HARAM TİKƏ, YƏNİ AŞURA FACİƏSİNİN TƏKRARINA HAZIRLIQ
Posted on : Video 10/16/2017 1:00:17 PM
HARAM TİKƏ, YƏNİ AŞURA FACİƏSİNİN TƏKRARINA HAZIRLIQ
Peyğəmbəri-Əkrəmdən
(s) sonra əksər müsəlmanlar qəflət yuxusuna getdilər. O həzrətin Əhli-beytinin
(ə) haqq olmasını bildikləri halda, onlara yardımçı olmaqda səhlənkarlıq etdilər,
öz sükutları ilə zülmkarlarla bir olub, batil əhlinə mədəd göstərdilər.
Qurani-Kərimdə o dönəmdəki cəmiyyətin irticada qalması üçün iki amil irəli
sürülür: 1. Allahı zikr və yad etməkdə səhlənkarlığa yol verdilər; 2. Şəhvani
hisslərə uyaraq dünya malına aldandılar. “Məryəm” surəsinin 59-cu ayəsində
buyurulur:
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضاعُوا الصَّلاةَ وَ اتَّبَعُوا
الشَّهَواتِ فَسَوْفَ یَلْقَوْنَ غَیًّا
“Onlardan sonra
namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (cəhənnəmdəki) “fəyy”
dərəsinə düşəcəklər (yaxud, onlar öz əməllərinin cəzasını
alacaqlar).”
“Maun” surəsinin 4-5-ci
ayələrində buyurulur:
فَوَیْلٌ لِلْمُصَلِّینَ لَّذینَ هُمْ عَنْ صَلاتِهِمْ ساهُونَ
“Vay halına o
namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona
etinasızdırlar.”
“Taha” surəsinin 124-cü
ayəsində isə ruzinin bərəkətsizliyi, məişət və güzəranın çətinliyi namazın
haqqının ödənilməməsi və Allahı yad etməkdə səhlənkarlığın nəticəsi kimi göstərilir.
Ayədə buyurulur:
وَ مَنْ أَعْرَضَ عَنْ ذِکْری فَإِنَّ لَهُ مَعیشَةً ضَنْکاً...
“Məni yad etməkdən
üz döndərən kəs üçün isə mütləq sıxıntılı həyat (güzəranın darlığı)
olacaqdır...”
Birdən belələrinin
gəliri çox olsa da, bərəkəti olmaz, qazancları güzəranına yetməz, həmişə sərvətinin
az olmasını düşünərlər. Bu isə Allahın vədidir. Çünki Allah yad edilmədikdə, qəlbdə
şeytan otraq edər və belə bir insanın dünyaya hərisliyi artar, haram yemək,
başqalarının hüquqlarına təcavüz və ümumi əmlakı mənimsəmək onun üçün
asanlaşar. Qarın haram malla dolduqda, artıq haqq söz eşidilməz. Bu zaman rəzilətlər
fəzilətlərlə, dəyərlər ehtiraslarla dəyişilər və Kərbəla faciəsinin təkranının
müqəddimələri görünməyə başlayar.
İmam Hüseynin (ə)
önündə duranlar namaz qılır, oruc tuturdular, başqa sözlə, dinsiz deyildilər!
Sual budur: Bəs nə oldu ki, Peyğəmbər (s) balasını öldürdülər?
RƏVAYƏTLƏRDƏ
HARAM TİKƏNİN TƏSİRİ
Qarına ötürülən
bir haram tikə səbəb olar ki, insanın qırx gün namazı qəbul olmasın. Peyğəmbəri-Əkrəm
(s) buyurur:
مَنْ أَکَلَ لُقْمَةَ حَرَامٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِینَ
لَیْلَة
“Haram tikə yeyən
insanın qırx gecə namazı qəbul olunmaz.” (“Biharul-ənvar”,
66-cı cild, səh.364.)
Daha geniş mənada
o həzrətdən nəql olunan digər bir hədisdə buyurulur:
الْعِبَادَةُ مَعَ أَکْلِ الْحَرَامِ کَالْبِنَاءِ عَلَى الرَّمْل وَ
قِيلَ عَلَى الْمَاءِ
“Haram yeməklə
bərabər (yerinə yetirilən) ibadət çınqıl və yaxud su üzərində tikilən ev
kimidir.” (“İddətud-dai”, İbn Fəhəd Hilli, səh.154.)
İmam Baqir (ə)
buyurur:
إِنَّ الرَّجُلَ إِذَا أَصَابَ مَالًا مِنْ حَرَامٍ لَمْ یُقْبَلْ
مِنْهُ حَجٌّ وَ لَا عُمْرَةٌ وَ لَا صِلَةُ رَحِمٍ حَتَّى أَنَّهُ یَفْسُدُ فِیهِ
الْفَرْجُ
“Haram mal əldə
edənin nə həcci, nə ümrəsi, nə də yaxınlara yaxşılığı qəbul olunmaz və hətta
haram mal onun nütfəsində öz təsirini qoyar.” (“Biharul-ənvar”, 99-cu cild, səh.125.)
KƏRBƏLA VƏ
HARAM TİKƏNİN TƏSİRİ
İmam Hüseynin (ə)
düşmənləri həm namaz qılır, həm də oruc tuturdular, amma nə faydası?! Tarixdə
qeyd olunduğu kimi, o həzrət Aşura günü iki dəfə düşmənə moizə etdi. Xarəzmi
yazır: “İmam Hüseyn (ə) düşmənin müqabilində ikinci dəfə söhbət edərkən, düşmən
ordusu səs-küy salmağa başladı ki, heç kim o həzrətin söhbətini eşitməsin! Bu
zaman Həzrət onlara xitabən buyurdu:
وَیلَکُم مَا عَلَیکُم أن تَنصِتُوا إلَیَّ فَتَسمَعُوا قَولِی
“Vay olsun
sizin halınıza! Mənim söhbətimi eşitmək üçün niyə sakit qalmırsınız?! Qışqırıb
fəryad edirsiniz ki, mənim sözlərimi eşitməyəsiniz?!”
إِنَّمَا أَدْعُوکُمْ إِلَى سَبِیلِ الرَّشَادِ فَمَنْ أَطَاعَنِی
کَانَ مِنَ الْمُرْشَدِینَ وَ مَنْ عَصَانِی کَانَ مِنَ الْمُهْلَکِینَ وَ
کُلُّکُمْ عَاصٍ لِأَمْرِی غَیْرُ مُسْتَمِعٍ قَوْلِی فَقَدْ مُلِئَتْ بُطُونُکُمْ
مِنَ الْحَرَامِ
“Əgər mənə
qulaq assanız, sizi hidayət edər, doğru yola yönəldərəm, əgər mənə qarşı üsyan
etsəniz, həlak olanların zümrəsinə qatılarsınız. Siz hamılıqla əmrimdən boyun
qaçırdınız, sözümə qulaq asmadınız. Çünki qarınlarınız haramla doludur...”
Onların namaz və
orucları fayda vermədi, nəticədə İmama (ə) qulaq asmadılar və onun sözlərindən
bir şey başa düşmədilər. Nə üçün?
Çünki Kufədən
Ömər Sədlə birgə Kərbəlaya gələnlər özləri ilə yemək gətirmişdilər, həmin yeməklərin
hamısı müsəlmanlara məxsus olan “beytül-mal”dan – ümumi əmlakdan ayrılmışdı.
Onlar Kərbəlada qaldıqları bir neçə gün ərzində, Ömər Səd onlara həmin yeməkdən
yedizdirdi. Ömər Səd onları haradan gətirmişdi? Müsəlmanların ümumi əmlakından!
Odur ki, onların qarınları haramla doldu. Namaz qılırdılar, lakin yedikləri
haram mal qıldıqları namazların təsirli olmasına və onların haqqa
yaxınlaşmasına mane oldu! İmama (ə) itaət etmədilər, səs-küy saldılar ki,
İmamın (ə) sözlərini eşitməsinlər!
SON SÖZ
Şəhid Məhəmməd
Cahanara necə də gözəl demişdir: “Uşaqlar! Əgər şəhər süqut edərsə, nigaran
olmağa dəyməz, ehtiyatlı olun ki, imanınız süqut etməsin!”
Hüseyn ibn Əlilər
başsız qalmalı, Şeyx Fəzlullahlar edam olunmalı, Nəvvab Səfəvilər terror
olunmalı, Xomeynilər sürgün olunmalı, haqq yolunun yolçuları işkəncə və həbs
olunmalıdırlar ki, İslam camiəsi oyansın, ayılsın, ayıq qalsın! (Mərhum Ayətullah
Müctəba Tehraninin söhbətlərindən – Əsədullah Məhəmmədiniyanın “Mənziləti-imam
Hüseyn (ə)” kitabından nəqlən!)
Rza Şükürlü