header

 Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac var

 Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac var

Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac var

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 7-ci ayəsində buyurur:

هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ

“O, bu kita sənə nazil edən kəsdir. Onun (kitabın) bir hissəsi kitabın əsasını təşkil edən möhkəm ayələrdir. Onun bir hissəsi isə mütəşabehdir. Qəlbində azğınlıq olanlar fitnə yaratmaq (xalqı azdırmaq) üçün, eləcə də, ayələri istədikləri kimi təfsir etmək məqsədi ilə mütəşabeh ayələrə üz tuturlar. Halbuki bu ayələrin təfsirini Allahdan və elmdə qüvvətlilərdən başqala bilmir. Belələri deyirlər: “Biz ona iman gətirmişik və bütün ayələr Rəbbimiz tərəfindəndir (istər möhkəm olsun, istər mütəşabeh.) Bundan yalnız düşüncə sahibləri öyüd götürərlər.”

Bu ayədən məlum olur ki, Quran ayələri iki qismdir: bəzi ayələrin məfhumu o qədər aydındır ki, onlarda heç bir inkara, sui-istifadəyə yer yoxdur. Onlar möhkəm ayələr adlandırılır. Başqa qismi isə mətləbləri çox dərinmənalı, bizim idrak dairəmizdən kənarda olan qeyb elmi, axirət aləmi, Allahın sifətləri və s. amillər barədə olduğundan onların həqiqi mənasını, sirlərini və həqiqətlərini dərk etmək üçün xüsusi elmi hazırlığa ehtiyac duyulur. Məhz bu ayədən istifadə edilərək onlar «mütəşabih ayələr» adlandırılır.

Yolunu azmış şəxslər adətən çalışırlar ki, bu ayələri əllərində bəhanə edərək haqqın əksinə olan təfsirlər irəli sürsünlər. Nəticədə camaatın arasında fitnə-fəsad salaraq onları haqq yoldan çıxartsınlar. Amma Allah-Taala və elmdə dərin biliyə malik olanlar bu ayələrin sirlərini bilir və camaat üçün şərh edirlər.

Əlbəttə, elm və bilik nəzərindən ön cərgədə olanlar (peyğəmbərlər və imamlar) onun bütün sirlərindən agahdırlar. Halbuki başqaları yalnız öz elm və bilikləri səviyyəsində ondan müəyyən və cüzi şeylər başa düşürlər. Məhz buna görə də, nəinki adi camaat, hətta alimlər belə Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac duyurlar. (“Təfsiri-nümunə”, uyğun ayənin təfsiri.)

Bu ayədə bir neçə sual bəyan olunur:

Sual: “Hud” surəsinin 1-ci ayəsində Quran öz ayələrini bütünlüklə möhkəm ayələr kimi təqdim edir. “Zumər” surəsinin 23-cü ayəsində isə bütün ayələr mütəşabeh sayılmışdır. Hazırkı ayədə isə bəzi ayələr möhkəm, bəziləri isə mütəşabeh ayələr kimi tanıtdırılır. Bütün bu fərqlər nə deməkdir?

Cavab: Quranın bütün ayələrinin möhkəm sayılması bu ilahi kitabda heç bir əsassız söz deyilmədiyinə işarədir. Bütün ayələrin mütəşabeh sayılmasının səbəbi isə ayələrdəki həmahənglik, oxşarlıqdır. Bununla belə, xalqın dərki baxımından ayələr eyni deyildir. Bəzi ayələr hamının başa düşəcəyi şəkildə aydın (möhkəm), bəziləri isə dərin və mürəkkəb mənalıdır (mütəşabehdir). Bu dərinlik bəzilərinin şübhə və səhvinə də səbəb olur.

Sual: Quranda mütəşabeh ayələrə yer verilməsində məqsəd nədir?

Cavab: Əvvəla, mütəşabeh ayələrin varlığı oxucunun ayələr haqqında düşünməsinə zəmin yaradır. İkincisi, mütəşabeh ayələr səbəbindən xalq səmavi rəhbərlərə müraciət edir. Bəli, bütün dərslər asan olsa, şagird müəllimə ehtiyac duymaz. Üçüncüsü, mütəşabeh ayələr xalqın sınaq vasitəsidir. Dolaşıq fikirli bəzi insanlar oxşar ayələr arasından öz hədəflərinə doğru hərəkət edirlər. Düşüncəli insanlar isə, imam Rizanın (ə) buyurduğu kimi, möhkəm ayələrə müraciət edərək, mütəşabeh ayələrin əsl mənasını öyrənirlər. (“Biharul-ənvar”, c.2, səh.185.)

Sual: Mütəşabeh ayələrin hansı nümunələri var?

Cavab: Quranda oxuyuruq: “Qiyamətdə gözlər öz Allahlarına baxar.” (“Qiyamət”, 23) Sağlam əql Allahın cisim olmadığını qavrayır. Quranın digər ayələrində buyurulur: “Gözlər onu dərk etməz.” (“Ənam”, 103) Anlaşılır ki, Allaha baxış qiyamətdə Onun lütf və mükafatına baxışdır. Başqa bir ayədə “Allahın əli” ifadəsi işlədilmişdir. Şübhəsiz ki, bu təbirdə məqsəd Allahın qüdrət əlidir. Öz dilimizdə də “fılankəsin fılan işdə əli var” deyirik. Məlum məsələdir ki, Allah cisim olmadığından Onun əl-ayağı haqqında danışmağa dəyməz. Quranda buyurulur: “Onun oxşarı yoxdur.” (“Şura”, 11) Bu sayaq ayələr həqiqi təfsirçi olan Peyğəmbər Əhli-beytindən ayrı düşən və digər ayələrə nəzər salmayan sadəlövh insanların çaşqınlığına səbəb olmuşdur. Bəlkə də Quran bu təhlükələri nəzərə alaraq bizə tapşırır ki, Quran oxuyarkən şeytanın şərindən Allaha pənah aparaq. (Bax: “Nəhl”, 98.)

Sual: Quranın təvili nə deməkdir?

Cavab: “Təvil” dedikdə sonradan aydınlaşası, pərdə arxasındakı hədəflər, maarif və sirlər nəzərdə tutulur. Məsələn, həzrət Yusifin gördüyü yuxu sonradan aydınlaşdı. Xızır və Musanın əhvalatında gəminin sındırılması səbəbinin sonradan aydınlaşması da deyilənlərin bir nümunəsidir.

Elmdə möhkəm olanların nümunəsi məsum imamlardır. (“Nurus-Səqəleyn”.)

İslam hakimlərinə qarşı çıxanlar isə mütəşabeh ayələr arxasınca gəzən dolaşıq fikirli insanlardır. (“Əd-durrul-Mənsur”, c.2, səh. 148.)

İmam Əli (ə) “Nəhcül-bəlağə”də elmdə möhkəm olanlar haqqında xoş sözlər söyləyir. Belələri öz elmi acizliklərini etiraf edir, zəruri olmayan məsələlərdə dərinə getmirlər.

Bildirişlər

1. Hər insan Quranın bütün ayələrini anlaya bilmir.

2. Azğın qəlblər fəsad və fitnə mənşəyidir.

3. Fitnə yalnız hərbi və fiziki təxribat deyil. Şəxsi rəy əsasında təfsir, əqidə və Quran ayələrinin təhrifi də fitnədir.

4. Bəzən haqq batilin əlində bəhanə olur.

5. İlahi ayələrin son məqsədini və uca qayəsini yalnız Allah və elmdə möhkəm olanlar bilir.

6. Elmdə möhkəm olanların (“rasix”) adı Allahın müqəddəs adı ilə yanaşı çəkilir. Allahın məqamından sonra onların məqamı gəlir.

7. Elmin dərəcələri var və elmin ən yüksək dərəcəsi təvillə tanışlıq və son məqsədə çatmaqdır.

8. Həqiqi alimlərdə təkəbbür olmur.

9. Batilə meyil elmdə möhkəmliyin maneəsidir. Elmdə möhkəm olanlarla qəlbində azğınlıq olanlar əks qütblərdə qərar tuturlar.

10. Hər başa düşmədiyimizi inkar etməyək.

11. Ayələrin möhkəm və mütəşabeh şəkildə nazil olması tərbiyəvi xarakter daşıyır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 7-ci ayənin təfsiri.)

Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac var
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-15-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap