”QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
”QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ
Allah-Taala
Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində İslam Peyğəmbərinə (s) xitabən
buyurur:
يَا
أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ
تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ
اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ya Peyğəmbər!
Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun
risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən
təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”
Şiə və əhli-sünnə
alimlərinin kitablarında bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi ilə əlaqədar
nazil olduğu göstərilmişdir. Belə ki, İslam Peyğəmbəri (s) ömrünün sonuncu
ilindəki həcc mərasimini (“Həccətül-vida”nı) yerinə yetirib geri döndükdə və “Qədir-Xum”
adlı məntəqəyə çatdıqda, bu ayə nazil olaraq, o həzrətə imam Əlinin (ə) imamət
və xilafət məqamına təyin olunması haqda göstəriş verildi. Peyğəmbər (s) də
hacıları həmin məntəqədə bir yerə toplayıb, Allaha həmd-səna dedikdən sonra
imam Əlinin (ə) özündən sonra xəlifə olacağını onlara elan edərək buyurdu: “Mən
kuntu məvlahu, fəhaza Əliyyun məvlahu!” – “Mən hər kəsin mövlasıyamsa, bu Əli
də onun mövlasıdır!”
Verilən ayə özü
müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:
1. Ayədən məlum
olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malikdir. Hətta Allah tərəfindən
Peyğəmbərə (s) göstəriş verilir ki, mütləq onu xalqa çatdırsın. Əgər
çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik
qədər ağır vəzifədir. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi
yarımçıq qalacaqdı!
2. Bu ilahi əmr,
sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı
deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam Peyğəmbərinə (s)
nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə
nazil olanda, artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan
edilmişdi.
3. Ayənin ifadələri
göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və
bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-Taala o həzrətə
qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların
ehtimal verilən təhlükələrindən) qoruyacaq!” Ayənin sonunda daha təkidlə
buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”
Bu ifadə qəti şəkildə
bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir. Bəli, Peyğəmbərin (s)
risalət və peyğəmbərliyi qədər mühüm olan, müxaliflərin sərt mövqe
tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz
imam Əlinin (ə) xilafət və imamət məsələsi idi!
Əhli-sünnə
alimlərinin bir çoxu Peyğəmbəri-Əkrəmin “Mən kuntu məvlahu, fəhaza Əliyyun məvlahu!”
– “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır!” kəlamındakı
“mövla” sözünü “dost” mənasında təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər
göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “başçı” və “rəhbər” mənasını
ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
1. O zaman imam
Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məsələ
deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini (ə) sevməkdirsə,
onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin
(s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac
var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birilə qardaşdırlar.
(“Hücurat”/10.) “Tövbə” surəsinin 71-ci ayəsində də buyurulur: “Mömin kişilər və
mömin qadınlar bir-birinin dostudur!”
Bir sözlə,
İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir.
Bu, İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu buyurmuş və
təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki,
Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.
2. Peyğəmbəri-Əkrəmin
(s) buyurduğu “Qədir-Xum” hədisindəki “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı
əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla
uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə)
sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyi eynidir. Burada bundan
başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
3. Bu tarixi hadisədə camaat, xüsusilə, Əbu Bəkr və Ömər tərəfindən
Əliyə (ə) deyilən təbriklər o həzrətin xilafət məqamına nail olmasını bir daha
təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan
olunmasında təbrikə ehtiyac duyulmur. Məşhur əhli-sünnə alimi Əhməd ibn Hənbəlin
“Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə (ə)
dedi:
هَنِيئاً
يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə,
ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.” (“Müsnədi-Əhməd”,
4-cü cild, səh. 281.)
Fəxri-Razinin
“təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:
هَنِيئاً
لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə! Sən
mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər
onu özünün və bütün möminlərin mövlası, rəhbəris hesab etdi.
“Tarixi-Bağdad”
kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu
Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”
(“Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.)
“Feyzül-qədir”
və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm
də Ömər demişdir. (“Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh.
107.)
Aydındır ki,
möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasimin qurulmasına
ehtiyac yoxdur. Deməli, hədisdəki “mövla” sözü imam və rəhbərdən başqa bir məna
daşıya bilməz.
4. Peyğəmbəri-Əkrəmin
(s) buyruqlarından sonra Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri müddəamıza
canlı bir şahiddir:
يُنادِيهِمْ
يَوْمَ الْغَدِيرِ نَبِيُّهُمْ بِخُمٍّ
و اسمع بِالرَّسُولِ مُنَادِيًا
بِاَنِّى
مَوْلاَكُمْ نعم وَ نَبِيُّكُمْ فَقَالُوا
و لم يبدوا هُناكَ التعاميا
إلهك
مَوْلاَنَا وَ اَنْتَ وَلِيُّنَا وَ لا تجدن فِى الْخَلْقِ لِلْاَمْرِ عَاصِيًا
فَقَالَ
لَهُ قُمْ يَا عَلِىُّ فَإِنَّنِى رَضَيتُكَ مِنْ بَعْدِى اِمَامًا وَ هَادِيًا
“Qədir-Xumda Peyğəmbərin
nidası,
Yayıldı
carçısıyla hər sədası.
Dedi: “Kimdir
sizin mövla, nəbiniz?”
Bir ağızdan:
“Allah bizim Rəbbimiz!
Ondan sonra sən
də peyğəmbərimiz!
Vilayətə asi
olmaz birimiz!”
Peyğəmbərin
Əliyə buyruğuyla:
“Qalx ayağa, həqiqət
sorağıyla.
Məndən sonra
imam, hidayətçisən,
Mövlası
olduğumun rəhbərisən!
Bəs, itaət edin
buyruqlarıma,
Allahdan əmanət
qoyduqlarıma!
“İlahi! Onu sevən
hər kəsi, sev Sən də!
Düşmən olan hər
kəsə, düşmən ol Sən də!”
(“İmamət Haqqın
dili ilə”, Ayətullah Məkarim Şirazi, “Təbliğ” ayəsinin təfsiri.)
Rza Şükürlü