KƏRBƏLA ŞƏHİDİ: ƏMR İBN QƏRƏZƏ
Posted on : Aşura 10/16/2017 1:00:16 PM
KƏRBƏLA ŞƏHİDİ: ƏMR İBN QƏRƏZƏ
Xəzrəc tayfasından olan Əmr ibn
Qərəzə ibn Kəb Ənsari imam Hüseynin (ə) vəfalı və fəal səhabələrindən idi.
Nəsil-nəcabəti mədinəlidir və özü Kufədə yaşayırdı. Onun atası Qərəzə İslam
Peyğəmbərinin (s) səhabələrindən olmuş və “Ühüd” döyüşündə o həzrətin rikabında
döyüşmüşdür. Xəzrəc qəbiləsinin hədis ravilərindən olan Qərəzə Kufəyə hicrət
edərək imam Əlinin (ə) dostları sırasına qoşulur və o həzrətin döyüşlərində
iştirak edir. İmam Əli (ə) onu bir müddət Fars vilayətinə vali təyin edir.
“Siffeyn” döyüşünadə o həzrətin ordu sərkərdələrindən olur və nəhayət, 51-ci
hicri-qəməri ilində əbədiyyətə qovuşur.
Kərbəla cərəyanında Əmr ibn
Qərəzə Kufədən Kərbəlaya gələrək özünü imam Hüseynə (ə) yetirir. Tarixdə
göstərilir ki, Məhərrəm ayının 7 və ya 8-ci günlərinin birində imam Hüseyn (ə)
öz dostlarından olan Əmr ibn Qərəzə Ənsarinin vasitəsi ilə Yezid ordusunun
sərkərdəsi Ömər ibn Sədə xəbər göndərir ki, İmam (ə) onunla görüşüb söhbət
etmək istəyir. Ömər Səd də bu təklifi qəbul edir. İmam Hüseyn (ə) gecə yarısı
iki qoşunun arasında qurulmuş çadırda Ömər Sədlə görüşür. İmam Hüseyn (ə) onu
nəsihət etsə də, faydası olmur.
Tarixdə yazılır ki, Aşura günü
Əmr ibn Qərəzə imam Hüseyndən (ə) döyüş meydanına yollanmaq üçün icazə istəyir.
İmamdan (ə) icazə aldıqdan sonra meydana qədəm qoyur və meydana doğru hərəkət
edərkən bu rəcəzi oxuyurdu:
قَدْ
عَلِمَتْ کتیبَةُ الانْصاری
انّی سَاحْمی حَوْزَةَ الذَّماری
ضَرْبَ
غُلامٍ غَیرَ نَکسٍ شاری
دُونَ
حُسَینٍ مُهْجَتی وَداری
“Ənsar ordusu yəqin bilir ki, mən şərəf və
namusumu himayə edəcəyəm. Mənim zərbələrim gənc bir insanın zərbəsi kimidir,
zəif və gücsüz deyil! Canım və malım Hüseynə qurban olsun!” (“Tarixi-Təbəri”,
5-ci cild, səh.434.)
Aşura günü zöhr namazı vaxtı
imam Hüseyn (ə) namaza başlayır. Əmr ibn Qərəzə bir neçə nəfər səhabə ilə
birlikdə imam Hüseynin (ə) canını qorumağı öz öhdəsinə götürür.
O, çoxlu bədən yarası aldığı
zaman üzünü imam Hüseynə (ə) tutub deyir:
أَوَفَیْتُ
یا ابْنَ رَسُولِ الله
“Ey Peyğəmbərin (s) övladı!
Əhdimə vəfa qıldımmı?”
İmam (ə) buyurur:
نَعَمْ،
أَنْتَ أَمامِی فِی الْجَنَّةِ فَاقْرَءْ رَسُولَ اللهَ مِنّی السَّلامُ
وَأَعْلِمْهُ أَنّی فِی الاَْثَرِ
“Bəli! Sən cənnətə məndən qabaq
gedəcəksən. Mənim salamımı Rəsulullaha yetir və de ki, mən də səndən sonra
görüşünə gələcəyəm.”
Əmr bu sözləri eşitdikdən sonra
təbəssüm edir və gözlərini yumaraq şəhadətə yetir. (“Əl-məlhuf”, Seyid ibn
Tavus, 1-ci cild, səh.162.)
“Nahiyeyi-müqəddəsə”
ziyarətində belə oxuyuruq:
السَّلامُ
عَلی عمرو بنِ قَرظَةِ الانْصاری
“Salam olsun Əmr ibn Qərəzə Ənsariyə!”
(“Əl-qbal”, Seyid ibn Tavus, 3-cü cild, səh.78.)
Rza Şükürlü