Onlar Azərbaycan adına hər bir uğura narahatdırlar – MÜSAHİBƏ
Posted on : Ölkə 08/19/2019
Artıq bir neçə ildir ki, SalamTourla “Ərəfə missiyası” şüarı ilə Kərbəlada tədbirlər təşkil olunur…
Artıq bir neçə ildir ki, SalamTourla “Ərəfə missiyası” şüarı ilə Kərbəlada tədbirlər təşkil olunur…
Bu tədbirə Hacı Şahinin mənəvi rəhbərlik etməsi daha da səs salır. Azərbaycanın ilk müstəqillik illərindən dinə üz tutan, Hacı Şahin Həsənlinin gənclik illərindən onun yanında olan, Kərbəlada “Ərəfə günü” tədbirlərində iştirak edən, həm ictimai işlərdə fəal olan, həm də sosial şəbəkədə fəallıq edən Yaşar Qarayevdən İslamazeri.com olaraq müsahibə aldıq.
– Siz necə düşünürsüz, bu mərasimlər, tədbirlər necə təşkil olunur və iştirakçı kimi hansı təəssüratlar sizdə yaradıb?
İlk öncə müsahibə üçün təşəkkür edirəm. Bəli, artıq dörd ildir ki, ölkənin nüfuzlu din xadimi Hacı Şahin Həsənlinin də qatıldığı və qeyd etdiyiniz kimi mənəvi rəhbərlik etdiyi missiya ilə Kərbəla ziyarətinə gedirəm.Bu ziyarətin təşkilati məsuliyyəti SalamTour şirkəti üzərinə düşürsə mənəvi məsuliyyətinin ağırlığı Hacı Şahin Həsənlinin üzərində olur.
Ziyarət zamanı Məşhəd, Nəcəf, Kərbəla, Samirə və Bağdad şəhərlərini ziyarət edirik. Ənənəvi olaraq tədbirlərimiz Məşhəd və Kərbəla şəhərlərində olurdu. Amma bu il Nəcəfdə də, Həzrət Əlinin (ə) hərəmində də ilk dəfə Azərbaycan heyətinə məscid ayrıldı.
Ümumiyyətlə hər il yeniliklər olur. 2016-cı ildə Kərbəladakı tədbirimiz Beynül-hərəmeynin əsas minbəri qarşısında keçirilməsinə icazə verildi. Bu da yeni tariximizdə bir ilk və böyük uğur idi. Təklif İmam Hüseyn hərəminin idarə heyəti tərəfindən irəli sürülmüşdü. Böyük bir zəvvar heyətinin olmasına baxmayaraq ziyarət olduqca nizamlı keçirdi. Bu da hər kəsin diqqətini cəlb edirdi. Növbəti il tədbir İmam Hüseyn (ə) hərəmi daxilində oldu. Bu da növbəti yenilik oldu. Kərbəlada Xeyməgahda və Məşhəddə İmam Rza (ə) hərəmində keçirilən məclislərimiz də həmçinin. Bütün bunları gördükdə, qürur keçirməmək olmur. Bu millətimizə verilən dəyər və ehtiramın göstəricisidir. Eyni zamanda müqəddəs məkanlarda Qarabağ şüarları, şəhidlərimizin şəkilləri insanı çox mütəəssir edir.
Ziyarətlər Ərəfə dövründə təsadüf edir deyə, zəvvarların sayı başqa vaxtlara nisbətdə daha çox olur. Milyonların içində şəhidlərimizin qəhrəmanlığından danışmaq, Qarabağ həqiqətlərini çatdırmaq, digər ölkələrdən olan müsəlman xalqlarln bizimlə həmdərd olmasını görmək, qəhrəmanlarımıza heyran olmasını müşahidə etmək həm qürur verir, həm də sevinc gətirirdi. Türkdilli zəvvarların bizim məclislərə qatılmağını anlayırıq, amma dilimizi başa düşməyənlərin diqqətlə məclislərimizdə oturmasını yalnız mənəvi cazibə ilə izah edə bilərəm. Çox təsirli anlar yaşayırdıq həqiqətən də.
– Təbii bu tədbirləri hədəfə alanlar da tapılır, məsələn orada Qarabağla bağlı şüarların, plakatların təbliğ olunmasına irad bildirilməsi və bunu sosial şəbəkədə yayılması kimi hallara rast gəldik. Siz necə düşünürsüz bunun səbəbi nədir, axı Qarabağla bağlı təbliğin nəyi pisdir?
Düzü, sosial şəbəkələrdə aktiv birisi kimi deyə bilərəm ki, belə insanların sayı çox azdır. Əsasən tənqid naməlum qapalı profillərlə yazan separatçı düşüncə sahiblərindən gəldi ki, bunu da anlamaq çətin deyil. Onlar Azərbaycan adına hər bir uğura narahatdırlar, düşmənçilikləri üzündən Ermənistanla belə əməkdaşlıqdan çəkinmirlər. Sosial şəbəkələr üzərindən dini məfhumları əllərində şüar edib manipulyasiya ilə cəmiyyəti, xüsusən dini cameəni çaşqanlığa salmağa səy göstərirlər və bu ilk belə hal deyil.
Təsəvvür edin ki, həmin missiyada vətənimizin müxtəlif bölgələrindən gələn insanlar böyük birlik nümayiş etdirir, qardaş kimi çiyin-çiyinə vətənimizə,bayrağımıza, inancımıza məhəbbət göstərirdilər. Təbii ki, bu da erməni xüsusi xidmətlərinin və separatçıların uydurduğu xülyaları və propaqandanı darmadağın edir. Bundan başqa bu mövzuda ciddi tənqidlər olmadı. Çünki, özünü müsəlman sayan hər bir kəs müqəddəs şəhərlərdə Qarabağımızdan, şəhidlərimizdən, haqq savaşımızdan danışmağı təbii və normal qarşılayır.
Ziyarətlərin kütləvi olmasının bir məqsədi də dünyanın müxtəlif nöqtələrindən gələn müsəlmanların həmdərdliyi və həmrəyliyini təmin etməkdir.
– Ərəfə günü Kərbəlada olmaqla Məkkədə olmaq arasında fərq varmı, vardısa siz hər iki müqəddəs məkanda Ərəfə günündə iştirak edən biri kimi fərq hiss etdinizmi?
Ərəfə günü hacılar Ərəfə çölündə qalırlar. Deyə bilərəm ki, Həccin ən çətin, eyni zamanda ən şirin anları məzh Ərəfə vüqufunda olur. Tövbənin qeyd-şərtsiz qəbul olunduğu, Adəmlə Həvvanın görüşərək bəşəriyyətin təməlini qoyduğu bir məkandır ora. Özünəməxsus bir ab-havası var. Kərbəlada da eyni haldır. Ən çox zəvvar Ərəfə güne olur, insan selindən bəzən tərpənmək çətinləşir. İzdiham və istiyə baxmayaraq, özünü böyük bir selin zərrəsi, İmam Hüseyn (ə) məhəbbəti ilə bütövləşən insan axınının bir parçası hiss etmək izaholunmaz hissdir. Hər yerdən sevgi və rəhmət ətri gəlir. Düşünürəm ki, müqəddəs məkanlar arasında fərqi hiss etmək individual məsələdir. Bu insanın həmin andakı mənəvi durumuna, düşüncəsinə, ruhi tələblərinə bağlı olan məsələdir.
– Sosial şəbəkədə və camiədə fəal və fəallığınızı yazıya çevirə bilən biri kimi, bu missiyanı daha geniş surətdə necə keçirmək olar?
Bundan da geniş? Düzünü desəm hər il düşünürəm ki, bu il olduğu kimi daha olmayacaq. Növbəti il Allah daha böyük ziyarət nəsib edir. Hər il bu ziyarət özünəməxsus şəkildə ali dərəcədə olur. Şükür Allaha ki, texniki baxımdan bütün şərait mövcuddur. Ölkəmizin, xalqımızın müsbət imici, bizə olan etibar da daha çox yararlanmağa imkan yaradır. Sadəcə insanların qatılmağı lazımdır.
Ümüdvaram gələcək illərdə saytınızın redaksiya heyəti də bu ziyarət missiyasına qatılar.