HƏBİB İBN MƏZAHİR – AŞURA KARVANININ YAŞLI QƏHRƏMANI
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Həbib ibn Məzahir 75 yaşında ikən Aşura hərəkatında iştirakı və vilayət xəttini müdafiə edərək şəhadətə yetməsi ilə mənəvi həyatının çiçəkli səhnələrinə imza atdı.
Adı Həbib ibn Məzahir,
Bəni-Əsəd qəbiləsindən və Peyğəmbərin (s) səhabələrindəndir. Peyğəmbərin (s)
“besət”indən (peyğəmbərliyə seçilməsindən) bir il öncə dünyaya göz açmışdır.
Uşaqlıq çağları Peyğəmbərin (s) Məkkədə camaatı tövhid və allahpərəstliyə dəvət
etdiyi dönəmlərə təsadüf etmişdir. Elə gənc ikən Peyğəmbəri (s) yaxından görmək
feyzinə çatmış, dini maarif və İslam təlimlərinin zülal çeşməsi ilə tanış
olmuşdur. O, altı məsumun – həzrət Peyğəmbərin (s), imam Əlinin (ə), imam
Həsənin (ə), imam Hüseynin (ə), imam Səccadın (ə) və imam Baqirin (ə) (dörd
yaşında – Kərbəlada) görüşünə nail olmuşdur.
Nəql olunur ki, bir gün İslam
Peyğəmbəri (s) bir dəstə səhabəsi ilə birgə bir-biri ilə oynayan bir neçə
uşağın kənarından keçərkən, birdən dayanır və uşaqlardan birinin yanına gedib,
əlini onun başına çəkir və alnından öpür. Səhabələr Peyğəmbərdən (s) bunun
səbəbini soruşduqda, Həzrət buyurur: “Bir gün bu uşağın Hüseynimlə oynadığını
və Hüseynin ayaqları altından torpaq götürüb üz-gözünə çəkdiyini gördüm. Mən
onu sevirəm, çünki o da mənim övladımı sevir. Cəbrail xəbər verib ki, o,
Kərbəla vaqiəsində Hüseynimin dostlarından olacaqdır.” (“Müntəxəbüt-təvarix”,
səh.278.)
Yazırlar ki, Peyğəmbərin nəvaziş
etdiyi həmin uşaq Həbib ibn Məzahir olmuşdur.
Həbib İbn Məzahirin elmi: İslam
Peyğəmbəri (s) vəfat etdikdən sonra, Həbib ibn Məzahir imam Əli (ə) ilə beyət
etdi və vilayət xəttində qərar tutdu. Çünki dəfələrlə İslam Peyğəmbərindən (s)
eşitmişdi ki: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Elm istəyən
kəs o qapıdan daxil olmalıdır.” Odur ki, Həbib imam Əlinin (ə)
hüzurundan bəhrələnməyi qənimət bildi və o həzrətin vəfalı dostları və xüsusi
şagirdlərinin sırasına qoşuldu.
Həbib Kufədə şücaətli bir insan
kimi tanındığı halda, həm də gözəl əxlaq, təqva, səxavət və sədaqət sahibi idi.
Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, münazirə və digər sahələrdəki
bilikləri hər zaman başqalarını heyran qoyurdu. İmam Əli (ə) şəhadətə yetəndə,
Həbibin təqribən əlli dörd yaşı var idi. O, həm də gələcəkdə baş verəcək
hadisələr haqda öncədən xəbər verə bilirdi. (“Əmaliye-müntəxəbə”, səh.49.)
Həbib ibn Məzahirin şücaəti: Həbib
ibn Məzahir imam Əlinin (ə) bütün döyüşlərində fəal iştirak etmişdi. O zaman
imam Əlinin (ə) dostları sırasında Kufənin şücaətli və güclü insanlarından
sayılırdı. (“Əbsarul-eyn fi ənsaril-Huseyn (ə))”, Məhəmməd ibn Tahir Səmavi,
səh.56.)
Aşura günü də tam şücaətlə Ömər
Sədin ordusunun önündə dayandı və onlara öyüd-nəsihət etdi ki, bəlkə də yatmış
vicdanları oyansın, nəfsi istəklərə əsir olmaqdan qurtulsunlar.
Həbib ibn Məzahir Aşura
hərəkatının başlağıcından şəhadətə qədər: İmam
Həsənin (ə) şəhadətindən sonra Kufə şiələri imam Hüseynə (ə) məktub yazıb, o
həzrəti Müaviyəyə qarşı qiyama dəvət etdilər. İlk məktub Kufənin dörd böyük
şəxsiyyətinin vasitəsilə yazıldı, Abdullah ibn Müsmə Həmdani və Abdullah ibn
Valın vasitəsilə Məkkəyə, imam Hüseynə (ə) çatdırıldı. Həmin məktubu
tənzimləyən və imzalayan dörd nəfərdən biri də Həbib ibn Məzahir idi. (“Əl-irşad”,
Şeyx Müfid, 2-ci cild, səh.34-35.)
O, Müslüm ibn Övsəcə ilə birgə
Kufədə camaatın imam Hüseynin (ə) səfiri Müslim ibn Əqilə beyət etməsi üçün
gizli fəaliyyətə başladı və bu yolda əlindən gələni əsirgmədi. Kufənin yeni
hakimi İbn Ziyad şəhərə gəldiyi zaman vəziyyət olduqca çətinləşdi. Vəziyyət
çtinləşdikdən sonra camaat Müslim ibn Əqilin ətrafından dağılmağa başladı. Bu
vaxt Həbib ibn Məzahirlə Müslüm ibn Övsəcənin də tayfası onları İbn Ziyadın
qəzəbindən qorumaq üçün gizlədi. Çünki İbn Ziyad bu hərəkatın fəallarını
axtarıb tapır, ya zindana salır, ya da edam etdirirdi.
Həbib ibn Məzahir və Müslüm ibn
Övsəcə imam Hüseynin (ə) karvanının Kufəyə yaxınlaşdığını eşitdikdə, qərara
gəldilər ki, özlərini nə yolla olursa olsun o həzrətə çatdırsınlar. Onlar gecələri
yol gedir, gündüzləri isə dincəlirdilər ki, İbn Ziyadın məmurlarına əsir
düşməsinlər. Nəhayət, Məhərrəm ayının 7-ci günü Kərbəlada imam Hüseynin (ə)
karvanına qoşuldular. (“Əyanuş-şiə”, 4-cü cild, səh.554.)
Həbib ibn Məzahir Kərbəlaya
çatcaq, əməl meydanında sədaqət və vəfadarlığını öz İmamına (ə) göstərdi. Belə
ki, İmamın (ə) dostlarını az, düşməni isə çox gördükdə, İmama (ə) dedi: “Bu
yaxınlıqda Bəni-Əsəd adlı bir qəbilə yaşayır. Əgər icazə versəniz, onların
yanına gedib, onları sizə yardım etmək üçün dəvət edim. Bəlkə, Allah onları
hidayət etdi!” İmam Hüseyn (ə) ona icazə verdikdən sonra, o, sürətlə özünü
həmin qəbiləyə yetirdi, onlara öyüd-nəsihət edib, yenidən imam Hüseynin (ə)
yanına qayıtdı. (“Əbsarul-eyn fi ənsaril-Huseyn (ə)”, səh.57.)
Bəni-Əsəd tayfası imam Hüseynə
(ə) qoşulub yardım etməyə hazır olduğunu elan etsə də, Ömər Sədin onların
arasındakı casusu hər şeyi alt-üst etdi və Ömər Səd beş yüz süvari ilə onların
hərəkətinin qarşısını aldı. Bəni-Əsəd qəbiləsi Aşura günü imam Hüseynə (ə)
yardım edə bilməsə də, faciədən sonra qanlı Kərbəla meydanına gəlib cənazələri
torpağa tapşırdı.
Həbib ibn Məzahirin şəhadəti: Onun
şəhadət üçün ürəyi döyünürdü. Aşura gecəsi öz Məbudu ilə münacat, raz-niyaz
edir, Aşura gününün çatacağını səbirsizliklə gözləyirdi ki, canını öz
mövlasının rikabında fəda etsin! Nəhayət, fədakarlıq növbəsi ona çatdıqda, gənc
ruhiyyəli o yaşlı mübariz döyüş meydanına yola düşdü. Həbib düşmənlə döyüşərkən
belə bir rəcəz oxuyurdu:
اَنا حَبیبُ وَ اَبی
مظاهر
فارِسُ هَیجا و حَرْبُ تُسَعِّر
اَنتُم اَعَدُّ عُدَّةٍ وَ اَکثَر
وَ نَحنُ اَوفی مِنکُم وَ اَصْبَر
وَ نَحنُ اَعلی حُجَّةٍ وَ
اَظْهَر
حَقّاً وَ اَتقی مِنکُم وَ اَعذَر
“Mən Həbibəm, Məzahirin oğlu! Döyüş odu
qalandıqda, meydanın qəhrəmanıyam. Sizin sayınız çox olsa da, sizdən vəfalı və
səbirli, dəlil-sübutumuz möhkəm, haqqımız aşkardır, sizdən təqvalı və
möhkəmik!”
Həbib yaşlı olsa da,
qəhrəmancasına döyüşdü və yetmiş beş yaşında ikən şəhadətə yetməklə Allahın
rizvanını qazandı. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, səh.430.)
Rza Şükürlü