header

 Gəlin, mübarək Ramazan ayını qarşılayaq!

enidən mübarək Ramazan ayı gəlib çatdı. Amma bilmirik ki, bü mübarək ayın orucunu tutmaq üçün Allaha bizə ömür verəcək ya yox? Görəsən, “Qədr” gecələrinə qədər yaşayacağıq ya yox? Amma mühüm olan budur ki, bu əzəmətli və bərəkətli ayın hər bir saniyəsi ilahi rəhmət və məğfirəti qazanmaq üçün gözəl bir fürsətdir. Elə bir ay ki, onun əzəmətli olması ilə bağlı əziz Peyğəmbərimiz (s) belə buyurmuşdur:

لَوْ يَعْلَمُ الْعَبْدُ مَا فِي رَمَضَانَ لَوَدَّ أَنْ يَكُونَ رَمَضَانُ السَّنَة؛

“Əgər bəndə Ramazan ayında nələr qoyulduğunu bilsəydi, bütün ilin Ramazan ayı olduğunu arzulayardı!” (“Biharul-ənvar”, 93-cü cild, səh.346.)

Bəli, biz Ramazan ayının dəyər və böyüklüyünü bilmir, dərk etmir və onun kənarından asanlıqla keçirik! Bu ayın dəyər və böyüklüyünü torpaqlar altda yatanlar yaxşı dərk edirlər. Amma nə faydası! Artıq gecdir!

Nə çox bəndə ki, ötən il sağ idi, amma indi aramızdan gedib və əli bu dünyadan kəsilib. Onlardan bəziləri keçən Ramazan ayını hörmətlə qeyd etmiş, Allahın əmrinə tabe olaraq orucunu tutmuş, namazını qılmış, dua və ibadətlə məşğul olmuşdular. Bəziləri isə, sadəcə müsəlman adını daşımış, və möhtərəm ayda öz dini vəzifələrinə əməl etməmişlər. Aydındır ki, nə oruc tutanların orucunun Allaha bir xeyri var, nə də orucunu yeyənlərin Ona bir zərəri! Əksinə, hər bir insan öz qəbri və qiyaməti üçün əməl edir, çalışır. Dünyasını dəyişdikdən sonra da keçmiş əməllərinin nəticəsini görəcəkdir.

İnsan bu dünyada bir çox günahlarla üzləşir və onlardan hər hansı birinə aludə olduqca, cəhənnəmin yandırıcı şölələri ilə fasiləsi azalır. Amma mübarək Ramazan ayı çatdıqda, insan Allahın razılığını qazanmaq naminə oruc tutmağa başlayır, ac-susuz halda tövbə etmək, zikr demək, münacat etmək və Quran oxumaqla qəlbindən günah pasını təmizləyir, günahın təsirləri aradan qalxır, onunla cəhənnəm arasında qalın qatlar yaranır. Əziz Peyğəmbərimiz (s) buyurur:

الصَّوْمُ جُنَّةٌ مِنَ‏ النَّار

“Oruc cəhənnəm odu müqabilində qalxandır.” (“Biharul-ənvar”, 65-ci cild, səh.331.)

Yəni insan oruc tutmaqla cəhənnəm odundan amanda qalır.

Mübarək Ramazan ayı gəlib çatanda imam Sadiq (ə) övladlarına çoxlu tövsiyə edərək buyurardı: “İbadət etməyə himmət göstərin, çünki bu ayda insanların ruziləri bölüşdürülür, əcəlləri müəyyən olunur. Allah dərgahına gedəcək şəxslər bu ayda təyin olunur. Ramazan ayında bir gecə vardır ki, o gecədəki əməl min aylıq ibadətdən fəzilətlidir.” (“Vəsailuş-şiə”, 7-ci cild, səh.22.)

Əmirəlmöminin Əli (ə) buyurur: “Ramazan ayında çoxlu dua edin, istiğfar edin (Allahdan günahlarınızın bağışlanmasını diləyin), çünki dua vasitəsilə bəla sizdən dəf olunur, istiğfar vasitəsilə günahlarınız silinir.” (“Vəsailuş-şiə”, 7-ci cild, səh.223.)

Mübarək Ramazan ayı bərəkətli və fəzilətli bir aydır. Bağışlanmaq, Allaha bəndə olmaq, münacat etmək və ruhun saflaşdırılması üçün ən yaxşı fürsətdir. Bu ayda edilən ibadət sair aylardakı ibadətlərdən bir neçə qat artıq savaba malikdir. Hətta oruc tutan möminin yuxusu ibadət, nəfəsi və sükutu zikr sayılır. Bu ayda behişt qapıları oruc tutanların üzünə açılır, cəhənnəm qapıları isə bağlanır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

أیُّهَا النّاسُ، إنَّ أبوابَ الجِنانِ فی هذَا الشَّهرِ مُفَتَّحَةٌ ، فَاسأَلوا رَبَّکُم ألاّ یُغلِقَها عَلَیکُم ، وأبوابَ النّیرانِ مُغَلَّقَةٌ فَاسأَلوا رَبَّکُم ألاّ یَفتَحَها عَلَیکُم ، وَالشَّیاطینَ مَغلولَةٌ فَاسأَلوا رَبَّکُم ألاّ یُسَلِّطَها عَلَیکُم.

Ey insanlar, həqiqətən, bu ayda cənnət qapıları açıqdır, Allahdan onu sizin üzünüzə bağlamamasını istəyin. Cəhənnəmin qapıları isə bağlıdır, Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişlərAllahdan istəyin ki, onları sizə hakim etməsin.”(“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)

Bu ayda bütün möminlər Allahın qonağıdır və ilahi nemət süfrəsi onların üzünə açıqdır. Odur ki, bu bərəkətli aydan və ilahi ziyafət süfrəsindən layiqincə bəhrələnək və əgər qəflət etsək, qiyamət günü peşman olacağıq.

Rza Şükürlü (Maide.az)

 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap