header

 Hicab – həm xanımlara, həm kişilərə aid anlayışdır

 Hicab – həm xanımlara, həm kişilərə aid anlayışdır

İzzətli olmadan əsil insan olmaq mümkün deyil.

İzzət o şeydir ki, insanı yaradan, onu insan üçün yazmışdır. Necə ki, təbib xəstəyə onun sağlam olması üçün dərman təyin etmişdir – Allah da insanın insan olması üçün ona izzət yazmış, “izzət” təyin etmişidir.

Allah insana izzətli olmağın yollarını da demişdir.

İnsan ona təqdim olunanlar, onun qarşısına çıxanlar arasından seçə bilir. Bu, insana Allahdan verilmiş, əzəldən insana qoyulmuş bir qabiliyyət, bacarıqdır. İnsan seçim edə bilən olaraq yaradılmışdır.

İnsan bütün başqa şeyləri seçdiyi kimi, izzətli olub-olmamağı da seçə bilir.

İzzət bir məsələ deyildir, o, çoxlu izzətli məsələlərin cəmidir və ya başqa cür desək, izzət – tam, bütöv olan bir şeydir ki, çoxlu izzət məsələləri onu əmələ gətirir.

İzzət yaradan məsələlərdən biri də geyim izzətidir və ya geyimin izzətli olmasıdır.

Qəflətdən çıxaran sual

Əsasən hicablı xanımların iştirak etdiyi bir tədbirə qatılmaq üçün hazırlaşırdıq. Bu vaxt iman etmiş, amma hicab geyinməyən xanımlardan biri də həmin tədbirə qatılmaq istədiyini bildirdi. Onun yazdıqlarından hiss olunurdu ki, o, hicab geyinmədiyi üçün tədbirə gəlmyə utanır.

Onun “Orada geyim necə olmalıdır?” sualı mehriban və təbəssüm doğuran idi.

– Təvazökar və iffətli.

Aramızda qısa bir dialoq alındı.

– Baş örtüsünü deyirəm, olmalıdır? – xanım soruşurdu.

– Sizə necə uyğundursa, elə gəlin.

Yazışmamız məhəbbət və çiçək ikonları ilə tamamlandı.

Hicab nədir?

Qurani-Kərimin nəzərinə görə hicab “arakəsmə”dir, ayırandır. Pərdə, divar, örtük kimi bir arakəsmədir.

Allah Təala buyurur ki, məhrəm olmayan qadın və kişilər bir-birləri ilə ünsiyyətə girərkən hicabdan istifadə etməlidirlər.

“Əhzab” surəsi 53-cü ayədə bu məsələ öz əksini tapmışdır. Orada insanlara (kişilərə müraciət olunaraq) deyilir ki, Peyğəmbərin (s) xanımlarından bir şey istəyəndə, hicabdan istifadə edin.

“Əgər peyğəmbərin zövcələrindən bir şey istəsəniz (məişət ləvazimatlarından), pərdə arxaslndan (hicabla) istəyin ki, bu, həm sizin qəlbləriniz, həm onların qəlbləri üçün daha təmiz olar”.

“Bir şey istəmək”- (insanlar arasında) bir-biri ilə danışmaq, ünsiyyətə girməyi vacib edir və ayəyə əsasən anlayırıq ki, bir-birinə məhrəm olmayan insanlar arasında kamil ünsiyyət hicab vasitəsi ilə həyata keçirilməlidir.

Deməli, hicab – insanlar arasında kamil ünsiyyət vasitəsidir. Qadın-kişi münasibətlərində izzəti qoruyan, yəni Allah buyuran, bəyənən tərzi qoruyandır.

Hicab nə ola bilər?

Hicab – divar, qapı, pərdə, hər hansı arakəsmə – birbaşa təmasa fasilə salan hər bir şey ola bilər.

Sözün mənasına baxdıqda, bu, anlaşılır.

Hətta insanın göz qapağı belə hicab ola bilər. Ünsiyyət zamanı göz qapağı gözü örtə və birbaşa təmasın qarşısını ala bilər.

Kiçik yaşlı qız uşaqlarımızın bəzən çəkingən davranışlar sərgiləyərək bizim arxamızda gizlənməsinə fikir vermisiniz?

Onlar bizi təbii hicab olaraq seçirlər.

Onların insanlar arsında “uşaqdır, heç nə olmaz” deyib, geyimlərini dəyişməyə cəhd etdiyimiz zaman güclü etiraz etdiklərinə və biz onlara əhəmiyyət vermədikdə, bəzən ağlamaqlarına diqqət etmisiz?

Onlar təbiətən hicab axtarırlar – gizlənmək, yad nəzərləri özlərindən kənarlaşdırmaq istəyirlər.

Əksər oğlan uşaqları da müəyyən yaşa qədər belə olurlar, əgər biz “bir şey olmaz!” deyərək, bu “harada gəldi soyunma” vərdişlərini onlarda yaratmırıqsa.

Hicab insanın fitri istəyidir və bu, həm kişilərə, həm də qadınlara aiddir.

Qurani-Kərimdə hicab

Çox vaxt belə deyilir ki, hicab barəsində Quranda yazılmamışdır. Amma həqiqət budur ki, Qurani-Kərimdə nəinki hicab haqda yazılmışdır, hətta onun bizim başa düşəcəyimiz şəkildə ifadə olunması da vardır. Burada hicabın praktikasına dair açıq fikirlər yer almışdır.

Günümüzdə bizim “hicab” olaraq adlandırdığımız – baş örtüsü və geniş geyimdir .

Qurani-Kərimdə hicabın 2 adı var: ximar və cilbab.

“Nur” surəsinin 31-ci ayəsində “ximar”ın adı çəkilir.

“Ximar” – “baş örtüyü” deməkdir.

Ayədə deyilir ki, xanlmlar “ximarlarını” – baş örtüklərini sinələrinin üstünə çəksinlər.

Əgər diqqət edəriksə, görərik ki, burada sadəcə “baş örtüyü taxsınlar, geyinsinlər” deyilmir. Artıq geyinilən, əvvəldən mövcud olan baş örtüklərinin daha kamil geyinilməsi (sinənin də örtülməsi) istənilir.

Bu istənilmə həm də İslamın din olaraq nazil olma səbəbi ilə həmahəngdir. Dinimiz mövcud olan əxlaqların tamamlanması, kamilləşdirilməsi və gözəlləşdirilməsini nəzərdə tutur.

Bu mövzuda Həzrət Məryəmin (s.ə) örtük taxması – ən geniş yayılmış misaldır.

“Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və mömünərin zövcələrinə de ki, cilbablarını geyinsinlər”.

Bu buyuruş “Əhzab” surəsi 59-cu ayədəndir.

Burada olan cilbab – geniş geyim, abaya formasında olan geyim, hər hansı geyimdir ki, bədən üzvlərinin bilinməsini qarşısını ala bilir.

Ximar və cilbab – qadının hicablarıdır, yəni onlar qadınlar üçün naməhərm mühitlərdə arakəsmə rolunu oynayırlar.

Bu ayələrin 2-ni də birlikdə nəzərə aldıqda, iffətli geyimə dizayn vermək olur.

Hicab yalnız qadınlara aid deyil

“Nur” surəsində ximar barədə danışılmadan əvvəl (31-ci ayə) 30-cu ayədə kiçilərə iffətli geyinmək buyurulur.

“Mömün kişilərə de, ayıb yerlərini görünməkdən qorusunlar”, – ayədə deyilir.

Həmçinin göz də qadınlar üçün iffət hicabıdır.

31-ci ayədə bu barədə oxuyuruq.

Həmçinin göz – kişilər üçün də iffət hicabıdır. Bu barədə 30-cu ayədə oxuyuruq.

Beləliklə, bizim “hicabı” hansı şəkildə qəbul etməyimizdən asılı olmayaraq, Qirani-Kərimdə vacib buyurulan “hicab” (geyim hicabı) kimi – ximar və cilbabın adı çəkilmişdir.

Hicab nə üçün lazımdır?

Hicab – izzət geyimidir.

Biz özümüz üçün istənilən geyimləri dizayn edə bilərik, amma onlar izzətli olmaya bilər.

İnsanın Rəbbi Allah olduğu üçün, O, insan üçün lazım olan geyimi dizayn etmiş və insanın diqqətinə çatdırmışdır.

Geyim insanın sağlamlığından tutmuş, onun nə cür düşünməsinə qədər təsir qoya bilər.

Kişi və qadın fərqli yaradılmışdır, bunu elə ilk baxışdan aşkar görmək mümkündür.

Qadının izzətli hala çatması üçün, izzətli insan ola bilməsi üçü hicab geyinməsi mühümdür.

Kişinin də izzətli hala çatması üçün, izzətli insan ola bilməsi üçün hicaba riayət etməsi mühümdür.

Hicabın izzətlə birbaşa əlaqəsi (Allahın istəyi olması) ayələrdə keçən buyuruşlarda öz əksini tapmışdır:

“Bu onlar üçün daha pakdır”, “Bu iş onların (hicabla, iffətlə) tanınması, nadürüstlərin onlara əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir”, ”Qəlbləriniz üçün yaxşı olar”, “Allaha tərəfə qayıdın ki, bəlkə nicat tapdınız” və s.

Xanım Zeynəb (s.ə) – izzətli və iffətli xanım

Xanım Zeynəb (s.ə) – əzəmətli qadındır. O, Kərbəla müsibətində öz övladlarını şəhid vermiş, həm onların və həm də qardaşlarının və eləcə də körpə uşaqların şəhadətini gözü ilə görmüş, Kərbəladan Şama (İraqdan Suriyaya) qədər piyada əsir aparılmış və bu zaman yetim qalmış körpələrə qəyyumluq etmiş xanımdır.

O, günlərlə ac-susuz qaldıqdan sonra və Kərbəla müsibətinin qanlı xatirəsini hələ də hafizəsində daşıdığı halda, lənətlik Yezidin sarayında əzəmətli nitqi ilə o məlunu susduran bir xanımdır.

Xanım Zeynəb (s.ə) Kərbəlada baş verənləri insanlara çatdıran və bu hadisələrin əsrləri aşaraq, günümüzə olduğu kimi gəlib çatmasına səbəb olan xanımdır.

Xanım Zeynəb (s.ə) hicablı bir xanımdır.

Xanım Zeynəbin necə bir insan olmasını bilmək istəyənlərə, alimlər Qurani-Kərimin “Təhrim” surəsi,11-ci ayəsi ilə tanış olmağı tövsiyə edirlər.

Ayə Fironun həyat yoldaşı, cənnət xamınlarından biri olan Asya xanım (s.ə) haqdadır.

Asya (s.ə) Musa peyğəmbərin (ə) gətiriyi dini qəbul etdikdə, Firon ona ağır işgəncələr vermişdi.

Asya xanım (s.ə) isə geri çəkilməmişdi.

Asya xanım (s.ə) qızmar günəş altında çarmıxa çəkilərkən dua etmiş, Allahdan ölüm istəmişdi.

Əxlaq ustadları Xanım Zeynəbin (s.ə) eyni işgəncələri yaşamasını və bu zaman onları “gözəllik” adlandırmasını diqqətimizə çatdırırlar.

Lənətlik Yezid Xanım Zeynəbi (s.ə) baş verən müsibətli hadisələrlə aşağılamaq istədikdə, Xanım (s.ə) o məluna Kərbəlada gözəllikdən başqa bir şey görmədiyini demişdi.

Bu hal yüksək izzət halı idi ki, Xanım Zeynəbin (s.ə) izzətli qəlbindən izhar olunurdu.

Gündəlik həyatımızda Zeynəbi hal.

İnsan ruhu, yaşayışı boyunca müsbət təhriklərlə yanaşı, neqativ təhriklər alır və bəzən bu təhriklər ruha işgəncə kimi gəlir.

İnsan üçün mühüm olan – bu təhrikləri necə cavablandırmasıdır.

Cavabların ani və keçici deyil, insanın həyatına qurucu və qalıcı təsir qoyması mühümdür. Bu isə izzətli seçimlərin edilməsini vacib edir.

Qarşılaşdığımız müsibətli hadisələr zamanı, adətən, bizə Xanım Zeynəbin (s) səbri nümunə, misal olaraq çəkilr.

Bu səbrin mahiyyətini araşdırdıqda görürük ki, bu səbir – pisliklərin yaxşılıqlara çevrilməsi, eybəcərliklərin gözəlliklərə çevrilməsi qabiliyyətini əks etdirir.

Bu qabiliyyət ruhi bir qabiliyyət olsa da, yalnız zehində qalmır, əməldə də həyata keçirilir.

Xanım Zeynəbin (s.ə) həyatına dair məlumatları araşdırarkən isə, onun həyatı boyunca izzətli seçimlər etdiyini görürük.

O cümlədən, onun iffətli xanım olması bütün həyat səhnələri boyunca ana xətt kimi keçir.

Həqiqətən, Xanım Zeynəbin (s.ə) iffəti – onun günümüzdə də canlı olan izzətinin bir hissəsidir.

Allahdan hər birimizə bu əziz Xanımın (s.ə) iffət və izzətinə yaxın ola bilməyi arzu edirəm.

İzzətli olmadan əsil insan olmaq mümkün deyil.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap