header

 Vəsiyyətin növləri, təsir və bərəkətləri

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 180-cı ayəsində buyurur:

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

“Sizin üçün belə yazılıb (qərara alınıb) ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir xeyir (mal) qoyursa, öz ata-anası və yaxınları üçün gözəl bir tərzdə vəsiyyət etsin. Butəqvalıların üzərində olan bir haqdır.”

Bəziləri elə düşünürlər ki, insan vəsiyyət etdikdə tez ölür. Hansı ki, vəsiyyət bir növ uzaqgörənlikdir. “Ölüm zamanı vəsiyyət edin” buyruğunda məqsəd budur ki, ölüm axır fürsətdir. Əslində isə insan ölümündən neçə illər qabaq vəsiyyət edə bilər.

Bəziləri vəsiyyət edilməsini vacib saymışlar. Amma “müttəqilər üzərində olan bir haqdır” cümləsindən məlum olur ki, bu əməl müstəhəbdir. Əks-təqdirdə, “müttəqilər” əvəzində “möminlər” kəlməsi işlənərdi.

Bu şərif ayədə “mal” kəlməsi əvəzinə “xeyir” kəlməsindən istifadə olunmuşdur. Bununla nəzərə çatdırılır ki, var-dövlət xeyir və yaxşılıq mayasıdır. İslamda tənqid olunan isə haram mal və ya var-dövlətə ifrat bağlılıqdır. Pislənilən isə var-dövlətin fərdi və ictimai kamilliklərdən üstün tutulması, ya da mal əldə olunması üçün xalqın istismarıdır.

Vəsiyyət layiqli, ağılyana olmalıdır. Vəsiyyətdə kinə, intiqama, yersiz mehr-məhəbbətə yol vermək olmaz. İrsdən yalnız bəzi yaxınlar və müəyyən miqdarda bəhrələndiyindən İslam göstəriş verir ki, qohumlar arasında irsdən məhrum olanlar varsa və ya kiməsə irs payı düşürsə, vəsiyyətlə həmin adamların payını artırmaq yaxşıdır. Amma vəsiyyətdə ədaləti gözləməyən, zülmə yol verən insan böyük günah etmişdir. (“Səfinətül-bihar”.)

Vəsiyyət dəqiq bir işdir. Bu işdə (Allah eləməmiş) diqqətsizliyə yol verilsə, sonradan fitnə və narahatlıq yaranar. Qeyri-dəqiq vəsiyyət səbəbindən bir sıra xeyir işlər məhv olar. Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bəzən altmış il ibadət etmiş şəxs vəsiyyətini ədalətlə tənzimləmədiyindən cəhənnəmə gedər.” (“Nəhcül-fəsahə”, hədis 626.)

Vəsiyyət onu göstərir ki, insanın malikliyi hətta onun ölümündən sonra da var-yoxunun bir hissəsi üzərində davam edir.

İnsan öz var-yoxunun üçdə birini vəsiyyət edə bilər. Əgər bir şəxs bu həddi aşmaq istəyirsə, öz vərəsələrindən icazə almalıdır. Necə vəsiyyət etməyi öyrənmək üçün ilahi övliyalar, şəhidlər və alimlərin vəsiyyətlərini oxumaq yaxşı olar.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir şəxs başqa birinin vəsiyyətini yerinə yetirəcəyini öhdəsinə götürsə, amma sonradan heç bir üzrü olmadan bu işi boynundan atsa, onun heç bir əməli qəbul olunmaz. Göylə yer arasındakı bütün mələklər ona lənət edər. Bu şəxs daim Allahın qəzəbindədir. Onun dediyi “Ya Rəbb” sözünə bir lənət göndərilər. Onun əvvəlki bütün yaxşı işlərinin savabı vəsiyyət edənin naməsinə yazılar.” (“Təfsiri-Ətyəbul-bəyan”.)

Vəsiyyətin təsir  bərəkətləri

1.Vəsiyyət diqqət və hesab-kitablı olmaq nişanəsidir.

2. Vəsiyyət başqalarının hüquqlarına hörmət əlamətidir.

3. Vəsiyyət yaddan çıxarılmış xeyir işlərin görülməsi və ölümdən sonra saleh əməlin davamıdır.

4. Vəsiyyət iqtisadi boşluqların doldurulması və mülkün tarazlaşdırılmasıdır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs dünyadan vəsiyyət edib gedərsə, sanki şəhid olaraq ölmüşdür.” (“Vəsailuş-şiə”, c.13, səh.252.)

Valideyn və yaxınlar üçün vəsiyyət məhəbbətin təravətlənməsi, bir növ qədirdanlıq amilidir. Ona görə də vəsiyyət ayəsinin əvvəlində valideyn yada salınır. Vəsiyyət elə tənzimlənməlidir ki, onlara irs payından əlavə də nə isə çatsın. Bu da ehsanın nümunələrindəndir.

Vəsiyyətin növləri

1. Vacib: Məsələn, Allah haqqının, xalqın haqqının, qəza namazının və digər ibadətlərin, xüms və zəkat kimi vacib haqların, borcların yerinə yetirilməsi haqqında vəsiyyət;

2. Müstəhəb: Məsələn, xeyriyyə işləri üçün vəsiyyət;

3. Mübah: Məsələn, övladlara peşə, geyim, qida haqqında vəsiyyət;

4. Məkruh: Məsələn, qəbir üzərində məqbərə tikilməsi haqqında vəsiyyət;

5. Haram: Məsələn, fəsad mərkəzlərinin yaradılması, azdırıcı kitabların nəşri haqqında vəsiyyət.

Ayənin davamında – “Bəqərə” surəsinin 181-ci ayəsində buyurulur:

فَمَن بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ إِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

Hər kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.”

Bu ayə vəsiyyəti dəyişmək istəyənlərə bir xəbərdarlıqdır. Əgər bir şəxs vəsiyyətin mətnindən xəbərdar olduqdan sonra onun icrasında dəyişikliklərə yol verərsə, bu dəyişiklik həmin ləyaqətsiz işi görənin boynunadır. Vəsiyyət edən isə etdiyi vəsiyyət əsasında əvəz alır. Məsələn, bir şəxs vəsiyyət edir ki, yüz fəqirə yardım edilsin. Vəsiyyəti icra edənlər buna əməl etməsələr, bu halda vəsiyyət edən şəxs yüz fəqirə yardımın savabını alır. Vəsiyyətdən xəbər tutmadan fəqirlər üçün vəsiyyət olunmuş payı alanlar üçün də günah yoxdur. Bu işdə yeganə günahkar vəsiyyəti dəyişib, fəqirin payını başqalarına verənlərdir. Elələri bilməlidirlər ki, Allah eşidən və biləndir, xəyanətlərinin cavabını dünya və axirətdə alacaqlar. Hədisdə oxuyuruq: “Vəsiyyət yəhudi və məsihilərin xeyrinə də olsa, onu dəyişməyin.” (“Nurus-səqəleyn”, c.1, səh.159.)

“Bəqərə” surəsinin 182-ci ayəsində isə belə buyurulur:

فَمَنْ خَافَ مِن مُّوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلاَ إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Hər kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə, (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşməz. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.”

“Məcməül-bəyan” təfsirinin müəllifi “cənəf” sözünü büdrəməyə xəbərsiz meyil mənasında, “ism” sözünü isə bilərəkdən günah mənasında açıqlamışdır.

Bu barədə qadağan olan məsələ düzgün vəsiyyətlərin dəyişdirilməsidir. Amma bir vəsiyyət fitnə səbəbidirsə və ya dini ölçülərə ziddirsə, onu dəyişməyin eybi yoxdur. Əgər bir şəxs öz var-dövlətinin üçdə birindən çoxunu vəsiyyət edərsə, bu miqdarı azaltmaq olar. Əgər vəsiyyət edilən işlər günahdırsa, vəsiyyəti dəyişməyin eybi yoxdur. Vəsiyyət fitnə-fəsad yaradırsa, İslam hakiminin razılığı ilə bu vəsiyyəti dəyişmək mümkündür. Bütün hallarda İslam üçün çıxılmaz vəziyyət yoxdur. Bütün əməllərin nəticəsi təqva olduğundan, təqvaya zidd bütün işləri islah etmək olar.

Bildirişlər

1. Ölüm insanın dünya həyatına son qoysa da, vəsiyyət kimi işlər onun əməl naməsini açıq saxlayır.

2. Mal və sərvət düzgün yolda sərf edilərsə xeyirdir.

3. Vəsiyyətdə irsdən əlavə, valideyn və yaxınlar üçün pay ayrılmalıdır.

4. Vəsiyyət cəmiyyətdə bəyənilmiş adət əsasında olmalıdır.

5. Vəsiyyətin tərk olunması başqalarının haqlarına münasibətdə təqvasızlıq növüdür.

6. Başqalarının hər hansı vəsiyyəti dəyişməsi haramdır.

7. Mülkiyyət haqqı hətta insanın ölümündən sonra da möhtərəmdir. Vəsiyyəti dəyişməyə kimsənin haqqı yoxdur.

8. Bilərəkdən, qərəzlə edilən günah təhlükəlidir.

9. Vəsiyyət edərkən şahid tutmaq lazımdır.

10. Başqaları vəsiyyəti yerinə yetirməsələr də, vəsiyyət edənlər əvəz alırlar.

11. İnsanın Allah hüzurunda olduğuna inanması təqvanın və vəsiyyəti dəyişməməyin ən üstün amilidir.

12. “Əhəmm” və “mühümm” (əhəmiyyətli və ən əhəmiyyətli) məsələlərinə diqqətli olmaq lazımdır. Vəsiyyətə hörmət mühümdür. Amma fitnəni aradan qaldırmaq və müsəlmanların işlərini islah etmək daha mühümdür.

13. Vəsiyyətin dəyişməsi fitnəni aradan qaldırmağa və islaha əsaslanmalıdır.

(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 180-182-ci ayələrin təfsiri.)

Dəryadan bir damla
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap