header

 Müslim Azərbaycani əfsanəsi

Tarixi saxtalaşdırmaq hesabına şərəf qazanmaq olmaz!

Füzulinin qələmindən çıxmış "Hədiqətüs-süəda" kitabının onuncu babında oxuyuruq ki, aşura faciəsində şəhid olanlar sırasında Müslimi-Azərbaycani adlı bir şəxs də var imiş. Əsərdə Müslimi-Azərbaycaninin və oğlunun şücaəti çox poetik və təsirli boyalarla ifadə olunmuşdur.

 

FÜZULİ "MÜSLİMİ-AZƏRBAYCANİ" DEYƏRKƏN KİMİ NƏZƏRDƏ TUTUB?

 

Hər şeydən öncə, bunu qeyd edək ki, Kərbəlada Müslimi-Azərbaycani adlı bir şəxsin döyüşüb şəhid olması barədə məlumata "Hədiqətüs-süəda"dan savayı heç bir mənbədə rast gəlmirik. İstər qədim hesab olunan mənbələrdə, istərsə də sonradan qələmə alınmış mötəbər kitablarda Kərbəla şəhidlərinin heç biri “Azərbaycani” ləqəbi ilə adlandırılmamışdır. "Hədiqətüs-süəda"nın Ümumdünya Əhli-beyt Mərkəzi tərəfindən 1995-ci ildə Qum şəhərində çap olunmuş nəşrinin "Qaynaqlar" bölümündəki aşağıdakı qeyd də dediklərimizi sübuta yetirir: "Müslimi-Azərbaycaninin Kərbəlada döyüşüb şəhid olmasını ancaq Molla Məhəmməd Füzuli qeyd etmişdir" (səh. 638).

 

İkincisi, mərhum Füzulinin "Hədiqətüs-süəda"sı hər şeydən əvvəl, bədii əsərdir və bədii ədəbiyyat nümunəsidir. Tarixi mövzuları işləyərkən, bilavasitə bu sahənin mütəxəssisləri tərəfindən qələmə alınmış, mötəbər sayılan, tarix, hədis, rical və sair elmlərin tələblərinə cavab verən kitabları kənara qoyaraq, bədii əsərlərə istinad etmək və onun əsasında qəti hökm çıxarmaq qətiyyən düzgün deyil. Halbuki, "Hədiqətüs-süəda"dakı bir çox məqamlar, məsələn, elə Kərbəla şəhidlərinin adı, Qasimin toyu və sair mövzular başqa etibarlı mənbələrlə dərin ziddiyyət təşkil edir. Ümumiyyətlə, Füzuli özü də etiraf etmişdir ki, əsəri yazarkən, Molla Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" kitabını əsas mənbə kimi götürmüşdür. "Rövzətüş-şühəda" isə, məşhur müsəlman tədqiqatçı alimləri tərəfindən təhriflərlə dolu kitab kimi tənqid olunmuşdur (bax: Şəhid Mütəhhəri – "Həmaseyi-Hüseyni" kitabı).

 

Nəhayət, üçüncüsü, "Hədiqətüs-süəda"da Füzulinin Müslimi-Azərbaycani kimi təqdim etdiyi şəxsin başına gələn hadisələri digər kitablardakı məlumatlarla müqayisə etdikdə görürük ki, söhbət sənədli tarix kitablarında Müslim ibn Övsəcə Əsədi kimi xatırlanan şəxsdən gedir. Füzuli qeyd edir ki, Müslimi-Azərbaycani döyüşüb ağır yaralarla meydana yıxılanda, İmam Hüseyn (ə) Həbib ibn Müzahirlə birlikdə onun başı üstünə gəldi, can verməkdə olan Müslimə xitabən buyurdu: "Ey Müslim, əhli-behiştə salamımı yetir ki, mən də mütəaqib gəlməkdəyəm".

 

Həbib ibn Müzahir öz köhnə dostu Müslimə söyləyir: "Ey Müslim, əgər bilsəydim səndən sonra qaldığımı, iltimasi-vəsiyyət edərdim". Bu zaman Müslim son sözlərini söyləyir: "Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canın fəda qılasan və onun xidmətin səadəti-dünyavü axirət biləsən". Bunu deyib, Müslim canını tapşırır. Bütün bu detallar bəzi xırda əlavələrlə tarixi mənbələrdə Müslim ibn Övsəcə barəsində yazılmışdır.

 

Sonra Füzuli Müslimin oğlunun da döyüş meydanına girib mübarizə apardığını və şəhid olduğunu yazır ki, bu məlumatı da heç bir mötəbər mənbə təsdiq etmir.

 

MÜSLİM KİMDİR?

 

Müslim ibn Övsəcə ibn Səd ibn Sələbə ibn Dudan ibn Əsəd ibn Cüzeymə Əbu Məcd Əsədi Bəni-Əsəd qəbiləsinin böyüklərindən olub, Kufədə yaşayırdı. Tarix kitablarında onu Məhəmməd Peyğəmbərin (ə) səhabələri sırasında qeyd etmişlər. Müslim Həzrət Əlinin (ə) silahdaşlarından olmuş, onun qoşununun tərkibində bütün döyüşlərdə iştirak etmişdir.

 

İmam Hüseyn (ə) əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərəndə , Müslim ibn Övsəcə onunla beyət edir və gələcək qiyam üçün silah tədarükü görməyə başlayır. Müslim ibn Əqil onu Bəni-Əsəd və Bəni-Məzhic qəbilələrindən olan Əhli-beyt tərəfdarlarının başçısı təyin edir. İbn Ziyadın gəlişi ilə Kufədə vəziyyət dəyişdikdən və Müslim ibn Əqil şəhid edildikdən sonra Müslim ibn Övsəcə Həbib ibn Müzahirlə birlikdə gecə vaxtı şəhərdən çıxıb, Kərbəlaya gəlir və İmam Hüseynə (ə) qoşulur.

 

Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarına dağılışıb-getmələri üçün icazə verərkən, başqaları kimi Müslim ibn Övsəcə də etiraz edir və söyləyir: "…Bu düşmənlərin sinəsini nizəmlə deşəcəyəm, qılıncım əlimdən düşənə kimi onlarla vuruşacağam. Əgər silahım olmasa, daş götürüb ölənə kimi vuruşacağam, amma səni tək buraxıb getməyəcəyəm! Vallah, əgər bilsəm ki, məni öldürüb sonra dirildəcəklər, diri-diri yandırıb külümü havaya sovuracaqlar və bu işgəncə yetmiş dəfə təkrar olunacaq, yenə də səni tərk etmərəm! Halbuki, burada qalıb döyüşsəm, bircə dəfə öldürüləcəyəm, əvəzində əbədi kəramət və ləzzət qazanacağam!"

 

MÜSLİM İBN ÖVSƏCƏNİN AZƏRBAYCANLA NƏ KİMİ ƏLAQƏSİ VARDIR?

 

Yuxarıdakı məlumatlardan göründüyü kimi, Müslim ibn Övsəcənin azərbaycanlı olması sadəcə mümkün deyildir. Çünki onun özünün, atasının, ulu əcdadlarının adı sırf ərəb mənşəlidir. Müslim mənşəcə ərəb qəbiləsindən olan Bəni-Əsədə mənsubdur. Və nəhayət, "Hədiqətüs-süəda"dan başqa heç bir mənbədə Müslimə "Azərbaycanlı" ləqəbi aid edilməyib.

 

Qarşıya belə bir sual çıxa bilər: Bəs, nə üçün Füzuli onu öz kitabında "Müslimi-Azərbaycani" adlandırmışdır? Doğrudanmı, Füzuli kimi mükəmməl dini savada malik bir şair səhv edib?

 

Məsələ burasındadır ki, Füzuli "Müslimi-Azərbaycani" yazarkən, heç də Müslimin əsil-nəsəbcə azərbaycanlı olduğunu iddia etməmişdir.

 

Müasir oxucular "Hədiqətüs-süəda"nın mətnini oxuyarkən, sözlərin zahiri mənasını əldə əsas tutaraq, tələsik nəticə çıxarırlar. Füzuli əslində Müslim ibn Övsəcənin həyatında Azərbaycanla bağlı bir məqamı əsas tutaraq, onun adını Azərbaycanla əlaqələndirmişdir.

 

Müslimin həyatında Azərbaycanla bağlı bu məqamı öyrənmək üçün mərhum İmadzadə İsfahaninin "İmam Hüseynin (ə) həyatı" kitabına müraciət edək: "Şəbi yazır ki, Müslim şücaətli və qəhrəman adam idi; cihadlara və Azərbaycanın fəthi kimi İslam fəthlərinə aid mənbələrdə onun adı çox xatırlanmışdır" (səh. 522).

 

Yenə həmin kitabda müəllif Müslimin şəhadətini təsvir etdikdən sonra yazır ki, düşmən qoşununun başçılarından olan Şibs ibn Rəbi öz silahdaşlarına xitabən dedi: "Görün necə bir şəxsiyyət öz canını Hüseynə (ə) fəda etdi. Mən Azərbaycanın fəthi zamanı Müslimin göstərdiyi igidliyi heç vaxt unutmaram".

 

Hədis və tarix elminin ustadlarından sayılan mərhum Şeyx Şeyx Abbas Qummi "Nəfəsül-məhmum və nəfsətül-məsdur" əsərində bu məsələyə daha da aydınlıq gətirərək yazır: "Düşmən qoşunundan Əmr ibn Həccacın dəstəsi şadlıq edib çığırmağa başladılar ki, "Müslim ibn Övsəcəni də öldürdük". Bu zaman Şibs öz ətrafındakılara acıqlanıb dedi: "Ananız halınıza ağlasın! Sevinirsiniz ki, Müslim ibn Övsəcə kimi adamı öldürmüsünüz? İman bəslədiyim Allaha and olsun ki, mən Müslimi müsəlmanlar üçün iftixarlı olan döyüş meydanlarında görmüşəm. Azərbaycanın fəthi zamanı Sələq döyüşündə hələ müsəlman süvariləri öz yerlərindən tərpənməmişdilər ki, Müslim düşməndən altı nəfəri öldürdü" ("Nəfəsül-məhmum və nəfsətül-məsdur", səh. 120). Bu hadisəni məşhur tarixçi Təbəri də qeyd etmişdir.

 

Beləliklə, bu qaranlıq məsələ də aydın oldu. Mərhum Füzuli Müslimi Azərbaycanlı olduğuna görə deyil, Azərbaycanın fəthində şücaət göstərdiyi üçün "Azərbaycani" adlandırmışdır. Ümumiyyətlə, ərəblərin adətincə, bəzən çox mühüm bir döyüşün iştirakçılarını öz əsil-nəsəbləri ilə yanaşı, həm də həmin döyüşün adı ilə çağırırlar. Yaxşı məlumdur ki, İslam tarixinin həlledici nöqtələrindən sayılan Bədr savaşının iştirakçıları "Bədri" ləqəbini daşıyırdılar. Bədrilər bütün səhabələr arasında xüsusi ehtiram sahibi idilər. Bu təbəqənin nümayəndələri fəzilətli, adil və doğrucul olduqlarını öz qanları bahasına sübut etdikləri üçün, onların şahidliyi xüsusilə mötəbər sayılırdı.

 

Bu ənənəvi üsluba riayət edən Füzuli də Müslim ibn Övsəcənin Azərbaycan fəthində müstəsna xidmətlərini nəzərə alaraq, onun adına "Azərbaycani" fəxri ləqəbini qoşmuşdur.

 

Qeyd etmək yerinə düşər ki, Müslim ibn Övsəcənin Azərbaycanda göstərdiyi igidlik barədə Təbəri tarixində, Şeyx Abbas Qumminin "Müntəhal-amal", Seyyid Rza Sədrin "Pişvaye-şəhidan" (Şəhidlərin rəhbəri), Seyyid Mustafa Hüseyni Dəştinin "Məarif və məariyf", Seyyid İbrahim Musəvi Zəncaninin "Vəsilətüd-dareyn" kitablarında və sair mənbələrdə məlumat verilmişdir.

 

Natiq Rəhimov

 

Tarixi saxtalaşdırmaq hesabına şərəf qazanmaq olmaz!
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap