Deputatlar arasında mübahisə: Banklar insanlara zülm edir
Posted on : qafqaz 10/16/2017 1:00:16 PM
"Azərbaycanda bu gün ən ciddi problemlərdən biri bank sisteminin sağlamlaşdırılması ilə bağlıdır".
Əli Məsimli:
Banklar insanlara zülm edir
Vahid Əhmədov:
''Bank rəhbərləri hamısı milyonerdir''
"Azərbaycanda
bu gün ən ciddi problemlərdən biri bank sisteminin sağlamlaşdırılması ilə
bağlıdır".
Bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kredit
Büroları haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid
Əhmədov deyib.
Maliyyə
Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan V.
Əhmədov qeyd edib ki, qurum bu müddət ərzində çox ciddi işlər görüb:
"Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan
iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq
lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq.
Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır".
Maliyyə
Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova
bu cür cavab verib: “Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”.
Cavabında Vahid
Əhmədov Rüfət Aslanova bu sözləri deyib:
“Burada bank
sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri
hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə
də sadə vətəndaşlara olur. Dövlət başçısı harda səfərdə olursa deyir ki, dövlət
arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu
cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müyyən
insanlar dayanır. Amma belə də olmaz axı... “Royal Bank” bağlandı. Bu günə qədər
də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar”
Deputat Əli Məsimli
isə bildirib ki, banklar insanlara zülm edir: "Bizə çoxsaylı şikayətlər
daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri
var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib.
Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə
çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir.
Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində
olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan
yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları
idarə edir".
Növbəti dəfə
söz alan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri
Rüfət Aslanlı deputat Məsimliylə də razılaşmayıb: "Devalvasiyadan əvvəl
xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi.
Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq
lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi
kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar
krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib.
Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə
bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim
qurum dövlətin, xalqın maraqlarını qoruyur".
R. Aslanlı
bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb:
"2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir.
Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb
olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq
qalır".
APA, modern.az