Kərbəla qatilləri seriyasından: Havli bin Yezid Əsbəhi
Posted on : Aşura 10/16/2017 1:00:16 PM
Kərbəla qatilləri seriyasından: Havli bin Yezid Əsbəhi
Havli bin Yezid
Əsbəhi Aşura günü İmam Hüseynin (ə) uşaqlarını və köməkçilərini öldürən qatillərdən
biridir. Bəzi rəvayətlərə əsasən, İmam Hüseynin (ə) başını kəsən şəxslərdəndir.
Həyatı
Nə zaman anadan
olduğu məlum deyil. Tanınmış bir nəslin nümayəndəsi deyil və tarixi
kitablarında qeydiyyata düşməyib. Atası Yezid Əsbəhidir və Humeyr qəbiləsindən
olduğu bildirilir. Adı Aşura hadisəsində zikr edilir və İmam Hüseynin (ə)
qatillərindən biri kimi sayılır. Muxtar Səqəfinin adamları tərəfindən hicrətin
66-cı ilində öldürülüb.
Aşura günü
Havli bin Yezid
Cəfər ibn Əli və Osman bin Əlinin qatili kimi də tanınır. İmam Hüseyn (ə)
aldığı yaralardan yorulub taqətsiz hala düşdükdə Havli Şimrin və Sinan bin
Malik bin Ənəs Nəhainin təhrikləri ilə İmamın başını bədənindən ayırmağa
çalışıb, ancaq əl və ayaqları titrəməyə başlayıb və Həzrətin başını kəsə bilməyib.
Sinan ona hirslənərək özü İmamın (ə) başını kəsib. Bəzi tarixçilərin rəvayətinə
görə, İmam Hüseynin (ə) başını Havli bədənindən ayırıb, ancaq tarixçilərin çoxu
onu İmam Hüseynin qatillərindən hesab olunmasına baxmayaraq, başını kəsdiyini
qeyd etməyiblər.
Aşuradan sonra
Nəql edildiyinə
görə, Ömər bin Səd İmam Hüseynin (ə) kəsik başını Havli bin Yezid Əsbəhiyə
verib və ordudan əvvəl Kufəyə gedərək Ubeydullah bin Ziyada göstərməsini, İmam
Hüseynin (ə) öldüyünü ona xəbər verməsini istəyib. Havli gecə vaxtı Kufəyə
çatıb və gecə evində yataraq, səhər Darul-İmarətə getmək istəyib. O, İmam
Hüseynin (ə) kəsik başını evinə aparıb və nəql edildiyinə görə təndirə qoyub.
Hadisədən xəbər tutan Havlinin həyat yoldaşı buna görə ona lənətlər
yağdırıb.
Ölümü
Muxtar Kufəyə
hakim olduqdan sonra Kufənin hərbi qüvvələr komandiri Əbu Ümrə Keysanini İmam
Hüseynin (ə) qatillərinin dalınca göndərir. Bunlardan biri də Havli bin Yezid
idi. Havli Muxtarın adamlarının evinin qarşısında olduğunu bildikdə, tualet
quyusunda gizlənir. Əbu Ümrə Keysani onun həyat yoldaşından Havlinin yerini
soruşur. Etdiyi əmələ görə onsuz da Havlidən nifrət edən həyat yoldaşı ərinin
yerini ona göstərir. Muxtarın adamları onu bayıra çıxararaq Muxtarın hüzuruna
aparırlar. Muxtar Havlini evinin yaxınlığında öldürülməsini və cəsədinin
yandırılmasını əmr edir.