header

 KİM İSLAMŞÜNAS ALİM ADLANIR?

Keçmiş dövrlərə nisbətən son zamanlar İslamdan danışanların sayı daha çoxdur. Qərb şərqşünaslarının şöhrəti dünyanı bürüdüyü və elmi-tədqiqat işlərinin müxtəlif dillərdə yayılması ilə bərabər onların şərq avanqardları da humanitar elmlərin tərənnümçüləri kimi, İslam universitetlərində böyük ustad və s. titullarla fəaliyyət göstərirlər. Burada İslam elmlərini dərindən mənimsəyə bilməyən üçüncü bir qrup da vardır ki, dindar cəmiyyətdə özünə nüfuz qazanaraq əksəriyyəti təşkil edir.

Məlum olduğu kimi, birinci qrup adətən baxış və münasibətlərində sadiq olmayıb, çox vaxt proseslərə ötəri yanaşaraq İslam dili və mədəniyyətinə vara bilmədikləri üçün İslamı düzgün və olduğu kimi tanımamışlar. İkinci qrup da məqsədlərində bəzən sadiq olduqlarını bildirsələr də, öz qərb müəllimləri qarşısında sanki ətalətə məruz qalaraq bir şey qavramamışlar. Üçüncü qrupun isə geriliyinə bir dəlil-sübut qalmır. Onlar elmi mütaliə və tədqiqat işlərində kifayət qədər fəaliyyətləri olmadıqlarından islami məsələlərdə bir nəzər yürütməyə qadir deyillər. Burada yalnız İslama və dini qaynaqlara dərindən yiyələnən alim qəhrəmanlıq göstərə bilər. Bütün bunları nəzərə alaraq müasir zamanda İslamı dərindən bilənlərin sayının nə qədər az olduğu məlumdur və bu dəyərli xüsusiyyətlərə malik olanların sayı olduqca məhduddur. Əlbəttə, İslamı araşdırmaq, üzərində düzgün təhqiqat aparmaq, ona əsaslanaraq danışıb-yazmaq istəyənlər gərək ilkin məlumatları kəsb etsinlər və bundan başqa bir yol da yoxdur!

Şübhəsiz, İslamla bağlı hər bir məsələdə ən əhəmiyyətli şey sədaqət və doğruluqdur və digər cəhətlər isə onun üfüqündədir. Hər fikirdə sözün gözəlliyi, yazının ədəbiliyi, mətləblərin dolğunluğu, misalların uyğunluğu əsas şərtlərdən sayılsa da, söz və yazıda sədaqət və həqiqət ilkin şərtdir və onun üzərindən asanlıqla keçmək olmaz. Oxucu və dinləyicini razı salmaq və ya zəmanəyə uyğun yazmaqla ideya və fikri dəyişmək olmaz. Burada danışanın və yazıçının vəzifəsi daha ağırdır. Allah-Taala dinində azacıq belə dəyişikliyə razı deyil və heç kəsə də bunu bağışlamır.

İndi isə görək, İslamla bağlı hər hansı bir məsələdə həqiqət və doğruluğun meyarı nədir və buna kim riayət edir? Bəzən İslama tam əks bir mövzunun bir sıra hədislərə əsaslandırılmasının şahidi oluruq, yaxud da həqiqətdən kənar və İslama zidd bir fikirdə Quran ayəsinə istinad edilir. Bu məsələ çox vaxt baş verir.

Deməli, hər yerdə İslamın adından ötəri çıxış etməyin və ya bir sıra hədislərə istinadın elmi-təhqiqi bir iş kimi İslamla heç də əlaqəsi yoxdur. Əslində, burada dini əsərlərə tam diqqət və kifayət qədər əhatə tələb olunur ki, bunun da bir sıra ilkin elmlərə yiyələnməsi lazımdır.

Amma bir alimin İslamı düzgün tanıyıb-tanıtdırması üçün bütün dini mətn və qaynaqlara dərindən vaqif olması zəruri olsa da, (şübhəsiz, onsuz İslama yiyələnə bilməz), kifayət deyil. Doğrusu, elmi sona və həqiqət mənzilinə bitişdirən amil alimin özündən mühakimə yürütməməyi, qədim və yaxud hər hansı yeni məktəb və cərəyanlara meyilli və mənsub olmamağıdır.

Deməli, yalnız aşağıdakı şərtləri ödənən şəxs islamşünas alim adını daşıya bilər:

1. dini mənbələrin məcmusu (Quran, hədis, təfsir, tarix, “sirə” və “rical”) ilə tanışlıq və onların dərindən kəsbi;

2. dinsiz məktəblərə real münasibətlə xalisniyyətli, azaddüşüncəli, şəxsi rəy və nəzərdən uzaq olub, necə deyərlər, saf zehinlə hər bir həqiqətin araşdırılması. (Bu şərt rəvayətlərimizdə Quran təfsiri ilə əlaqələndirilir və təfsirçi Quranı öz rəy və nəzəri ilə təfsir edə bilməz.)

Qeyd etməliyik ki, İslamın bünövrəsi “kitab” və “sünnə”yə əsaslanan maariflə zəngindir. Biz Qurani-Kərimin nazil olduğu və Peyğəmbər (s) sünnəsini təşkil edən rəvayətlərin söylənildiyi vaxtdan əsrlərlə uzaq düşdüyümüzdən onları qavrayıb başa düşməyimiz üçün bir sıra elmi vəsaitlərə ehtiyac duyuruq ki, onlarsız min dörd yüz illik uzun fasiləni aradan götürüb Peyğəmbər (s) və imamların (ə) dövründəki bir ərəbi təmsil etməyimiz qeyri-mümkündür. Buna əsasən, İslam maarifini kamil araşdırmaq üçün hər şeydən əvvəl ərəb dili, lüğəti və ədəbiyyatı ilə ixtisaslı şəkildə tanış olmaq lazımdır. Hər halda, bir alimə ərəb dilinin morfologiya və sintaksisini, dildə işlənən həqiqi və məcazi məna və ifadələri, kinayələri, hədsiz metafora formalarını öyrənməyi, dil və ədəbiyyatı o dövrün ərəbləri kimi dərk etməyi üçün zərurətdir.

Bildiyimiz kimi, zaman ötdükcə hər bir dil müxtəlif amillərin təsirinə məruz qalır; dil və lüğət müəyyən müddətdən sonra dəyişilir, ilkin məfhumlarını itirir, ona yeni sözlər əlavə olunur və s. Məhz bu dəyişikliklərdən, məkan və zamanla əlaqədar yeniliklərdən xəbərdar olmaq üçün ərəb dili ilə də yaxından tanışlıq və İslama giriş olaraq ilk addım kimi ixtisaslı şəkildə ərəb dili və ədəbiyyatına varmaq zəruridir.

Bizi Peyğəmbər (s) və Əhli-beyt imamlarına (ə) birləşdirən böyük tarixə, çoxsaylı ravi və kitab silsilələrinə nəzər saldıqda, islamşünas alim hökmən Peyğəmbər (s) və imamların (ə) səhabələri, islami kitab və mətnlərin ravi və müəllifləri haqda geniş bilik sahibi olmalı, tarix və “sirə” ilə bağlı hədislərin düzgünlüyünü ayırd edə bilməlidir. Bu, hətta islami mətnlərə qarışan “israiliyyat” kimi rəvayətləri tanımağa, yad mədəniyyətlərin dini mənbələrə təsirlərini müəyyən etməyə qədər əhatəli olub, İslam ayin və həqiqətlərini təhrifsiz əldə etmək üçün böyük əhəmiyyət daşıyır. Bununla əlaqədar mütləq qeyri-islami fəlsəfə və cərəyanları da öyrənmək zəruridir və bunsuz təhqiqat işlərində hər hansı nüfuz və təsirlərin keyfiyyətindən agah olmaq müşkül məsələdir.

Hələ bu elmlər İslama giriş üçün ilkin şərtlər sayılır və onlarsız kimisə mütəfəkkir və alim adlandırmaq qeyri-mümkündür. Bu iki dəstə giriş elmlərindən sonra əsl mətnlərə çatırıq ki, həqiqətdə onların üzərində ixtisaslı surətdə tədqiqat aparılır və İslamın qanun, əhkam və incəlikləri əldə edilir.

Bu mətnlər neçə qrupa bölünür:

1. İslamda ilkin və əsl mətn – Qurani-Kərim: İslamşünas alim əvvəlcə Quran və onunla bağlı rəvayətləri ayələrin təfsiri, batini mənaları, təmsili və nazilolma səbəbləri əsasında İslamın ən mühüm və ilkin mətni kimi dəqiq araşdırmalıdır. “Əl-bürhan fi təfsiril-Quran” kitabındakı təxminən on iki min rəvayətə nəzər salanda, məlum olur ki, bu şöbənin əhatəsi nə qədər genişdir. (“Əl-mizan” təfsirində də beş minə yaxın rəvayət nəql olunaraq araşdırılmışdır.)

2. Əqidəvi əsərlər: Etiqad və nəzəri məsələlərlə bağlı İslamın nəfis xəzinələri digər din və millətlərlə müqayisədə misilsizdir. Bir İslam aliminə onları araşdırmaq vacib sayılır. Misal üçün, təkcə “Üsuli-kafi” kitabının bir cildində etiqadi məsələlərlə bağlı 1437 rəvayət vardır.

3. Əxlaq və səciyyələr: İslamda əxlaqi məsələlər və insani keyfiyyətlərlə əlaqədar mətnlər olduqca genişdir və onları saf-çürük etmədən onun adından bir nəzər yürütmək olmaz.

4. Əməli göstərişlər: İslamda insan, onun həyat proqramı və ona dair əməli göstərişləri əhatə edən əsərlər ən dəyərli mətnləri təşkil edir. Belə mənbələr geniş elmi-təhqiqi bir işdə zəruri olub, tədqiqatın əsas hissəsini təşkil edir. “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriət” kitabında 35850 hədis sırf islami hüquqlar və onlarla əlaqədar rəftarları müəyyənləşdirən məsələlərə aiddir. Bununla bağlı nəql olunmayan hədislər isə “Müstədrəkül-vəsail” kitabında toplanmış və oradakı hədislərin sayı təxminən iyirmi üç min qeyd edilmişdir.

5. Dualar: Bu zəmində Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt imamlarından (ə) bizə çatan əsərlər həqiqətdə İslam maarifinin incilərindəndir. Tövhid, məad, yaradılış aləmi, insanşünaslıq, əxlaq və s. dəyərlərin əksəriyyəti dualar qəlibində əks olunduğu üçün onların da dərindən araşdırılması zəruridir. (Şiənin sənəd və mətn baxımından ən yüksək mənəvi dua əsəri “Səhifeyi-Səccadiyyə”dir. Bu əsərdə qeyd edilən məsələlər geniş açıqlanır.)

6. ”Sirə” və tarix: İslam tarixi əsl mətnlərlə birgə dini rəhbərlərin yaşadığı dövrlərə qayıdır. Deməli, tədqiqat işlərində İslamın zühur etdiyi cahillik dövrü, Peyğəmbəri-Əkrəmin (s) Məkkə və Mədinədəki həyatı, Əhli-beyt imamlarının (ə) “kiçik qeybət”ə qədər yaşadıqları müxtəlif dövrlər nəzərə alınmalı, din rəhbərlərinin fərdi-ictimai rəftarları, öz dövrünün siyasi, iqtisadi, əxlaqi və ideoloji durumları həmin əsrlərdəki müxtəlif hadisələrlə yanaşı dəqiq araşdırılmalı və nəhayət, İslamın hər şəraitdəki son mövqeyi əldə edilməlidir. Qeyd edək ki, Peyğəmbər (s) və imamların (ə) fərdi və ictimai həyatındakı yaşayış və mövqeyi ümumbəşəri hüquqları, doğru siyasəti və layiqli rəhbərliyi təmsil edən misilsiz xəzinə sayılır.

Tədqiqat aparan şəxs məsələlərin istixracında mütləq aşağıdakı mövzulara diqqət yetirməlidir: ümumi İslam tarixi, Peyğəmbəri-Əkrəmin (s) “sirə”si, İslamda elmi tarix, din və məzhəb, İslamda məzhəb və cərəyanların tarixi, Əhli-beyt imamlarının (ə) mövqeyinə uyğun rəvayətlər, Peyğəmbər (s) və imamların (ə) səhabələrinin həyatı, rəsmi xilafət tarixi.

Bunlar böyük maarif diyarına açılan pəncərədir. Mənim nəzərimcə, İslamı dərindən bilən islamşünasın sayı çox azdır və yalnız onlar geniş əhatəyə malik olduqlarından əsaslı nəzər yürüdə bilərlər. Əlbəttə, fiqh, üsul, kəlam, tarix, rical, hədis, təfsir və s. elmi sahələrdə mütəxəssislər az deyil. Bununla belə, qeyd etdiyimiz kimi, onları həqiqi mənada islamşünas alim adlandırmaq olmaz.

(Əllamə Mürtəza Əskərinin “Nəqşe-əimmə dər ehyaye-din” (Dinin dirçəlişində imamların rolu) kitabının müqəddiməsi.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap