header

 PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN (S) ƏXLAQ BARƏDƏ 12 HƏDİS

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إَنَّكُمْ لَنْ تَسَعُوا النّاسَ بِأَمْوالِكُمْ، فَسَعوهُم بِأَخْلاقِكُمْ

“Siz heç vaxt camaatı mal-dövlətinizlə ələ ala bilməzsiniz, onları əxlaqınızla ələ alın.” (“Əl-əmali”, Şeyx Səduq”, səh.68.)

Gözəl əxlaq hissləri birləşdirən, insanlar arasında məhəbbət və sevgi yaradan amildir.

2. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

أَفاضِلُكُم أَحْسَنُكُم أَخْلاقاً، الْمُوَطِّئونَ أَكْنافاً، الَّذينَ يَأْلَفُونَ وَ يُؤْلَفُونَ، وَ تُوَطّأُ رِحالُهُم

“Sizin ən üstününüz ən yaxşı əxlaqı olan, ətrafındakılara kömək edib onlarla ünsiyyət bağlayan, onları sevərək bir yerə toplayan və hacətlərini yerinə yetirən şəxsdir.” (“Üsuli-kafi”, 2-ci cild, səh.110.)

Məqamca ən üstün, ən böyük insan gözəl əxlaqı olan, insanlarla qaynayıb qarışan və onların ehtiyaclarını təmin edəndir.

3. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إنَّ صاحِبَ الْخُلُقِ الْحَسَنِ لَهُ مِثْلُ أَجْرِ الصَّائِمِ الْقائِمِ

“Yaxşı xasiyyəti olan şəxsin savabı gündüzlər oruc tutub, gecələri namaz qılan şəxsin savabı qədərdir.” (“Əl-kafi”, 2-ci cild, səh.100.)

Allah-Taala gözəl əxlaqı olan şəxs üçün çoxlu mükafat nəzərdə tutmuşdur. Onun Allah-Taala yolunda oruc tutub namaz qılan şəxsin savabı qədər əcri, mükafatı var.

4. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

عَلَيْكُمْ بِحُسْنِ الْخُلُقِ، فَإنَّ حُسْنَ الْخُلُقِ فى الْجَنَّةِ لاَ مَحالَةَ

“Gözəlxasiyyətli olun. Həqiqətən, gözəlxasiyyətli olan cənnətlikdir.” (“Camiul-əxbar”, 1-ci cild, səh.107.)

Allah-Taala cənnəti gözəl əxlaqı olanlar və cəmiyyətin ən üstün, ən dəyərli şəxsləri üçün hazırlamışdır.

5. Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur:

يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

İmam Əli (ə) buyurdu: “Bəli, ya Rəsuləllah (s)!”

Həzrət (s) buyurdu:

أحسنكُم خُلقاً ، وأعظمُكم حلماً ، وأبرُّكم بقرابتِه ، وأشدُّكم من نفسِه إنصافاً.

“Ən gözəl əxlaqı və ən böyük həlimliyi olanınız, yaxınlarına ən çox yaxşılıq edəniniz və insaf baxımından daha çox öz nəfsinə qarşı çıxanınızdır.” (“Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.340.)

Doğrudan da, gözəl xasiyyət ən üstün sifətlərdəndir. Kimdə bu sifət və həlimlik olsa, deməli, o, Peyğəmbərə (s) oxşamışdır.

6. Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) vəsiyyət edərək belə buyurmuşdur:

يا عَلِىُّ، أَحْسِنْ خُلُقَكَ مَعَ أَهْلِكَ وَ جِيْرانِكَ وَ مَنْ تُعاشِرُ، وَ تُصاحِبُ مِنَ النّاسِ تُكْتَبُ عِنْدَ اللهِ تَعالى فى الدَّرَجاتِ الْعُلى

“Ey Əli, ailən, qonşun və səninlə təmasda olan şəxslərə qarşı xasiyyətini gözəlləşdir ki, uca Allahın yanında yüksək mərtəbələrə ucalasan! (“Biharul-ənvar”, səh.67-74; “Tuhəfül-üqul”, səh.14.)

Həqiqətən, ailə, qonşu və dostlarla gözəl davranış insanın dünyada qazandığı ən üstün əməldir.

7. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إِنَّ اللهَ تَعالى يُحِبُّ مَكارِمَ الْأَخْلاقِ، وَ يَبْغَضُ سَفاسِفَهَا

“Həqiqətən, Allah-Taala gözəl əxlaqı sevir və alçaq sifətlərə nifrət edir.” (“Səfinətül-bihar”, 1-ci cild, səh.411.)

Allah-Taala gözəl əxlaqı sevdiyi kimi, insanlar arasında pislik və düşmənçilik yaradan xoşagəlməz xasiyyətləri bəyənmir.

8. Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur:

يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ تَعْفُو عَمَّنْ ظَلَمَكَ

“Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir: səni məhrum edənə yaxşılıq etmək, səninlə əlaqəsini kəsənlə əlaqə yaratmaq və sənə haqsızlıq edəni bağışlamaq!” (“Əl-xisal”, Şeyx Səduq, səh.125.)

Qeyd etdiklərimiz Peyğəmbərin (s) öz ümmətinə əxlaqlarını zinətləndirib gözəlləşdirmək, üstün sifətlərə malik olmaqla dünyanın başqa millətlərinə nümunə olmaq üçün buyurduğu bəzi hədislər idi.

O həzrət həm də müsəlmanları öz aralarında düşmənçilik doğurub pis münasibət yaradan və bir-biri ilə əlaqələrini kəsməyə səbəb olan nalayiq xasiyyətlərdən çəkindirmişdir.

9. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

أَبَى اللهُ لِصاحِبِ الْخُلُقِ السَّيِّئِ بِالتَّوْبَةِ

“Allah-Taala pis xasiyyəti olan şəxsin tövbəsini xoşlamaz.”

“Bu necə ola bilər, ey Allahın Rəsulu (s)!?” – deyə soruşduqda, Həzrət buyurdu:

أَنَّه إِذَا تَابَ مِنْ ذَنْبٍ وَقَعَ فِي ذَنْبٍ أَعْظَمَ مِنْه

“Çünki belə bir şəxs bir günahdan tövbə edib əl çəkdikdə, ondan da böyük başqa bir günaha düşür(“Biharül-ənvar”, 8-ci cild, səh.74.)

Pis xasiyyət insanı günaha sürükləyir və nəticədə onu həlak edir.

10. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إِياكُمْ وَ سُوْءُ الْخُلُقِ، فَإِنَّ سُوْءَ الْخُلُقِ فى النّارِ

“Pis xasiyyətdən çəkinin. Doğrudan da, pis xasiyyət oddadır.” (“Biharul-ənvar”, 74-cü cild, səh.48.)

Pis xasiyyət öz sahibini həlak edib böyük təhlükəyə salır və onu cəhənnəmə aparır.

11. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إنَّ الْخُلُقَ السَّيِّئَ يُفْسِدُ الْعَمَلَ كَما يُفْسِدُ الْخَلَّ الَعَسَلَ

“Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməlləri xarab edir.” (“Kənzul-ummal”, 3-cü cild, səh.443.)

Pis xasiyyət insanda çatışmazlıq və naqislikdir. Peyğəmbər (s) də insanları bundan çox çəkindirmişdir. Çünki o, əməlləri batil edir.

12. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إنَّ اللهَ تَعالى يَبْغَضُ الْمُعَبِّسِ فى وُجُوْهِ إخوانِهِ

“Qardaşlarına qaşqabaq sallayan şəxsi Allah sevməz.“ (“Kənzul-ummal”, 3-cü cild, səh.441.)

(“Əxlaqun-Nəbiyy (s) və Əhli-bəytihi (ə)“, Şeyx Baqir Şərif Qərəşi, səh.8-12.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap