Bu dəyişikliklər monarxiyanın yaradılmasına xidmət edir
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Mövsüm Səmədov, Azərbaycan İslam Partiyasının lideri
Xalqımızın narahatlığına səbəb olan,
sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum
gündəmdədir və əsas müzakirə mövzularından biridir. Təəssüflər olsun ki, bu
mühüm və taleyüklü məsələ hələ də xalqdan xəbərsiz saxlanılaraq, ictimai
müzakirəyə çıxarılmır. Ana Qanuna təklif olunmuş 30-a yaxın dəyişiklikdən bir
hissəsi daha çox diqqəti cəlb edir. Onlardan prezidentlik müddətinin 5 ildən 7
ilə qaldırılması; vitse-prezidentlik inistitutunun yaradılması; prezidentin
parlamenti buraxması; növbədənkənar prezident seçkilərinin təyin edilməsi;
prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətlərinin aradan qaldırılmasını
qeyd edə bilərik.
Bu dəyişikliklərdən xüsusən yuxarıda
qeyd etdiklərimiz mövcud konstitusiyanın özü ilə də ziddiyyət təşkil edir.
Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi hüquqi dövlətin təməlini
sual altına alır. Çünki qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti yalnız
və yalnız qanuna tabedir. Hakimiyyətin hər bir qolu da özü-özlüyündə müstəqildir,
biri digərinə nisbətdə yalnız tənzimləyici rol oynayır. Prezidentə yeni səlahiyyətlərin
verilməsi faktiki olaraq, bu mexanizmin pozulmasına səbəb olur. Bu da hüquqi
dövlətin prinsip və konsepsiyasına ziddir və belə olan halda, onsuz da formal
xarakter daşıyan parlament öz faliyyətində atrofiyaya uğrayaraq
qeyri-funksional vəziyyətə düşmüş olur.
Referendum aktı layihəsində yeni
vitse-prezidentlik insititutunun yaradılması nəzərdə tutulur və göstərilir ki,
Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri
prezident tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Xalq tərəfindən
seçilməyən və heç bir mandatla təmin olunmayan bu salahiyyətlərin icrası Azərbaycan
konstitusiyasının digər maddəsinə ziddir. Həmin maddədə deyilir ki, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni,
yalnız xalq tərəfindən mandat verilmiş şəxs xalqın idarəçiliyində səlahiyyətli
sayıla bilər.
Digər tərəfdən, bu referendum aktı ölkəmizin
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də kəskin ziddiyyət təşkil edir .
Prezident və parlamet seçkilərində namizədlərin
yaş məhdudiyyətinin aradan götürülməsi ölkədə yeni monarxiya üsulunun
yaradılmasına zəmin yaratmaqdan başqa bir şey deyil. Bundan başqa, layihədə
insan və vətəndaş hüquq və azadlıqlarını (mülkiyyət, sərbəst toplaşmaq, məlumat
almaq və s.) məhdudlaşdıran digər mürtəce dəyişikliklər də nəzərdə tutulub.
Təəssüf ki, Azərbaycan hakimiyyətinin
idarəetmə üsulu Stalin prinsiplərindən heç də fərqlənmir. Hesab edir ki, hər nə
qanun istəsə, xalqa qəbul etdirə bilər. Bu cür yanaşma, sözsüz ki, Azərbaycan
xalqının əhval-ruhiyyəsindən uzaqdır. 1988-ci ildəki Topxana, 1990-cı ildəki 20
Yanvar hadisələrində biz bunun şahidi olmuşuq. Ümid edirəm ki, Azərbaycan xalqı
öz müqəddəratının həllində artıq nə Qərbdən, nə də Şərqdən kömək gözləyəcək.
Xalqımız başa düşür ki, özü öz taleyinə
məsuliyyətli olmasa, səadət qapıları onun üzünə açılmayacaq. Referenduma etiraz
etmək hər bir azərbaycanlının vətəndaş kimi borcudur və bu yolun sadiq
yolçularına uğurlar arzulayıram./azadlıq/