header

 Nurçuluq nədir?


image

Nurçuluq XX əsrdə Türkiyəli din mübəlliği Bədiüz-zaman Səid Nursinin (1878-1960) yaratdığı ideoloji cərəyanın adıdır. Bu cərəyanın ardıcıllarına “nurçular” deyilir. “Nurçu” sözünün həm “Səid Nursi tərəfdarı”, həm də “nur ideologiyasının ardıcılı” mənasını daşıdığını söyləyirlər. Nurçular öz təbliğat şəbəkələrinin iş prinsipini “hizmət” (xidmət) adlandırırlar.

 

Nurçuluğun əsasları Səid Nursinin “Risaleyi-Nur” külliyatında ifadə edilmişdir. “Risaleyi-Nur” 130 müstəqil risalədən (kitabdan) ibarətdir. Nurçular bu kitabın Allah tərəfindən Səid Nursiyə ilham edildiyini, Qurani-kərimin ən gözəl təfsiri olduğunu və ümumiyyətlə, Qurandan sonra ən mükəm­məl kitab sayıldığını iddia edirlər. Nurçuluqda Qurandan və sünnədən sonra ən əsas dini qaynaq “Risaleyi-Nur” sayılır. Nurçula­rın hər biri “Nur məktəbi”nin şagirdi hesab edilir. Nurçuluq hər hansı dini özəllikli və ya sırf sufi təmayüllü cərəyan deyil. Bu, daha çox təfsirə dayaqlanan, əxlaqi və ictimai yönümlü bir hərəkat­dır. Nurçular fiqhi məsələlərdə hənəfidirlər. Lakin fiqhi yanaşma onlarda prioritet cəhət deyil. Ənənəvi sünni məzhəblərində güclü olan sxolastika və şəriətçilik onlarda demək olar ki müşahidə edilmir.

 

Nurçuluqla sufilik arasında da fərqli və oxşar cəhətlər mövcuddur. Belə ki, sufilikdən fərqli olaraq, nurçuluqda xüsusi zikr qaydaları, riyazət, xirqə almaq, çilə və sairə bu kimi ayinlər yoxdur. Amma nurçuluqdakı Səid Nursi kultu onu sufilikdəki mürşid iyerarxiyasına yaxınlaşdırır. Nurçuların fəaliyyətində missionerlərə xas olan cəhətlər aydın görünür. Belə ki, hər bir nurçu (“Nur məktəbi”nin şagirdi) mütləq Qurandan sonra “Risaleyi-Nur”u oxumalı, bu kitabı başqaları üçün də təbliğ etməli, “Nur məktəbi”nə yeni şagirdlər gətirməlidir. Nurçuların əqidəsincə, Quranı “Risaleyi-Nur”­suz anlamaq mümkün deyildir. Bununla belə, nurçular İslam dininin qaydalarına və ibadət əməllərinə sadiqlikləri ilə seçilirlər.

 

Nurçuluq hərəkatında Səid Nursi kultu güclüdür. Bu hərəkatın ardıcılları Peyğəmbərin buyurduğu bir hədisə əsasən, hər əsrin başında İslamın ənənələrini dirildən, ümməti hidayət edən bir din rəhbərinin gəldiyini və XX əsrdə bu missiyanın Allah tərəfindən Səid Nursiyə həvalə olunduğunu iddia edir­lər. Səid Nursinin təlimlərində İslamın rəmzlərlə şərhinə (təvilə) böyük önəm verilir, əbcəd hesabı və sairədən geniş istifadə edilir. Nursiyə görə, Quran ayələrinin fərqli məna qatları vardır. Hətta onun bəzi Quran ayələrini əbcəd hesabına uyğunlaşdıraraq, hicri 1545-ci, miladi 2120-ci ildə qiyamətin qopacağını xəbər verdiyi də söylənilir.

 

Səid Nursi Türkiyədə respublika quruluşu tətbiq edildikdən sonra dünyəvi dövlətə qar­şı çıxmış, əsərlərində dini dövlət modelini müdafiə etmiş, buna görə də Türkiyə hökuməti tərəfindən təqiblərə məruz qalmışdı. Bəzi müəlliflər onun kürd mənşəli olduğunu söyləməklə, əslində Türkiyə daxilində müstəqil kürd dövləti qurmaq ideyasına xidmət etdiyini yazmışlar. Tarixdən məlumdur ki, Səid Nursi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə qarşı mənfi münasibətdə olmuş, hətta onu Dəccal adlandırmışdı. Bununla belə, Səid Nursi siyasi həyata dərindən qatılmamış, heç bir siyasi partiyanı və qrupu müdafiə etməmiş, dövlət ifarəçiliyinə öz ardıcıllarını yeritmək fikrində olmamışdır. Bu, Fəthullah Gülənin xətti ilə klassik nurçuluğun arasında olan əsas fərqli cəhətlərdən biridir.

 

Nurçuluq hərəkatı Səid Nursinin vəfatın­dan sonra bir neçə şaxələrə bölündü. Xosrov Altınbaşakın başçılığı altında bir qrup “Risaleyi-Nur”un yalnız ərəb əlifbası ilə və əllə yazılmasını caiz bilir, bu kitabın çap olunmuş variantda oxunmasını düzgün saymırlar. Bunlara “yazıçılar” qrupu deyirlər. Əks mövqedə duran “oxuyucular” qolu isə “Risaleyi-Nur”un mətbəələrdə latın əlifbası ilə çap olunub xalq arasında yayılmasını dəstəkləyir. Bunlardan əlavə, nurçuluğun əsasən, öz liderlərinin adı ilə adlandırılan Kutlular (Yeni Asya), Sunqur Ağabey, Kırkıncı Hoca, Said Özdemir, Mehmet Fırıncı (Nesil), Abdullah Yegin, Mehmet Kürdoğlu kimi şaxələri də vardır. Bu şaxələrin bir qismi kitab nəşrinə (əsasən, “Risaleyi-Nur” külliyyatının çapı və yayımı), bir qismi qəzet və jurnal nəşrinə, bir qismi televiziya və radio yayımçılığına üstünlük verir. Türkiyədə bir neçə iri nəşriyyat, qəzet, radio kanalı bunların əlindədir.

 nurci_316

Bəzi şaxələr qapalı şəkildə fəaliyyət göztərir. Onların təşkil etdiyi kurslarda (dərsanələrdə) nurçuluq təlimi öyrədilir. Fəthullah Gülən tərəfin­dən idarə edilən şaxə də təhsil istiqamətində daha geniş fəaliyyət göstərir, KİV-də, vəqf qurumlarında, bank sistemində və dövlət orqanlarında hərə­katın şəbəkəsini yaradır. Hal-hazırda böyük qalmaqallara səbəb olan Fəthullah Gülən hərəkatı nurçuluğun bir qoludur. Bəziləri bu hərəkatla klassik nurçuluq arasında prinsipial fərqlərin olduğunu iddia edərək, Fəthullah Güləni nurçuluq təlimini təhrif etməkdə təqsirləndirirlər. Zənnimizcə, Fəthullah Gülən hərəkatının klassik nurçuluqla bəzi fərqli cəhətləri olsa da, bu fərqləri şişirtmək və bu iki cərəyanı bir-birindən tamamilə ayırmaq düzgün deyil. Gülənçi hərəkatla klassik nurçuluq arasındakı əsas fərqliliklər siyasi baxış tərzində və təbliğat metodlarındadır. Belə ki, Bədiüz-zaman Səid Nursi siyasi proseslərə dərindən nüfuz etməməyə üstünlük verir, hökumətə qarşı öz narazılığını əsasən şəriət hökmlərinə əməl edilməməsi üzərində motivasiya edirdi. Səid Nursinin təlimlərində yalnız Türkiyədəki layik hökumət deyil, kommunizm və imperializm də tənqid edilir.

 

S.Nursi bütün dünyada dinin arxa plana keçməsindən, sosialist və kapitalist quruluşların hakimiyyətə gəlməsindən narahat idi. O, bunları axirəz-zamanın əlamətlərindən, Dəccalın gəlişini tezləşdirən səbəblərdən biri olaraq dəyərləndirirdi. Çıxış yolunu Qurana sarılmaqda, onu düzgün şəkildə (yəni “Risaleyi-Nur”da göstərilən formada) anlamaqda, dini maarifi artırmaqda görürdü. Fəthullah Gülən hərəkatı isə siyasi proseslərə daha fəal və çevik reaksiya verməsi ilə seçilir. Türkiyədə və hizmət şəbəkəsinin qurulduğu sair ölkələrdə iş adamlarını öz tərəfinə çəkmək, özəl təhsil şəbəkəsi vasitəsilə kadrlar yetişdirmək, lazım gələrsə şantaj və sairə üsullardan yararlanmaq, şəbəkənin imkanlı üzvlərindən bəzən qeyri-qanuni və qeyri-əxlaqi yollarla ianələr əldə etmək onları başqa nurçulardan fərqləndirən əsas cəhətlərdir. Klassik nurçuluq İslam qanunlarına daha sadiqdir. Məsələn, təsəttür (qadınların hicabı) məsələsində S.Nursi sırf dini münasibət göstərir və hicabı dəstəkləyirdi. F.Gülən isə təsəttürü İslamın ikinci dərəcəli, qeyri-vacib əmrlərindən sayır.

 

Fəthullah Gülənin liderlik etdiyi hərəkatda sair nurçu qollardan fərqli olaraq, Səid Nursi kultu daha az hiss olunur. Hətta Fəthullah Gülənin özü çıxış və yazılarında Səid Nursini ən zəruri hallarda xatırladır və onu “Bədiüz-zaman” ləqəbi ilə deyil, “Hazreti-Pir” işarəsi ilə təqdim edir. Burada “Risaleyi-Nur”la yanaşı, hətta bəlkə ondan daha artıq dərəcədə Fəthullah Gülənin kitabları və “vaaz diskləri” təbliğ edilir. Yüz il bundan əvvəlki Osmanlı ləhcəsində qələmə alınmış “Risaleyi-Nur”un gülənçilər tərəfindən müasir üsluba çevrilib yayımlanması da onları qalan nurçulardan fərqləndirir.

 

Digər nurçu qollarının Fəthullah Gülənə qarşı irəli sürdüyü ittihamlardan biri də bundan ibarətdir ki, Səid Nursi həyatı boyunca mübarizə aparmış, təqiblərə baxmayaraq dirəniş göstərmiş və mühacirət etməmişdir. Amma Fəthullah Gülən 1999-cu ildən bəri ABŞ-də məskunlaşıb. Türkiyənin mübarizə səhnəsini tərk edib xaricə getməsi bir çoxlarının, o cümlədən, bəzi nurçu liderlərinin onu qorxaq və xain adlandırmasına səbəb olmuşdur.

 

Nurçuluq hərəkatı 1965-91-ci illər arasın­da Türkiyədə qadağan edilmişdi. 1991-ci il­dən bəri nurçular ölkə ərazisində yenə sər­bəst fəaliyyət göstərirlər. Son aylarda Türkiyədə baş verən məlum hadisələr nəticəsində nurçuluğa, xüsusən də onun F.Gülənçi qoluna qarşı təzyiqlər başlayıb. Türkiyədən əlavə, Azərbaycan, Rusiya, Orta Asiya dövlətləri, ABŞ, Amerika, Avstraliya kimi ölkələrdə də nurçuluq hərəkatı özünə ardıcıllar qazanmışdır.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap