm
ki... " Xülasə, o qədər o ev, bu evə elçiliyə getdi və heç bir qızı
bəyənmədi. Axırda özü rəhmətə getdi. Mənim də evlənmək yaşım beləcə keçdi...
Hal-hazırda xəstəyəm,
vasvasılıq mənim canımı alıb və hər şeyə şəkk edirəm. Doğrudur, özüm də bilirəm
ki, səhv yoldayam, amma bu işləri, fikirləri özümdən uzaqlaşdırmağı bacarmıram.
Həkimlər deyirlər ki, narahatçılığımın və vasvasıçılığımın səbəbi əsəb
sistemimin pozulduğuna görədir, əgər evlənsəm, ruhi və cismi vəziyyətim
yaxşılaşacaq... Amma kimdir mənə bu yaşımda qız verən?... Xülasə, indi ruhi cəhətdən
böhrandayam və vəziyyətim yaxşı deyil,... Sizdən xahişim budur ki, lütf edib
bir az bu barədə danışasınız ki, bəlkə ürəyim və ruhum sakitləşə. Siz bir kəsi
tanıyırsınızmı ki...?”
- Bəli! Yersiz
sərtlik, tələbkarlıq və faydasız axtarışlar, çətin bəyənmələr bəzən şad, təravətli
bir cavandan tənha, ruhi xəstə, solğun, kədərli, vasvasılığa düçar olmuş bir
cavan yaradır. Və ya bir qızdan ki, indi gərək xoşbəxt bir ana olub öz
körpələrinin şadlığı və dəcəlliyindən ləzzət alaydı, tənha, qəmli, nigaran,
daim intizarda olan və bu təlatümlü həyatın uzaq bir küncünə atılmış və
unudulmuş bir qadın düzəldir.
"...Mən
sizdən xahiş edirəm ki, bir az da ictimaiyyətimizdə olan subay qızlar haqqında
fıkirləşəsiniz. Xüsusən də onlar haqqında ki, ərə getmək vaxtları, yaşları ötüb
keçib və hətta bəzilərinin yaşı 30-dan da yuxarıdır. Amma bu qadınlar öz iffət
və həyaları naminə susurlar... Allaha and olsun ki, qızların yuxarı yaşlarda
subay qalması onların və ailələrinin ən böyük və ən ağır problemidir...
Biz qızların
ailə həyatı qurmağa olan ehtiyacı heç də yalnız heyvani və maddi istəklər üçün
deyil, bəlkə, birinci dərəcədə ruhi dayaq və pisixi sakitlik üçündür ki, bunu
bizim üçün heç bir şey, hətta, ali təhsil və böyük vəzifələrdə işləmək belə əvəz
edə bilməz. Qohum-qardaşın və ətrafımızdakıların dil yaraları, tənə və kinayələri
bizi elə narahat edir ki, bəzən şadlıqlarda belə iştirak etmək istəmirik.
İnanın ki, mən heç bir toyda iştirak etmirəm, çünki camaat mənimlə təhqiramiz rəftar
edir... Siz inanın ki, müxtəlif tərzlərdə bəzənib, müxtəlif modellərdə qərbsayağı
paltar geyinib küçə-bazara çıxan qızların çoxu öz geyimlərindən razı deyil.
Onlar bilirlər ki, bu geyimlər iffətli, namuslu və qeyrətli müsəlman qızına
yaraşan geyim deyil, amma nə etsinlər?! Özlərinin tənhalıqdan nicat yolunu
bunda görürlər. Fikirləşirlər ki, özlərini bəzəyib gözəl görünsələr, bəlkə
hansısa bir oğlanın ürəyini ovlayarlar...
Mən özüm
universitetdə oxuyuram, görürəm ki, bu vəziyyətdə dərs oxuya bilmirəm. Bəzi
vaxtlar Allahdan özümə ölüm arzulayıram. Əlbəttə, bilirəm ki, bu dərdin dərdlisi
təkcə mən deyiləm... Sizdən xahişim budur ki, dul kişi və qadınların ikinci dəfə
evlənmək məsələsini ictimaiyyət üçün işıqlandırasınız və camaata başa salasınız
ki, onların ikinci dəfə evlənməyə haqqı və ehtiyacı vardır. Qohum-qardaş və
övladların onlara haqsızlıq olmayacağı surətdə bu məsələyə qarşı çıxmağa
haqları yoxdur.
Mümkündür, bəziləri
bu məsələyə etiraz etsinlər, amma Allaha and olsun, mən bilirəm ki, subay
qızların və dul qadınların əksəriyyəti bu məsələylə razıdırlar.
Mən və
timsalımda olanlar bu ümidlə yaşayırıq ki, bir gün gələcək xalqın böyükləri
bizim kimilər üçün çarə fikirləşib problemlərimizin həllini tapacaq və onu
ictimaiyyətimizdə həyata keçirəcəklər...".
- Əziz
oxucu! Bu məktubu oxudunuz və bildiniz ki, ailə həyatı qurmaq, xüsusilə də
qızlar və qadınlar üçün, nə qədər əhəmiyyətli və vacibdir. Bilirsiniz ki,
qadınların inanılmış və sədaqətli bir dayağa nə qədər ehtiyacları vardır.
Xalqın böyükləri, rəhbərləri və tərbiyəçiləri, həmçinin, valideynlər onların bu
ehtiyaclarını dərk edərək öz məsuliyyət və vəzifələrini layiqincə yerinə
yetirsinlər ki, cavanlar ölkəni, vətənlərini müxtəlif səbəblərdən tərk etməsinlər
və nəticədə də bu kimi problemlər yaranmasın. Əgər cavanlar üçün öz vətənlərində
məşğuliyyət, iş yerləri yaransa, onlar vətənlərini tərk etməzlər. Amma məlum
işsizlik böhranı uzun sürdükcə subay cavanlardan əlavə, ailəli kişilər də iş
axtarmaq üçün ölkəni tərk etmək məcburuyyətində qalırlar. Bu zaman problem
ikiqat artır, yəni birneçə uşaqla ərsiz qalmış qadınlar da ailə həyatı qurmaq
vaxtı keçənlərə əlavə olunurlar və bu isə mövcud problemin həllini bir az da çətinləşdirir.
Həmçinin, ailə
başçılarına, valideynlərə tövsiyə edirəm ki, iqtisadi və maliyyə böhranları
yaradan, üzücü adət-ənənələrdən əl çəksinlər. Elçiliyə gələnlərdən bahalı
qızıllar, qiymətli əşyalar və çox miqdarda süd pulu istəməsinlər ki, elçiliyə gələnlər
tutduqları işdən peşman olsunlar. Elçiliyə gedənlər də qızın özünün və ailəsinin
əxlaqına, imanına baxsınlar, mal-dövlətinə və gətirəcəyi cehizinə yox. Xoşbəxtlik
bunlarda deyil, məhəbbət və sədaqətdədir və yalnız maddiyyatı nəzərə almaq gənclərin
ailə həyatı qurmağını əngəlləyir, nəticədə, cavanların fəsad və əxlaqsızlıq
yuvalarına sürüklənməsinə səbəb olur.
Mən üzümü Peyğəmbərin
(s) canişini və qardaşı, ariflər sahı, imamlar atası, möminlərin əmiri, elmin
qapısı, təqvalıların ağası, cənnət və cəhənnəmi paylaşdıran, imamət səmasının
birinci parlaq ulduzu imam Əli ibn Əbitalibin (ə) aşiqlərinə tutub deyirəm ki,
cavanlara kömək əllərini uzatsınlar. Özlərinin hörmət, məqam və mallarından
istifadə edib evlənməyə imkanı olmayan cavanların evlənməsinə kömək və vasitəçilik
etsinlər. İmam Əli ibn Əbitalib (ə) buyurub: “Ən yaxşı və fəzilətli vasitəçilik
odur ki, iki nəfər evlənmək istəyənlərin arasında vasitəçilik edəsən ki, Allah
o iki nəfəri vüsala çatdırsın”.[3] Siz də ki, xalq arasında hörmət, izzət
sahibisiniz və camaatın sevimlisisiniz , bu yolla hörmətli və sevimli
olmağınızın zəkatını ödəyin. Özünüzün mal-dövlətinizdən, başbilənliyinizdən,
ağsaqqallığınızdan və tanışlarınızdan istifadə edib cavanların ailə həyatı
qurmasına kömək ediniz. Yəqin bilin ki, sizin bu əməlinizdən möminlərin əmiri
İmam Əli ibn Əbitalib (ə) və zamanın imamı Həzrət Mehdi (ə) xoşhal olacaq və
Qiyamət günü sizin əlinizdən tutacaq.
Hazırladı: Mirməhəmməd
Bəşir
Mənbələr:
1.
"Əl-Kafi", Şeyx Kuleyni, 5/329.
2. "Əl-Kafi",
Şeyx Kuleyni, 5/327; "Vəsailuş-şiə", Hürr Amuli, 14/4.
3. "Vəsailuş-şiə",
Hürr Amuli, 14/27.