Füzuli və Cəbrayıl rayonlarının işğalından 23 il ötür
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il ötür.
Füzuli rayonu
23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi
sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi)
125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad
olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qəsəbələrdən
12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti
olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili
döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli
rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Erməni işğalı
altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda
ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı
istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına
yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları
13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Rayon ərazisində
yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi
pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
1960-80-ci illərdə
Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə
yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən
keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii
sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan
sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən
dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
1. Geniş meşə
massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.
2. Qoçəhmədli kənd
yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.
3. Yağlıvənd kəndində
kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.
4. 2006-2009-cu
illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən
yandırılıb.
Bu gün Cəbrayıl
rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 23 il ötür. Erməni
işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 mülki şəxs
dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində
180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın
Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ərazisi 1050
kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən
tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi
abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər
şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə
Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Zəngin yeraltı
sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına
yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf,
ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu,
ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil,
ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli
vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min
ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min
kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm
və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Rayonda yaşı
200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin
Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl
rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli
ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər,
qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri,
mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən
dağıdılaraq məhv edilib.
2006-2007-ci
illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində
yanğınlar törədilib. |