header

 Qaşıqçı cinayəti Vaşinqton və Ər-Riyad üzərində təzyiqləri artırır

Pompeo Yəməndə sülh təklif edir, ingilis kəşfiyyatı isə növbəti dəfə mediada Qaşıqçı cinayəti ilə bağlı yeni detalları açıqlayıb

Pompeo Yəməndə sülh təklif edir, ingilis kəşfiyyatı isə növbəti dəfə mediada Qaşıqçı cinayəti ilə bağlı yeni detalları açıqlayıb

 

Oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda yoxa çıxmış jurnalist Camal Qaşıqçı ilə bağlı yeni iddialar ortaya çıxmaqdadır. İngilis mətbuatı Qaşıqçının öldürülməsi səbəbini yazıb.

 

Britaniyada nəşr olunan “Ekspress” qəzeti yazıb ki, jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanı hakimiyyətinin Yəməndə kimyəvi silahdan istifadə etdiyi haqda məlumatlara malik olub və bu məlumatları açıqlamağa hazırlaşdığı üçün öldürülüb. Qəzet bu məlumatı Britaniya kəşfiyyatındakı “mənbələrə” istinadən yayıb. Məlumatda bildirilir ki, Qaşıqçının krallığın Yəməndə kimyəvi silah işlətməsi haqda məlumata malik olmasını bilən Krallıq ailəsinin nüfuzlu üzvü buna mane olmaq üçün Qaşıqçının Ərəbistana gətirilməsini tapşırır.

 

Yazıda o da iddia olunur ki, ingilis kəşfiyyatı bu barədə Qaşıqçının yoxa çıxmasından 3 həftə əvvəl xəbərdar olub. Ancaq kəşfiyyat mənbələri Qaşıqçının öldürülməsi və ya qaçırılması barədə təlimatın birbaşa vəliəhd-şahzadə Məhəmməd bin Salman tərəfindən verildiyini təsdiqləməyib.

 

Bu arada ötən gün BMT növbəti dəfə Səudiyyə Ərəbistanı hakimiyyətini C.Qaşıqçının cəsədinin yerini açıqlamağa çağırıb. Bu barədə açıqlamanı BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet verib.

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən yayılan bəyanatda jurnalistin qətlə yetirilməsini tam müstəqil, siyasi təsirlərdən uzaq şəkildə araşdırmaq üçün beynəlxalq ekspertlərin iştirakının vacibliyi vurğulanır.

 

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də baş konsulluğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin baş konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin baş konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

 

 

 

ABŞ-ın “Vaşinqton Post” qəzeti isə Tramp administrasiyası və Ər-Riyadın Camal Qaşıqçı cinayətini ört-basdır etməyə çalışdığını yazıb. Yazıda bildirilir ki, krallıq jurnalistin İstanbuldakı baş konsulluqda qətlə yetirilməsi hadisəsini arxa plana keçirməyə çalışır. Məqalədə o da qeyd olunur ki, Türkiyə hökuməti jurnalistin öldürülməsi ilə bağlı apardığı araşdırmalar nəticəsində əldə edilən bütün dəlil-sübutları, istintaq materiallarını ABŞ-a verib.

 

Yeri gəlmişkən, oktyabrın 23-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel, 28-də isə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mucib Türkiyəyə səfər edib. Ancaq hələlik Ər-Riyad jurnalistin cəsədinin yerini açıqlamaq istəmir.

 

Xatırladaq ki, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna daxil olub. Ancaq sonra oradan çıxmayıb. Daha sonra mediada Qaşıqçının öldürüldüyü, daha sonra isə doğranıb parçalara ayrıldığı xəbərləri yayılıb. Bundan sonra Qaşıqçının yoxa çıxması ilə bağlı Türkiyədə istintaq başladılıb, ABŞ xəfiyyəsi, eləcə də Səudiyyə Ərəbistanından göndərilmiş istintaq qrupu cinayət işini araşdırıb. Ərəbistan hökuməti isə yalnız iki həftədən sonra Qaşıqçının konsulluqda dindirilmə zamanı baş verən qarşıdurmada öldüyünü etiraf edib. Lakin hələlik istintaq jurnalistin cəsədini tapa bilməyib.

 

 

 

Ərəbistan kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

 

Ancaq ABŞ hakimiyyəti və xüsusən də prezident Tramp sərt bəyanatlar verməsinə baxmayaraq, Ər-Riyada qarşı konkret təzyiqlərin olacağını deməyib. Əksinə, hadisələrin qızğın vaxtında Tramp Səudiyyə ilə silah anlaşmalarının qüvvəsində qalacağını bildirib.

 

Ötən gün isə dövlət katibi Maykl Pompeo yazılı açıqlama yayaraq Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəni dayandırmağa çağırıb. Pompeo açıqlamasında Yəməndə atəşkəsin elan olunması və sülh danışıqlarının başlamağa səsləyib. Maraqlıdır ki, Pompeonun açıqlaması Səudiyyə Ərəbistanı ordusunun 5 aya yaxındır ələ keçirə bilmədiyi Yəmənin liman şəhəri Hudeydiyyəyə hücuma hazırlaşdığı xəbərləri ilə eyni gündə verilib. Səudiyyə koalisiyası husilərin nəzarətində olan Hudeydiyyəni artıq neçənci dəfədir ki, hücum etsə də ala bilmir.

 

 

Ehtimal olunu rki, ABŞ dövlət katibi Yəməndə sülh çağırışı etməklə diqqətləri Qaşıqçı işindən yayındırmaq, eyni zamanda ABŞ-ın üzərində olan tənqidləri yumşaltmağa çalışır. Son günlərdə ABŞ mətbuatı Yəməndə baş verən amansız müharibəni tənqid edir. Amerika silahlarının dinc yəmənliləri öldürdüyünü xüsusi vurğulayır.

 

Xatırladaq ki, Səudiyyə koalisiyası 2015-ci il martın 26-dan etibarən Yəmənə hərbi müdaxilə edib. Bu ölkədə husi Ənsarullah hakimiyyətini devirmək, mühacirətdə olan Mansur Hadi hökumətini yenidən hakimiyyətə qaytarmağa çalışır. Ancaq husilər ciddi müqavimət göstərdiyi üçün 3 ildən çoxdur koalisiya ciddi uğurlara nail ola bilməyib. Ancaq ərəb aviasiyası paytaxt Səna da daxil olmaqla, ölkəni başdan başa bombalayıb. Yəməni blokadaya alan ərəb koalisiyası bu ölkədə xüsusən də husilərin nəzarətində olan bölgələrdə aclığın və dərman qıtlığının yaranmasına səbəb olub. Hazırda ölkə əhalisinin böyük hissəsi aclıq çəkir. Ərəbistan isə Husi hakimiyyətinin İran tərəfindən dəstəkləndiyini əsas gətirərək danışıqlardan imtina edir. Ancaq mümkündür ki, krallığın müəyyən mənada imicini yaxşılaşdırmaq üçün Vaşinqtonun atəşkəs təklifini Ər-Riyad dəyərləndirəcək.

Pompeo Yəməndə sülh təklif edir, ingilis kəşfiyyatı isə növbəti dəfə mediada Qaşıqçı cinayəti ilə bağlı yeni detalları açıqlayıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap