header

 BUDUR BÖYÜK SƏADƏT!

İlahi dünyagörüşünə əsasən, insan həyatının iki mərhələsi var: dünya mərhələsi və axirət mərhələsi. İnsanın dünya həyatı axirət həyatı ilə müqayisədə bir göz qırpımını xatırlayır. Ümumiyyətlə, dünya axirətlə müqayisəyə gəlməz və insanın sonsuz həyatı müqabilində heçdir. Buna görə də, insanın dünya həyatı, başdan-başa ağrı-acı və dərd-qəmlə dolu olsa da belə, digər dünyadakı davamlı, əbədi və daha yaxşı ləzzətlərlə müqayisədə puçdur. Əgər o, dünya çətinlikləri, ağrı-acıları müqabilində axirətini qazana bilsə xoşbəxtdir. Bunun əksi də qüvvədədir. Yəni əgər insan dünya həyatında ləzzətlərə qərq olsa və bu, onun axirət dünyasında bədbəxtliyi ilə nəticələnsə, onu əsla xoşbəxt adlandırmaq olmaz. Axirəti və əbədi həyatı nəzərə almadan, dünyada insanlar iki qrupa bölünürlər: xoşbəxt və bədbəxt insanlar. Xoşbəxt insan dünyada daha çox ləzzət alan, bədbəxt insan isə dünyada ağrı-acıları ləzzətlərindən daha çox dadan şəxsdir.

Səadət və xoşbəxtlik sözü Quranda ilahi dünyagörüşünə əsaslanan mənada bir yerdə işlədilmişdir. Allah-Taala bu barədə buyurur:

فَمِنْهُمْ شَقِّىٌ وَ سَعيدٌ فَاَمَّا الَّذِيْنَ شُقُوْا فَفى الْنّارِ لَهُمْ فِيها زَفِيرٌ وَ شَهيقٌ خالِدينَ فيها ما دامَتِ الَّسمواتُ وَ اْلاَرْضُ اِلاّ ما شاءَ رَبُّكَ اِنَّ رَبَّكَ فَعّالٌ لِما يُريدُ وَ اَمّا الَّذينَ سُعِدُوا فَفى الْجَنَّةِ خالِدينَ فيها ما دامَت الَّسمواتُ وَاْلاَرْضُ اِلاّ ما شاءَ رَبُّك عَطاءً غَيْرَ مَجْذُوذ

(O gün) İnsanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir. Rəbbinin istədiyi istisna olmaqla, onlar orada əbədi – göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət olaraq göylər və yer durduqca orada əbədi qalacaqlar. (“Hud”/105-108.)

Əgər insanın həyatına ilahi dünyagörüşü və Quran maarifi baxımından nəzər salsaq, dünya həyatının ümumilikdə bir şey olmadığına şahid olarıq. Əbədi olaraq cəhənnəm odunda qalacaq şəxsə bu ötəri dünyada bütün ömrünü ləzzət içərisində keçirməsini fərz etsək belə, necə xoşbəxt demək olar?! Bunun əksi də gücündədir. Əgər kimsə əbədi dünyada xoşbəxtdirsə, Quran dili ilə desək, əbədi olaraq Cənnətdə yaşayırsa, müvəqqəti dünyada bütün ömrünü işgəncə altında keçirmiş olsa belə xoşbəxtdir. Çünki ümumi hesabda dünyanın ləzzət və ağrısı axirət müqabilində heç nədir. Buna görə də, İslam dünyagörüşündə xoşbəxtlik və bədbəxtliyin meyarı əbədi ləzzət və əbədi əzabdır. Belə ki, İslam nə xoşbəxtlik və bədbəxtliyin mənasını dəyişir, nə də özündən insanların dərk edib qavramayacağı yeni-yeni təbirlər işlədir. Quran xoşbəxtliyi daha davamlı ləzzət, bədbəxtliyi də davamlı ağrı-acı və əzab-əziyyət hesab edir. Lakin onların nümunələrini dəyişir. Dünyanın ləzzətləri və əzab-əziyyətləri davamlı olmadığı üçün xoşbəxtlik və bədbəxtliyin düzgün nümunəsi olaraq axirət dünyası irəli sürülür.

“Qurtuluş” və “nicat” maneələri adlayaraq hədəfə çatmaqdır. İnsan həmişə öz hədəfinə çatmaq yolunda bir sıra maneə və çətinliklərlə qarşılaşır. O öz təlaşı ilə həmin çətinlik və maneələri aradan qaldırıb, nəzərdə tutduğu hədəfə çata bilər. Bu halda, onun barəsində “qurtuldu” ifadəsi işlədilir – yəni nicat tapdı, azadlığa çıxdı, rahatlaşdı, düşmənə qalib gəldi. Bu kimi məqamlarda qurtuluş sözündən istifadə edilir.

Quranda bəzi məqamlarda qurtuluş və nicat sözündən istifadə edilir. Məsələn, biri Fironun sehrbazlarının onun göstərişilə Musa peyğəmbərin qarşısında özlərini göstərmək istədikləri məqam həmin məqamlardandır. Qurani-Kərim buyurur ki, Firon onları təşviq etmək, həvəsləndirmək məqsədi ilə dedi:

وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَى

Bu gün qalib gələn nicat tapacaqdır! (“Ta-Ha”/64.)

“Düşmənə qalib gəlmək” əvəzinə “nicat tapmaq” sözü işlədilir. Quranda həmçinin mənəvi sahədə dünya çətinliklərindən xilas olub digər aləm və səhnədə rahatlığa daxil olanlar barəsində “nicat və qurtuluş” sözündən istifadə edilir. Məsələn buyurulur:

قَدْ أَفْلَحَ مَن تَزَكَّى

(Günahlardan) Təmizlənən kimsə nicat tapacaqdır. (“Əla”/14.)

Başqa bir ayədə buyurulur:

قَدْ اَفْلَحَ مَنْ زَكيها

 Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! (“Şəms”/9.)

“Muminun” surəsinin 1-ci ayəsində buyurulur:

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ

Həqiqətən, möminlər nicat tapmışlar!

Bəli, insanın nəfsini paklaması onun nicatı və qurtuluşuna nəinki təsirlidir, hətta bunun üçün yeganə yoldur. “Nicat və qurtuluş” sözü Quranın başqa ayələrində insanın ibadətləri və digər gözəl əməllərinin nəticəsi olaraq qeyd edilir və “bəlkə” sözü ilə birlikdə işlədilir. Buyurulur:

وَاذْكُرُوا اللَّهَ كَثِيراً لَّعَلَّكُمْ تُفْلِحُونَ

Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. (“Cümə”/10.)

Başqa bir ayədə buyurulur:

وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Allahdan qorxun ki, bəlkə nicat tapasınız. (“Ali-İmran”/130.)

Allah-Taala insanları təqvaya, Allah zikrinə, günahlardan çəkinməyə sövq etmək istədiyi məqamlarda “bəlkə nicat tapdınız, qurtuldunuz” ifadəsi ilə insanın son hədəfinin nicat və qurtuluş olmasını bəyan edir. İnsana öyrədir ki, qurtuluşa nail olmaq üçün bu işləri yerinə yetirməli və çirkin işləri tərk etməlidir.

Qurani-Kərim nicat və qurtuluşu yaxşı işlərin yerinə yetirilməsinin hədəfi kimi təqdim edir, bütün ibadətlər və gözəl əməllərin ona nail olmaq üçün yerinə yetirilməli olduğunu bildirir. Lakin heç vaxt qurtuluşun özü üçün başqa bir hədəf təqdim etmir və kiminsə qurtuluşa nail olmasından sonra nəsə olacağını bildirmir. Çünki qurtuluşdan qiymətli və dəyərli bir məqsəd yoxdur. Məsələn, Quranda belə bir ayə var:

فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي

Mənə ibadət et və Məni zikr etmək (yada salmaq) üçün namaz qıl! (“Ta-Ha”/14.)

Yaxud digər bir ayədə buyurulur:

إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ

Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür. (Ənkəbut”/45.)

Bu ayələrdə Allahı zikr etmək, çirkin və pis əməllərdən çəkinmək namazın hədəfi kimi təqdim edilir. Həmçinin, digər bir ayədə buyurulur:

وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ

Allahı çox zikr edin ki,bəlkə  nicat tapıb qurtulasınız! (“Ənfal”/45.)

Bu və bundan öncə qeyd edilən ayələrdə namazın hədəfi kimi təqdim edilən “zikr” üçün qurtuluşa nail olmaq hədəf göstərilir. Amma Quran ayələrinin heç birində nicat və qurtuluşun özü üçün hədəf təqdim edən ayəyə rast gəlmək mümkün deyil. Yəni “qurtulun ki, fılan şey olsun” deyən bir ayə yoxdur. Biz bu ifadələrdən belə bir nəticə əldə edirik ki, nicat və qurtuluş digər hədəf olan xoşbəxtlik kimi öz-özlüyündə son hədəf və zati istəkdir.

“Fəvz” sözünün mənası səadət və uğur, maddi yaxud mənəviliyindən asılı olmayaraq arzuya çatmaqdır. İnsan dünyada əbədi həyat və həmişəlik ləzzət axtarır və ləzzətə çatmaq üçün müvəqqəti çətinliklərə qatlaşır. Həmin əbədi həyat və ləzzəti əldə etsə, səadətə yetmiş, uğur qazanmış və arzusuna çatmış sayılır. Qurani-Kərimin bir çox ayələrində “fəvz” (səadət və uğur) sözü müxtəlif şəkillərdə işlədilir. Buyurulur:

لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ذَلِكَ الْفَوْزُ الْكَبِيرُ

Onlar üçün altından çaylar axan Cənnətlər vardır! Budur böyük səadət! (“Buruc”/11.)

Digər bir yerdə buyurulur:

مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ

(O əzab) Həmin gün kimdən döndərilsə, doğrudan da, Allah ona rəhm etmişdir və odur aşkar səadət! (“Ənam”/16.)

Növbəti bir ayədə də belə buyurulur:

رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük səadət! (“Maidə”/119.)

Həmçinin bəzi ayələrdə başqa bir ifadə işlədilərək buyurulir:

وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزاً عَظِيماً

Hər kəs Allaha və Onun Peyğəmbərinə itaət etsə, həqiqətən, böyük bir səadətə nail olmuşdur.(“Əhzab”/71.)

Bəzi ayələrdə isə yuxarıdakı iki ifadədən fərqli ifadə işlədilərək buyurulur:

الَّذِينَ ءَامَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ وَأُولَئِكَ هُمُ الْفَائِزُونَ يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ خَالِدِينَ فِيهَا أَبَدًا

İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin səadətə yetənlərdir. Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla, içərisində onlar üçün bol və daimi nemət olan Cənnətlərlə müjdələyir. Onlar orada həmişəlik, əbədi qalacaqlar. (“Tövbə”/20-22; “Quranda əxlaq” kitabından iqtibas edilmişdir, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.33-38.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap