Nardaran işində: "Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər"
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Nardaran işində: "Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər"
Bizi mebel
maşınına atandan sonra soruşdular ki, "Taleh kimdi?" Üzümü çevirdilər,
bu məqamda elə bir zərbə vurdular ki, burnumun skelet sümüyü sındı. Bir də
baxdım ki, 2-3 saniyədən sonra yerdə qan gölməçəsi yaranıb.
Ürəkləri
soyumadı, əllərim arxadan bağlı vəziyyətdə yerə uzatdılar. Biri ayağını belimə
qoyub, çiyinlərimdən tutub arxaya dartırdı. İki dəfə dartdı, belimi sındıra
bilmədi. Əsəbiləşib, məni üzü üstə çırpdı yerə..."
Bunu "Müsəlman
Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Taleh Bağırov avqustun 17-də məhkəmədə
ifadə verərkən deyib.
“ŞALVARIMI
ÇIXARDILAR”
O bildirib ki,
ötən məhkəmə iclaslarında ifadəsində bir sıra detallara toxunmayıb:
"O qədər
alçaq hərəkətlər eləyiblər ki, adam məhkəmə zalındakı ana-bacılara görə onları
tam açıqlaya bilmir. Təsəvvür edin, maşında mənim şalvarımı da çıxartdılar.
Yaxşı ki, alt şalvarım vardı, onu da çıxarmaq istəyəndə, aralarından biri
qoymadı. Maşında məni döyəndə biri dedi ki, "onu öldürmək olmaz, sağ
lazımdı". Bilirdim ki, məni öldürməyəcəklər, amma şikəst eləmək istədiklərini
görürdüm.
"Bandotdel"ə
çatanda həyətdə yerdə başıma o qədər təpik vurdular ki, qan içində idim. Təpikdən
ayağımın əti qopmuşdu. Qan lopa ilə düşürdü. Elə vəziyyətə düşmüşdüm ki, özüm də
ölmədiyimə təəccübləndim. 2-3 gündən sonra prokurorluğun müstəntiqi gəlib məni
görəndə qorxdu".
“BANDOTDEL”DƏ
İNSANLIQ ÖLÜB”
Nardaran hadisələrinin
Milli Şura, konkret olaraq, şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli
tərəfindən təşkili barədə ifadə verməsi üçün 3 gün ərzində dəhşətli işgəncələrə
məruz qalmasından danışan ilahiyyatçı bütün bunlara görə hakimiyyəti ittiham
edib:
Biz
"bandotdel"də olanda Daxili İşlər Nazirliyinin rəhbərliyi də ora gəlirdi,
Prezident Aparatından da gəlirdilər. Bizə verilən işgəncələrə görə cavabdeh
Prezident Aparatında oturanlardır. Mən orada olarkən bir şeyi başa düşdüm ki,
ermənilər qədər və onlardan daha azğın, vandal təfəkkürlü adamlar var DİN
sistemində. Sanki "bandotdel"də insanlıq ölüb".
Taleh Bağırov
ona xüsusilə Əli Kərimli və Cəmil Həsənli əleyhinə ifadə almaqdan ötrü dəhşətli
işgəncə verənlər arasında Şahlar Cəfərovun adını çəkib:
"Mənə bu
ifadəni almaq üçün üç gün ağlasığmaz işgəncələr verəndə mən oruc tuturdum. Hər
gün gəlib kameradan çıxarıb, başıma torba keçirib aparırdılar, əllərimi
bağlayıb yerə uzadır, kürəyimdə oturub "dubinka" ilə döyürdülər. O qədər
vururdular ki, ayaqlarım şişirdi, tanınmaz hala düşürdüm.
Bir gün, hətta
nəzarətçi kameraya qaytarmağa gələndə məni görüb dəhşətə gəldi. Dedi ki,
"nə istəyirlər, de, canın qurtarsın da". Bildirdim ki, “yox, bunlar
istəyir ki, biz "nakişi" olduğumuzu deyək, buna da imkan vermək
olmaz". Hər dəfə döyülmə qurtarandan sonra Allaha şükr eləyirdim, bunlara
qəribə gəlirdi. Çünki elə əxlaqsız işgəncələr verirdilər ki, onların yanında
"dubinka" ilə ayağın altına vurmaq heç nədir".
“KÜRƏYİMİZDƏ
BOTİNKA İLƏ GƏZİRDİLƏR”
Təqsirləndirilən
Abbas Hüseynovun da ifadəsinə əlavələr olub. Onun əlavələri də əsasən, işgəncələrlə
bağlı idi:
"Yerə
yıxıb kürəyimizdə "botinka" ilə elə gəzirdilər ki, elə bil xalça
üstündədilər. Özümü dövlət binasında yox, əsirlikdə hiss eləyirdim. Bir gün məni
döyən Kərim və Bəxtiyar adlı şəxslərə dedim ki, “bunlara görə nə vaxtsa Allaha
cavab verəcəksiz”. Cavabında onlar mənim dinimi təhqir elədilər. Necə ki,
1990-cı ildə erməni-rus birləşmələri əliyalın adamların üstünə silahlı hücum elədilər,
26 noyabrda da bunlar eyni işi bizim başımıza gətirdilər".
“VƏSİYYƏTİMİ
ELƏDİM”
Təqsirləndirilən
Aqil İsmayılov MCQMİ-də (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi –
red.) məruz qaldığı işgəncələr nəticəsində görmə qabiliyyətini itirdiyini,
burun nahiyəsinə zərbədən indi də çətinliklə nəfəs aldığını bildirib:
"Elə işgəncə
verirdilər ki, sanki bu dövlət bizim qeyrətimizi əlimizdən almaq istəyir. İşgəncələrin
bir hissəsi şəxsiyyətimizin alçaldılmasına yönəlmiş hərəkətlər idi. Elə hərəkətlər
eləyirdilər ki, deyirdim, "çıxarın silahı vurun məni, sizin də canınız
qurtarsın, mənim də". Elə həddə çatdım ki, kamerada Raminə (təqsirləndirilən
Ramin Yəhyayevi nəzərdə tutur) vəsiyyətimi elədim, özümü öldürmək istəyirdim.
Son anda Allahdan qorxdum, intihar edə bilmədim".
“BİZDƏ SİLAH
OLMAYIB”
Məhkəmə
iclasında həmçinin təqsirləndirilən Cabbar Cabbarov ifadə verib. O da insan ləyaqətini
alçaldan işgəncələr altında yalan ifadələrə imza atdığını bildirib.
Bunların ölkədə
qorxduğu adam yoxdur. Dedim ki, Mehriban xanıma şikayət edəcəm, başladılar
söyüş söyməyə. Bu barədə Kürdəxanıdan prezidentə məktub yazdım ki, qoy onun,
xanımının adı çəkiləndə deyilənləri bilsin. Məktubumu göndərmədilər.
Bizə elə işgəncələr
verirdilər ki, məcburam, üstüörtülü də olsa, deyim. Təsəvvür edin, əllərimiz
bağlı vəziyyətdə yerə uzadıb, cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər.
Bu cür əxlaqsız yollarla bizdən ifadə almağa çalışırdılar. O ifadələri özlərinin
çirkin əməllərini ört-basdır eləmək üçün almağa çalışırdılar. Polislər Vüqar və
İsmayılın qanına batan əllərini bu yolla yumaq istəyirdilər. İfadələrdə
boynumuza qoyduqları silahlar da bu məqsədə xidmət edir.
Xüsusən, o
hadisədə dünyasını dəyişən polislərin ailələrinə demək istəyirəm ki, onları elə
özləri öldürüblər. Bizdə silah olmayıb. Onlar qabaqcadan hazırlanmış çirkin əməliyyatla
gəlmişdilər ki, öz əməkdaşlarını öldürüb, bizim boynumuza silah qoyub, sonra da
terrorçu kimi təqdim eləsinlər", – Cabbar Cabbarov ifadəsində deyib.
MEYİTİ HARASA
APARDILAR
Onun sözlərinə
görə, Fərahim Bünyadovu mebel maşınında apararkən avtomatın qundağı ilə gicgah
nahiyəsindən vura-vura öldürüblər, amma iş materiallarında yazıblar ki, o,
polislərə silahlı müqavimət göstərdiyinə görə, onu iki güllə ilə vurublar:
"Bizi
aparanda həyətdən rəhmətə gedənlərdən Rəfael, və Əkbərin də meyiti maşında idi.
Nə qədər amansızdılar ki, meyitlərin üstünə çıxıb təpikləyirdilər.
Mən Xocalı faciəsində
eşitmişdim ki, ermənilər meyitlərin üzərində zorakılıq ediblər. Yolda Rəfael və
Əkbərin meyitini xəstəxanaya morqa təhvil verdilər. Amma Fərahimin meyitini
vermədilər. Bizi "bandotdel"in həyətində düşürəndə meyit maşında
qaldı. Yəqin apardılar meyitə iki güllə vursunlar ki, yazdıqları düz gəlsin.
Bunlar ölüləri də şərləyirlər.
Yazıblar ki,
guya, Sarvanın atdığı qumbaradan iki polis ölüb. Yalandı. Əgər belə idisə, niyə
Sarvanı yaralı vəziyyətdə həyətdə qoyub getdilər? Sarvanı əməliyyatdan sonra Fərhad
(Babayev) aparıb xəstəxanaya, o, yolda qanitirmədən ölüb. Amma yazıblar ki,
guya, meyiti hal şahidlərinin iştirakı ilə özləri həyətdən götürüblər. Bu qədər
yalan olar?"
C.Cabbarovun
ifadəsilə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Məhkəmə avqustun
18-də iş üzrə zərərçəkmiş qismində tanınan polislərin ifadələrilə davam edəcək.
Nardaran hadisələrinə
görə ittiham edilən şəxslərin üzləşdikləri işgəncələr və qeyri-insani davranış,
eləcə də polis əməkdaşlarının ölümü ilə bağlı səsləndirdikləri iddialara
prosesdə iştirak edən prokurorluğun nümayəndələri və hakimlər müdaxilə etmirlər.
Hələlik təqsirləndirilən
şəxslər dindirildiklərindən ittiham tərəfi onların ifadələrinə reaksiya vermirlər.
Amma istintaqın iddiasına görə 2015-ci il noyabrın 26-da polis əməkdaşları
Bakıda Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirərəkən silahlı müqavimətlə
üzləşiblər. Silahlı qarşıdurmada ikisi polis olmaqla, 6 nəfər həlak olub.
Daxili İşlər
Nazirliyinin rəsmisi isə bugünlərdə AzadlıqRadiosuna açıqlamasında Taleh
Bağırovun bundan əvvəlki məhkəmə iclaslarında da işgəncələr və polis əməkdaşlarının
ölümü ilə bağlı iddialarını yalan adlandırıb.
Qeydə alınmayan
“Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs
edildiyi bildirilir. Onların bir neçə qruplar şəklində məhkəməsi keçirilir.
Daha yüngül maddələrlə ittiham edilənlərdən bir neçəsinin məhkəməsi başa çatıb.
Onlara 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.