header

 Küfənin məzlum qəribi - MÜSLİM İBN ƏQİL

11 avqust - 9 zilhiccə - Həzrət Müslüm ibn Əqlin (ə) şəhadət günüdür

Müslim ibn Əqil ibn Əbu Talib İmam Hüseynin (ə) əmisi oğlu və Kufədə şəhid olan ilk silahdaşıdır. Müslim ibn Əqil İmam Hüseyn (ə) Kufəyə getməmişdən əvvəl İmamın nümayəndəsi kimi Kufəyə getmiş və vəzifəsi oranın vəziyyətini müşahidə etmək, kufəlilərin sözlərində israrlı və sadiq olmaları barədə İmam Hüseynə (ə) məlumat vermək idi. Müslim ibn Əqil şəhid olmadan 27 gün əvvəl İmam Hüseynə (ə) məlumat göndərmiş və hesabatında kufəlilərin hazır olduqlarını bildirmişdi. Ubeydullah ibn Ziyadın Kufə başçısı kimi təyin edilməsindən sonra kufəlilər ondan qorxu və dəhşətə qapılmış, Müslim ibn Əqlin yanından ayrılaraq, onu tək qoymuşdular. Ən sonunda - hicrətin 60-cı ilində Ərəfə günü şəhid edilmişdir.
 
Müslim ibn Əqilin doğum tarixi tam olaraq bilinmir, ancaq şəhid edildikdə yaşının 28 olduğu və hicrətin 60-cı ilində Kufədə reallaşdığı dəqiqdir. İmam Əlinin (ə) qardaşı olan atası Əqil bin Əbu Talib nəsil və soy köklərini tanımaq sahəsində mütəxəssis və ərəb natiqi idi. 
 
Anası Əqil bin Əbu Talib tərəfindən Şamda satın alınan Aliyə adlı bir kölədir. 
 
Əhli-sünnə alimlərindən İbn Habban belə yazır: "Müslim ibn Əqil ibn Əbu Talib Haşiminin ləqəbi Əbu Davuddur və Əbdülmüttəlibin oğulları arasında Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən adamdır. O, Həzrət Peyğəmbərin (s) səhabələrindən bəzilərini görmüşdür. "
 
Müslim ibn Əqilin qəbiri-şərifi Kufə Məscidinin yanındadır.
 
Gəlin, Müslim ibn Əqili yaxından tanıyaq.
 
Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı.
Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi.
 
Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: “Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı.”
 
Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi.
Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəl-möminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi.
 
MÜSLİMİN MƏZLUMANƏ QƏRİBLİYİ
 
Müslim üçün inqilabın vətəni olmuş Kufə artıq qürbətə çevrilmişdi. Müslim isə bu vətəndə qərib idi. Gecələmək