header

 “Azərbaycana anti-Aşura toxumlarını təkfirçi vəhhabilər səpib...”

..Kərbəla şəhidlərinin anım günlərini yaşayırıq, hüzn mərasimlərində ağlaşırıq, şəhidlərin xatirinə ehtiyacı olanlara qanımızı veririk. Fəqət, İmam Hüseyn (ə.s.) mübarizəsinin əsl mahiyyətini anlayaraq bu eşqi gündəlik həyatında yaşadanlarımız yetərincə deyil. Yetərli olsaydı, bu gün dünyada İŞİD kimi İslama ləkə vuran qurumlar meydan sulamaz, Qarabağımız erməni tapdağında qalmaz, “məhərrəmlikdə toy etmək olar” – deyənlər ortaya çıxmazdı... Bu düşüncələrlə “Məhərrəm-Səfər əyyamı və cəmiyyət” mövzusunu “üyütmək” üçün “Dəyirman”ımızı İçərişəhər Cümə məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun məkanında qurduq...

- Hacı, yüz illərdir ki, Azərbaycan məkanında insanların əksəriyyəti: uşaqlı-qadınlı, qocalı-cavanlı Məhərrəm-Səfər əyyamını, İmam Hüseyn (ə.s.) əzadarlığını yaşadır. Amma hələ də bu mərasimlərdə müəyyən xurafat, şirk elementləri var. Məsələn, hüzn günlərində hər hansı bir niyyətin həyata keçməsi məqsədilə biləyə qara bağlamaq, ələmin sehrli olmasına, uçmasına inanmaq və s. Gerçək İslamı gözdən salan bu meyillərin qarşısını almaq üçün nə etmək gərəkdir?


- Zənnimcə, bu mövzuya cəmiyyətdə müəyyən qədər ətalətli yanaşma var. Artıq vəziyyət müsbətə doğru xeyli dəyişib. Məhərrəmliklə bağlı xalq arasında ciddi maariflənmə aparılıb. İnsanlar bu mövzuda çoxlu mütaliə ediblər. Və bu gün məhərrəmlik mərasimlərinin daha köklü, daha şüurlu yaşanması baş verməkdədir. Dediyiniz məqamlar, demək olar ki, çox azalıb. Sadəcə, cəmiyyətdə bu məsələlərə ətalətli yanaşmanın özünün dəyiməsi üçün də zaman gərəkdir. Yeri gəlmişkən, təəssüflər olsun ki, KİV-lərdə, xüsusən də telekanallarda dini maarifçilik üçün imkanlar gün-gündən azalır, məhdudlaşır. 10 il bundan qabaq bu imkanlar daha çox idi. Bu da ona gətirir ki, İmam Hüseyn (ə.s.) əzadarlığı ilə köklü tanışlıqları olmayanlar xurafatlara da yol verirlər. Odur ki, bu istiqamətdə maarifçiliyə meydan verilməlidir...

 

- Müşahidələriniz nə göstərir: məhərrəmlik mərasimlərinə gələn insanlar arasında İmam Hüseyn (ə.s) mübarizəsinin və əzadarlığının mahiyyətini doğru anlayan kəsim böyüyübmü?


- Bu istiqamətdə də xeyli inkişaf var. Və qeyd edim ki, ümumilikdə Məhərrəm-Səfər əyyamının maarifçiliyinin kökündə üç mühüm çalar dayanmalıdır. Birincisi bilgi və intellektual müstəvidir: insanlar baş verənlərin mahiyyətini, fəlsəfəsini anlamalıdırlar. Bu məsələdə xətiblərin, ruhanilərin üzərinə böyük məsuliyyət düşür. İkinci əsas məsələ İmam Hüseyn (ə.s.) əzadarlığı vasitəsilə insanlara mübarizlik, mərdlik, şəhidlik ruhiyyəsinin aşılanmasıdır. Üçüncü məsələ isə zövq və estetik çalarla bağlıdır. Bu mənada xalqımızın kifayət qədər zəngin irsi var və o, bu gün də qorunub, inkişaf etdirilir. Bu, əqllə yaşananların həm də qəlblə yaşanmasına gətirib çıxarır. Burada mərsiyələr, rövzələr və s. formasında artıq İslam incəsənəti özünü büruzə verir. Bu məqam həm də Azərbaycan xalqının mədəni inkişafında unikal bir situasiyanı ortalığa çıxarır. Məlum olur ki, müasir Azərbaycan incəsənətinin, teatrının, müəyyən mənada eşq ədəbiyyatının, irfani ədəbiyyatın bünövrəsində həm də Aşura mədəniyyəti dayanır. Ədəbiyyatımızda xalq tamaşaları kimi tədris edilən şəbihləri, dahi Füzulini, və s. yada salsaq, buna əmin olarıq. Qəm fəlsəfəsi ilə bağlı olan muğam sənətinin dərin köklərini araşdırsaq, orada da Aşura mədəniyyətini taparıq. Diqqət etdikdə görərik ki, muğam daha çox eşq, qəm fəlsəfəsinin duyulduğu coğrafiyada yayılıb. O da diqqətəlayiq məqamdır ki, digər müsəlman, türk toplumlarında eşq, kədər fəlsəfəsinin duyumu və onun musiqidə, sənətdə təzahürü Azərbaycandakı qədər dərinlikdə deyil. Bizdə isə bu zirvədədir. Burada yenə də Aşura mədəniyyətin danılmaz rolu vardır. Üzeyir Hacıbəylinin yaratdığı milli musiqişünaslıq elminin kökündə də Aşura mədəniyyətinin, Azərbaycan xalqının bundan qaynaqlanan folklor nümunələrinin çalarları qabarıq görsənməkdədir. Beləliklə, demək olar ki, Aşura maarifçiliyinin üçüncü – estetik istiqaməti insanlarımızın duyğularının tərbiyəsində də müstəsna rol oynayır. Bir sözlə, İmam Hüseyn (ə.s.) mübarizəsinin mahiyyətinin qeyd edilən hər üç müstəvidə anlanması istiqamətindəki işlər ildən-ilə kamilləşməkdədir.

 

- Hacı, sizə elə gəlmirmi ki, Məhərrəm-səfər əyyamlarında qəmin, ağlaşmanın yükü daha çoxdur. Məsələn, qadınların ağlaşması təbiidir, amma kişilərin də kütləvi şəkildə ağlaşmasını görəndə özü də İmam Hüseyn aşiqi olan Sabirin “Ağladıqca kişi qeyrətsiz olur, necə ki, ağladı İran oldu” - deyimi yada düşür. Sanki hansısa qüvvələr məqsədli şəkildə İslam ümmətinin, bu sıradan Azərbaycanın da ruhuna ağlaşma, mütilik ruhu yeritməyə çalışır. Daim öz sənəti ilə zülmkarlığa qarşı mübariz olmuş Füzulini yalnız qəm şairi kimi təsəvvür edir, onun boynubükük formada heykəlini qoyuruq. İmperiyaya baş əyməyən Cavidin “başını əyirik”. Bəlkə dini mərasimlərimizdə də bu kədər yükünü azaldıb, əvəzində mübarizlik ruhunu artırmaq gərəkdir?


- Bilirsiz, göz yaşı qəlblə bağlı olan geniş bir mövzudur. İnsanın mənəvi təkamülü, yüksəlişi və qurtuluşunda göz yaşının böyük rolu var. Göz yaşı sevən qəlblərdən gələr. Həm də göz yaşının növləri var. Toxunduğunuz mütilik göz yaşlarının Aşura mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Hətta kimsə mütilik düşüncəsi ilə Aşura məktəbinə daxil olubsa, yanılıbdır. Bu yanaşmanın özü Aşura məktəbinə bir zülmdür. Aşuradakı göz yaşları eşq və mübarizlik yaşlarıdr. Bunun sabahında bir mənəvi qurtuluş və yüksəlmə var. Burada süstlük, geriləmə, mənəvi sınma yoxdur. Eyni zamanda, bu, zülmün müqabilində duyğuların ifadəsini göstərən və zülmə, zalimə qarşı mübarizlik əhvali-ruhiyyəsini artıran göz yaşlarıdır. Bu mənada Sabir də, çox güman ki, Aşura mədəniyyətinə xas olmayan mütilik ağlaşmasından bəhs edir. Belə nəticəyə gəlmək olar ki, əgər Aşura mərasimləri bayaq xatırlatdığımız üç müstəviyə söykənilərək təşkil edilərsə, bu göz yaşları insanlara mütilik deyil, şücaət, fədakarlıq, mübarizlik aşılayar. Amma cəmiyyətdə yanlış bir populist düşüncə də formalaşıb ki, kişi ağlamaz. Bəli, kişi mütilik, acizlik səbəbindən ağlamamalıdır. Amma kişi haqq aşiqidirsə, Allah eşqindən ağlayırsa, o, hansısa ali, yüksək çalarlardan duyğulanırsa, bu, ən gözəlidir. Məsələn, biz Həzrəti Yisif, yaxud Muxtarla bağlı filmlərə baxıb necə duyğulanmaya bilərik? Bəli, əgər Aşura mərasimləri xatırlatdığımız əqli və mübarizlik müstəvisindən uzaqlaşsa, yalnız zövq və incəsənət tərəfi qalsa, mütilik və acizlik aşılanmasına yönəldilə bilər. Amma gerçək İslam mütilik və acizlik göz yaşlarını nəinki kişilərə, heç qadınlara da məsləhət görmür...

 

- Yəni söhbət ondan gedir ki, İmam Hüseyn (ə.s.) əzadarlığı vasitəsilə topluma nikbinlik, optimizm aşılamaq gərəkdir...


- Aşura özü elə optimizmdir. Biz elə builki Məhərrəm ayının ilk ongünlüyündə bu mövzuda danışdıq. Aşuraya üç bünövrə üzərində baxılmalıdır: Qədir-Xum, Aşura və Zühur. Əslində Aşuranın özündə dünən bu gün və sabah prinsipi ilə bir futuroloji yanaşma var. İmam Hüseyn (ə.s) öz qanı ilə İslamın məhvinin qarşısını alır ki, sabah bəşəriyyət toparlanıb 12-ci imamın (ə.s.) Zühur dövründəki mübarizəyə hazır olsun. Yəni Aşura başdan-ayağa nikbinlik, dönməzlikdir. “Aşurada biz gözəllikdən başqa bir şey görmədik”, – deyən İmam Hüseynin (ə.s.) bacısı Xanım Zeynəbi tanıyanlar üçün bu daha aydındır. Yəni Aşuranın ən böyük şahidi və təbliğçisi olaraq Xanım Zeynəb bu cür optimist baxışı ilə gözəllik anlayışında da bir inqilab edir. İnsanları gözəl olan Allaha tərəf aparan hər şey gözəldir. Bu mənalarda yenə təkrar edirəm: İmam Hüseyn (ə.s.) şəhadəti, Aşura məktəbi başdan-başa nikbinlik, gələcəyə inam mənbəyidir...

 

- İlqar bəy, bu günlərdə bəzi ilahiyyatçılar tərəfindən “məhərrəmlikdə toy etmək olar” kimi fikirlər səsləndirildi. Qurani-Kərimdə də “La ikrahə fiddin” (“Dində məcburiyyət (zorakılıq) yoxdur”) prinsipi var. Və sözsüz ki, heç kəs Azərbaycan kimi dünyəvi ölkələrdə məhərrəmliyə görə toy edilməsinə qəti qadağa qoya bilməz. Bəs əsl müsəlman alim, gerçək İslam xadimi bu mövzuda xalqa nə deməlidir?


- Bu mövzuda xalq öz sözünü artıq on illiklər öncə - sovet dövründə deyib. Həbslər, güllələnmələr, sürgünlərlə, Sibirlə İslamı aradan aparmaq istəsələr də, bu xalq öz dinini yaşadaraq İmam Hüseynə (ə.s.), Aşuraya da öz ehtiramını qoruyub saxlayıb. Yəni bu, hansısa Heloin günü (Amerikadakı Cinlər bayramı), Valentin günü deyil ki, 3 gün sonra yaddan çıxsın. Bu, imperiyanın ideoloji dəstəyi hesabına yaşadılan süni 7 noyabr bayramı deyil ki... Məhərrəmliyə, İmam Hüseynə (ə.s.) ehtiram insanların min ildən çox müddətdə artıq genlərinə hopmuş fitrətindən irəli gəlir. Bu, bir eşq məktəbidir. Bu gün anaların, bacıların nənələrin Aşura şəhidlərinin xatirəsini anmaq üçün hədik bişirməsini, halva çalmasını və s. müşahidə edirik. Bu, hansısa hökumət qurumu tərəfindən gələn təlimat əsasında yox, içdən, qəlbdən gələn iman, məhəbbətlə edilir. Oxşar duyğuları insanlar 20 Yanvarda da, Novruzda da və s. yaşayır...

 

Və əslində “məhərrəmlikdə toy etmək olar” deyənlərdən danışanda heç “bəziləri” demək də doğru olmaz. Bunlar çoxluq deyil. Burada söhbət illərlə Azərbaycanda müəyyən sifarişlə, əhli-beyt məktəbinə qarşı şüurlu, planlı bir xətt aparmaq missiyası olan bir neçə fərddən gedir. Bizlər bunlara xüsusi diqqət edəndə onlar sanki hədəflərinə çatırlar. Amma artıq açıq demək lazımdır ki, Aşuraya, Şah İsmayıl Xətaiyə və s. hücumlar Azərbaycana təkfirçi vəhhabiliyin gəlişi ilə başlanıb. Ölkəmizdə 90-cı illərin əvvəlinədək belə mövzuların müzakirəsi yox idi. Bunu etməyə cəhddə bulunanlara hamı deyərdi ki, ayıbdır. Bu anti-Aşura, anti-əhli-beyt toxumları məhz təkfirçi vəhhabilər vasitəsilə səpilib. Amma onların hansısa uğur əldə etməsi qeyri-mümkündür. Artıq bu anti-İslam cərəyanlarının İŞİD-çi təzahürü, İŞİD-çilərin əməlləri xalqı bir az da ayıltdı və xalq onların əsl sifətini aydın görməyə başlayıb. Kimsə Yezid lənətullahın cinayətlərini faciə saymırsa, öz işidir... Bu gün Aşuraya zidd mövqedə olanlar öz cərgələrini müəyyən edirlər. Çünki xalq belə sualları özü öz yaşamı ilə cavablandırıb. Xalq hər il öz övladlarını qoyduğu mübarək əhli-beyt adlarıyla bunu həll edib. Odur ki, inşallah, bizlər ildən-ilə Məhərrəm-Səfər əyyamını daha da gözəl yaşadacağıq...

 

- Yəni belə çıxır ki, İslam ruhanisinin, yaxud aliminin “Məhərrəmlikdə toy etmək olar, yaxud “olmaz” deməsinə ehtiyac yoxdur?


- İslam alimi, İslam ruhanisi birmənalı olaraq Aşura ruhiyyəsində olar və bunu yaşadar. Yəni hansısa İslam aliminin və ya ruhanisinin bu mövzuda fərqli söz deməsinə rast gəlməmişəm. Gerçək İslam aliminin, xadiminin bu mövzuya birmənalı, bəlli yanaşması var...

 

- Xütbələrinizdən birində buyurursuz ki, Aşuranın əsas hədəflərindən biri bizləri qəflətdən oyatmaqdır. Bu gün qəflətdən oyananlar çoxalsa da, geriyə tənəzzülə, meyillər də var. Son vaxtlar sanki cəmiyyətə bir yezidçi, İŞİD-çi virusu səpilib: insanlar həm özlərinə, həm də özgələrinə qarşı aqressivləşib. İntiharların, qətllərin sayı gündən-günə artır, hətta qızlarımız da bir-birinin qatilinə çevrilir....


- KİV-in, xüsusən də telekanalların aşıladığı aqressiya, vəhşilik, bayağılığın nəticəsi belə də olmalıdır. Keyfiyyətli təhsil olmayan, intellektə dəyər verilməyən, mənəviyyat, maarifçilik olmayan istənilən cəmiyyətdə belə hadisələrin çoxalması da təbiidir. Bu gün orta məktəblərdə 7-ci siniflərdən sonra demək olar ki, təhsil yoxdur. Hamı övladının normal təhsili üçün əlahiddə çıxış yolları axtarır. Qəflətdən oyanmağın ən mühüm yollarından biri də məhz təhsildir. İmam Hüseyn (ə.s.) məktəbinin gerçək aşiqləri də həyatın bütün sahələrində uğur qazanmalı, o cümlədən, elmin zirvələrini də fəth etməlidir. Yəni biz də təbliğat və maarifçiliyimizi bu kontekstdə qurmalıyıq.

 

- Hindistanın dünya şöhrətli azadlıq lideri Mahatma Qandi hind xalqını öz azadlıq mübarizəsində İmam Hüseyn məktəbindən nümunə götürməyə çağırırdı. Bəs biz özümüz bir müsəlman ölkəsi olaraq Qarabağın azadlığı uğrunda və digər daxili və xarici təhlükələrə qarşı mübarizədə Aşura məktəbindən nədən faydalanmayaq?


- Şəhid Mübariz əhli-beyt yetirməsi olaraq Qarabağ məsələsinin həlli yolunu da göstərdi. Bu ən böyük dərs oldu. Azərbaycan insanı İmam Hüseyn (ə.s.) məktəbi ilə yetərincə tanış olacaqsa, şəhidlik ruhiyyəsi yüksələcəksə, inşallah, biz Qarabağımızı azad edəcəyik... Onsuz da hamı bilir ki, başqa yol yoxdur, bu danışıqlarla-filanla torpaq verilməz. Ona görə də düşünürəm ki, Aşura mədəniyyəti həm də Qarabağın azadlığı üçün bünövrə ola biləcək ən güclü amildir. Və buna böyük əminliyim var ki, bu əhvali-ruhiyyəli insanlar, inşallah, bir gün Qarabağı da azad edəcək. Azərbaycan dövlətinin ən böyük nemətlərindən biri mübarək bayrağıdır ki, o bayraqda təcəssüm olunan rəmzlərdən biri həm də əhli-beyt və Aşura məktəbi ilə bağlıdır. Və biz bu nemətə sahib çıxmalıyıq. Buna sahib çıxsaq, inşallah Qarabağ problemi də, digər ciddi problemlərimiz də tezliklə öz həllini tapar...

 

..Kərbəla şəhidlərinin anım günlərini yaşayırıq, hüzn mərasimlərində ağlaşırıq, şəhidlərin xatirinə ehtiyacı olanlara qanımızı veririk. Fəqət, İmam Hüseyn (ə.s.) mübarizəsinin əsl mahiyyətini anlayaraq bu eşqi gündəlik həyatında yaşadanlarımız yetərincə deyil. Yetərli olsaydı, bu gün dünyada İŞİD kimi İslama ləkə vuran qurumlar meydan sulamaz, Qarabağımız erməni tapdağında qalmaz, “məhərrəmlikdə toy etmək olar” – deyənlər ortaya çıxmazdı... Bu düşüncələrlə “Məhərrəm-Səfər əyyamı və cəmiyyət” mövzusunu “üyütmək” üçün “Dəyirman”ımızı İçərişəhər Cümə məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun məkanında qurduq...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap