İMAMZADƏ ŞAH ƏBDÜLƏZİM HƏSƏNİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Posted on : iran 10/16/2017 12:59:59 PM
Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə tanınmış və ...
Yanvar ayının 15-i (Rəbiüs-sani ayının 4-ü) imamzadə həzrət Əbdüləzim Həsəninin
(ə) doğum günü olduğundan, onun həyatı haqda qısa məlumatı əziz oxucularımızın
diqqətinə çatdırırıq:
İmamzadə Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olub, nəsil-nəcabəti
dörd vasitə ilə o həzrətə çatır. Atası Abdullah, anası isə Üqbə ibn Qeysin qızı
Fatimədir.
O, 173-cü hicri-qəməri ilində Mədinə şəhərində yeddinci imamımız imam
Kazimin (ə) imaməti dövründə dünyaya göz açmış və onuncu imamımız imam Hadinin
(ə) imaməti dövründə yetmiş doqquz yaşında ikən vəfat etmişdir. Demək, imamzadə
Əbdüləzim Həsəni dörd məsum imamın – imam Kazim (ə), imam Rza (ə), imam Cavad (ə)
və imam Hadinin (ə) imaməti dövründə yaşamış, imam Rza (ə), imam Cavad (ə) və
imam Hadidən (ə) bir çox hədislər nəql etmişdir.
Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə
tanınmış və əsl-nəsəbi belədir: Əbdüləzim ibn Abdullah ibn Əli ibn Həsən ibn
Zeyd ibn Həsən Müctəba (ə). (“Müntəhəl-amal”, Şüyx Abbas Qummi, 1-ci cild, səh.457.)
O, şiə alimləri və ravilərindən olmaqla yanaşı, məsum imamlar və
ardıcıllarının yanında böyük məqam və ehtirama layiq görülmüş, sevimli və
etimadlı şəxslərdəndir.
Məsum imamların (ə) onun barəsindəki tərifləri onun elmi və etimadlı
bir şəxsiyyət olduğunu aşılayır. İmam Hadi (ə) Əbdüləzimi həqiqi dostlarından
biri kimi tanıtdırır və şiələrə buyururdı ki, dini suallarınızın cavabını Əbdüləzim
Həsənidən öyrənin.
Şiə mənbələrində də onun haqda çoxlu tərif gözə dəyir. Belə ki, o,
abid, zahid, təqvalı, pak və etimadlı, görkəmli hədis ravisi adları ilə yad
edilir. (“Ət-təzkiraətul-ətiyyə”, səh.83.) Müxtəlif rəvayətlərdə imamzadə Əbdüləzimin
qəbrinin ziyarətinin böyük savabı haqda məlumat verilir.
İmamzadə Əbdüləzim Həsəni İranın Rey şəhərində dəfn olunmuşdur. Sözsüz
ki, onun doğulduğu Mədinə şəhərindən Rey şəhərinə köçməsi və qərib vilayətdə
yaşaması həmin dövrə hakim siyasi-ictimai vəziyyətlə əlaqədar olmuşdur. Abbasi
xəlifələrinin məsum imamlarla, onların övladları və şiələri ilə amansız və qəddar
rəftarları tarixin danılmaz həqiqətlərindəndir. Onların içərisində imamlar və
ardıcılları ilə ən pis rəftar edən xəlifələrdən biri də Mütəvəkkil Abbasi idi.
Onun xilafəti dönəmində Kərbəlada şəhidlər sərvəri imam Hüseynin (ə) məqbərəsi
dəfələrlə uçurdulmuş və o həzrətin ziyarəti qadağan edilmişdir.
Tarixdə göstərilir ki, onun xilafəti zamanı seyidlər və şiələr
acınacaqlı bir şəraitdə yaşamışlar. Həzrət Əbdüləzim Həsəni də Abbasi xəlifələrinin
kin-küdurət və düşmənçiliyindən amanda qalmamış və qətlə məhkum edilmişdi. Belə
ağır bir dönəmdə Əbdüləzim İraqın Samirra şəhərinə gedib imam Hadi (ə) ilə
görüşür və dini əqidələrini o həzrətə açıqladıqda, Həzrət onu təsdiqləyərək
buyurur: “Sən bizim dostlarımızdansan!” (“Biharul-ənvar”, 3-cü cild, səh.268.)
Həzrət Əbdüləzim Həsəsinin (ə) Samirrada imam Hadi (ə) ilə görüşü haqda
xəlifəyə məlumat verildikdə, xəlifə onun saxlanılıb zindana atılmasını əmr
edir. O da təhlükədən amanda qalmaq üçün müxtəlif şəhərlərdə gizli şəkildə
yaşamağa məcbur olur və nəhayət, şəhərbəşəhər dolanaraq İranın Rey şəhərinə
çatır və həmin şəhərin dini-ictimai şəraitini, müsəlmanların və məxsusən, şiələrin
mühüm yaşayış mərkəzlərindən olduğunu nəzərə alaraq orada sakin olmağa qərar
verir. O, tanınmaz şəkildə şəhərə daxil olub, “Sarbanan” məhəlləsinin “Səkkətül-Mövla”
küçəsində şiələrdən birinin evində məskunlaşır və həmin evin zirzəmisində
yaşayır. Bir müddətdən sonra şiələrdən bir neçəsi onun həmin evdə məskunlaşdığından
xəbər tutduqda, gizli şəkildə ziyarətinə gedirlər. Zaman ötdükcə, onun yanına
get-gəl edən şiələrin sayı artır və onun yaşadığı ev elm və təhsil mərkəzinə
çevrilir; şiələr onun dini elmləri və hədislərindən bəhrələnir, şəri məsələlərini
ondan öyrənir, onu məsum imamlarının yadigarı hesab edərək, məsum imamların
qoxusunu ondan alırdılar. (“Ət-təzkirətul-ətiyyə”, səh.109-110.)
Bəzi tarixi mənbələrdə göstərilir ki, həzrət Əbüdüləzim Həsəni 250-ci
hicri-qəməri ilində imam Hadinin (ə) mübarək əmri və göstərişinə əsasən, dini təbliğ
və şiələrə rəhbərlik etmək məqsədilə İraqdan Reyə yollanır. (“Şenaxtnameye həzrət
Əbüləzim Həsəni (ə)”, Əliəkbər Zəmaninejad, 13-cü cild, səh.188.)
Həzrət Əbdüləzim Həsəni (ə) ömrünün son günlərində, xəstəlik yatağında
ikən, şiələrdən birinin sadiq yuxusu gələcək hadisələri belə tərsim edir: Bir
gecə təqvalı şiələrdən biri həzrət Peyğəmbəri (ə) yuxuda görür. Peyğəmbər (s)
ona buyurur: “Sabah mənim övladlarımdan biri “Səkkətül-Mövla” küçəsində
dünyadan köçəcək və şiələr onu Əbdülcabbar adlı bir şəxsin bağına aparıb, alma
ağacının altında dəfn edəcəklər.” Həmin şəxs sübh yuxudan ayılıb, həmin bağa
yollanır. Peyğəmbərin (s) övladlarından birini dəfn etmək məqsədilə bağı
sahibindən almaq və bu böyük şərəfə nail olmaq istəyir. Bağın sahibi ondan bağı
almaqda məsədini soruşduqda, o, gördüyü yuxunu danışır. Bağın sahibi təəccüblənərək
özünün də həmin yuxunu gördüyünü deyir və beləcə, bağın sahibi bağını vəqf edir
ki, həzrət Əbdüləzim Həsəni (ə), eləcə də, digər şiələr orada dəfn edilsinlər.
Elə həmin gün həzrət Əbdüləzim Həsəni (ə) vəfat edir və vəqf olunmuş bağda dəfn
olunur. (“Ricali-Nəcaşi”, Əhməd ibn Əli Əbülabbas, səh.247-248, nömrə 653.)
Rza Şükürlü