Dövlət Komitəsi: "Azərbaycanda nurçuların dərsxanaları var"
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Ümumiyyətlə, nurçular və FETÖ camaatını ayrı-ayrı qiymətləndirmək lazımdır.
Klassik
nurçular siyasətə qarışmadıqlarını bəyan edirlər. Fəthullah Gülən camaatının fəaliyyəti
barədə biz illər öncə müzakirələr aparırdıq, danışırdıq və KİV vasitəsilə
çıxışlar edirdik.
İslaminSesi
bildirir ki, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin
Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib: “Türkiyədə bu
hadisə baş verənə qədər biz Azərbaycanda bu təşkilatın savadlı insanları ələ
almaqla dövlətin işinə müdaxilə etdiyini proqnozlaşdırırdıq. Türkiyədəki son
hadisələr bunu göstərdi ki, onların planları baş tutmayanda silaha əl atır,
çevriliş və qiyam etməkdən çəkinmirlər. Qeyd edim ki, biz bu qrupa qarşı Türkiyədən
öncə mübarizə aparmışıq. Bəziləri qeyd edir ki, Türkiyədən sonra bu şəbəkənin
ikinci geniş yayıldığı ölkə Azərbaycandır, amma bu belə deyil”.
O, qeyd edib
ki, hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə Gülənin dini
kitablarının, eləcə də onun çıxışlarından ibarət audio-video materialların kütləvi
şəkildə ölkəyə gətirilməsi və yayılması Dövlət Komitəsi tərəfindən məqsədəuyğun
hesab edilməyib. Azərbaycanda istər hüquq-mühafizə orqanları, istərsə də
müvafiq qurumlar bu istiqamətdə lazımi fəaliyyət göstərib: “Biz bu şəbəkəni əvvəldən
təhlükə mənbəyi kimi görmüşük. Uzun illərdir ki, biz Fəthullah Gülənlə bağlı
kitabların ölkəyə idxalına icazə vermirik.
Çünki onun
ideyaları savadlı kadrları tapmaq, onları yüksək səviyyədə təhsil verməklə
yetişdirmək və müəyyən qurumlarda yerləşdirmək yolu ilə həmin orqanlarda gücə
çevirməkdən ibarətdir. Bu tendensiya çoxdan müşahidə olunur. Ona görə də onun
dinlə bağlı ədəbiyyatlarının ölkəyə gətirilməsinə razılıq verməmişik. Amma Gülən
haqqında yazılmış, eləcə də onun müsahibələrindən ibarət müxtəlif dillərdə
yazılmış çoxsaylı dini olmayan ədəbiyyatlar da var. Bu ədəbiyyatlar dini ədəbiyyat
hesab olunmadığına görə bizim onlara rəy vermək səlahiyyətimiz yoxdur”.
"Azərbaycanda
nurçular və FETÖ-çülərlə bağlı icma fəaliyyət göstərirmi" sualına
cavabında şöbə müdir bildirib ki, Azərbaycanda hazırda dövlət qeydiyyatından
keçən belə bir təşkilat yoxdur: Bir məsələ də var ki, hər hansı bir radikal və
bölücü təriqət düşüncəsində olan insanların rəsmi icmasının olması mümkün
deyil. Çünki icmalar qeydiyyata alınarkən yoxlamalar aparılır. Bu cür təşkilatlar
yalnız qanundan kənar, gizli formada toplaşa, fəaliyyət göstərə bilərlər.
Məsələn,
bilinir ki, nurçuların müəyyən formada dərsxanaları var və həftənin bəzi günlərində
toplaşırlar. Bu barədə məlumatlar var. Amma Gülən şəbəkəsi gizli fəaliyyət göstərir
ki, onlar məqsəd və məramları, bəzən dini kimlikləri də bəlli olmadan müəyyən
sahələrdə oturuşmağı bacarırlar. Təbii ki, söhbət Azərbaycandan deyil, başqa
ölkələrdən gedir”.