header

 İMAM HÜSEYNİN (Ə) SARSILMAZ ƏZMİ

Şəhidlər sərvəri imam Hüseyn (ə) qiyama başlamazdan öncə yaxşı bilirdi ki, Yezid hakimiyyəti və onun şər qüvvələri onu və azyaşlı silahdaşlarını qətlə yetirmək niyyətindədir və xalq da o həzrətə yardım etməyəcəkdir.

Şəhidlər sərvəri imam Hüseyn (ə) qiyama başlamazdan öncə yaxşı bilirdi ki, Yezid hakimiyyəti və onun şər qüvvələri onu və azyaşlı silahdaşlarını qətlə yetirmək niyyətindədir və xalq da o həzrətə yardım etməyəcəkdir. Çünki onlar vaxtilə imam Əli (ə) ilə imam Həsənə (ə) qarşı vəfasızlıq nümayiş etdirmiş, imam Hüseynin (ə) özünə isə o günədək hələ də beyət etməmişdilər. Hətta imam Əlinin (ə) dövründə xilafətin paytaxtı olan Kufə şəhərinin Əmirəlmöminin Əliyə (ə) beyət edən, onun arxasında camaat və cümə namazları qılan, çıxışlarında iştirak edən əhalisi belə onun, daha sonra isə imam Həsənin (ə) üzünə ağ olmuş, üsyan qaldırmışdı. Belə insanlara etimad etmək olmazdı. Bu faktı sübuta yetirmək üçün imam Hüseynin (ə) hələ Kərbəla yolunda ikən Kufəyə göndərdiyi rəsmi nümayəndəsi Müslüm ibn Əqili amansızcasına şəhid etdikləri xəbərini almasına diqqət yetirmək kifayətdir.

İmam Hüseyn (ə) dostları və yaxınlarının qiyama etiraz cəhdlərinə rəğmən, Yezid iqtidarına qarşı mübarizə ilə qəti mövqeyini ortaya qoymuş və özünü şəhid olmağa hazırlamışdı. O, bilirdi ki, mövcud şəraitdə hakimiyyəti ələ keçirmək, hökumət təşkil etmək mümkün deyil. Hərçənd, qeyri-adi yollarla onun qətiyyətli mübarizəsi nəticə verə bilər və o, ilahi ədalətə əsaslanan bir hakimiyyət təsis edə bilərdi.

O həzrət İraqa yollanarkən qardaşı Məhəmməd Hənəfiyyə ona ademişdi: “Hazırda siz mənim imamım, rəhbərimsiniz və əslində, mənim sizə itaətim vacibdir. Lakin sizə tövsiyə edirəm ki, belə böhranlı günlərdə Mədinədə qalmayasınız. Öncə Məkkəyə gedin və təhlükəsizliyiniz təmin olduqda, orada qalın. Əks-təqdirdə isə, Yəmənə yollanın. Çünki oranın əhalisi inqilabi əhval-ruhiyyəyə sahibdir. Yəməndə də təhlükəsizliyi gördükdə, artıq, heç bir yerdə daimi məskunlaşmayın. Bu halda üzərinə qoşun yeridərək sizi ələ keçirə bilərlər. O zaman diyarbədiyar gəzin.“

İmam Hüseyn (ə) isə onun təklifinə belə cavab vermişdi: “Əgər sığınacaq bir yer qalmasa da, Müaviyə oğlu Yezidə beyət etməyəcəyəm.“ (“Biharul-ənvar“, c.44, səh.329.)

O həzrət deyirdi ki, yer üzünün şərqində, ya qərbində, şimalında ya cənubunda sığına biləcəyim, əmin-amanlıqda olacağım bir yer tapmasam da, şəhərbəşəhər, kənbəkənd dolaşmalı olsam da, bu rəzil hakimiyyətlə razılaşmayacağam.

Həmçinin Mədinənin valisi Vəlidin Yezidə beyət etməklə bağlı təklifinə cavab olaraq belə buyurmuşdu: “Yezid fasiq günahkar, əyyaş, qətli haram olan insanların canına qıyan, nümayişkaranə surətdə günaha qurşanan bir kəsdir və mənim kimi bir insan onun kimi birinə əsla beyət etməz.“ (“Biharul-ənvar“, c.44, səh.325.)

Diqqət etsəniz, görərsiniz ki, burada Yezidin özündən deyil, əksinə, imam Hüseynin (ə) mənəvi prinsipləri ilə uzlaşmayan bir düşüncədən, münasibətdən söhbət gedir. Ona görə, beyət satılmaq demək idi. O deyirdi ki, canını və malını Allaha satan (razılığı naminə canını və malını Ona fəda edən) təkallahçı artıq onların sahibi sayılmır və onlardan Allahın izni və razılığı olmadan istifadə etsə qəsbkardır.

İmam Hüseyn (ə) Mərvan ibn Həkəmin eyniməzmunlu təklifinə cavabı da bu mənəvi prinsipdən xəbər verir: “Əgər bu ümmətə Yezid kimisi rəhbərlik etməli olsa, onda İslamla vidalaşmaq lazımdır.“ (“Əl-futuh“, c.5, səh.17.)

Bir sözlə, Kərbəla hərəkatının mehvəri özünü ilahi öhdəliklər qarşısında məsul hesab edən hüquqi şəxs, başqa sözlə, ümmətin rəhbəri idi. Yəni imam Hüseyn (ə) bu çağırışında bəyan edirdi ki, həm təfəkkür tərzi, həm də məqsəd və istəkləri mənim kimi olan şəxs istibdad rejiminə, zalım hakimiyyətə qarşı barışmaz mövqe tutmalıdır. Bu qətiyyətli mübarizə yalnız mənim vəzifəm deyil, mənim kimi düşünən bütün insanların vəzifəsidir. Həmçinin mənim qarşımda mövqe tutan qüvvələr də Yezid iqtidarı ilə məhdudlaşmır. Həm təfəkküründə, həm də rəftarlarında onun kimi cəhalətə düçar olan hər bir qəddar hökmdar dərsini almalı, yalançı izzət və məqamından gerçəkdə layiq olduğu zillətə sürüklənməlidir.

Ulul-əzm peyğəmbərlərin varisi və ulul-əzm imamlardan biri olan imam Hüseyn (ə) Əməvi istibdad rejimini devirmək üçün ilk gündən qərarını qətiləşdirmiş, bu uğurda sürgün, hicrət, şəhadət, ailəsi və övladlarının əsarəti kimi təhlükə və çətinlikləri qəbul etmişdi. Ona hətta “xarici“ töhməti də vurulmuş, haqq yolunun rəhbəri fitnə-fəsad törətməkdə ittiham edilmişdi. O, namərdcəsinə üzərinə atılan bu böhtanlara cavabını vəsiyyətnaməsində belə açıqlayır: “Mən lovğa və dikbaş, fitnə-fəsad və zülmə rəvac verən biri olaraq üsyana qalxmadım. Həqiqətən, mən yalnız babamın ümməti arasında islahat çağırışı ilə qiyam etdim. İnsanları (Allah tərəfindən) məqbul hesab edilən əməllərə sövq etmək, məqbul hesab edilməyən əməllərdən isə çəkindirmək, babamın və atam Əli ibn Əbu Talibin yolu ilə getmək istəyirəm.“ (“Biharul-ənvar“, c.44, səh.329.)

İmam Hüseyn (ə) hayqırırdı ki, mən üzərimə atılan bütün iftiralardan uzağam, mənim ali hədəfim ilahi peyğəmbərlərin ali qayəsi ilə üst-üstə düşür, mənim bu hədəfə nail olmaq üçün tutduğum yol da saleh sələflərim olan peyğəmbərlərin və ilahi rəhbərlərin doğru yoludur.

O həzrət Məkkəyə gələr-gəlməz Abdullah ibn Ömər və Abdullah ibn Abbas kimi nüfuzlu şəxslər vaxt itirmədən onu Əməvi istibdadına qarşı qiyam etmək niyyətindən daşındırmaq üçün onun görüşünə tələsmişdilər. Abdullah ibn Ömər ona təklif etmişdi ki, Mədinəyə qayıtsın və öz vətənindən, Allah Rəsulunun (s) hərəmindən kənara çıxmasın ki, Əməvilərin də ona hücum üçün bir bəhanəsi qalmasın. O deyirdi ki, bu halda Yezidə beyət etməsən də, o, sənə yenidən düşünmək üçün fürsət verəcəkdir.

Şəhidlər sərvəri imam Hüseyn (ə) isə ona cavabında açıqlayır ki, mən əsla yanlış addım atmamışam, artıq təqiyyə və saziş zamanı deyil. O həzrət ən doğru qərar qəbul etdiyini və bu yolda hər şeyini verməyə hazır olduğunu bildirdi: “Göylər və yer olduğu kimi durduqca, bu söz (mənim nəzərimdə) nifrətə layiqdir. Sənə and verirəm Allahı, ey Abdullah! (De görüm) mən bu qərarımla xətaya yol vermişəmmi? Əgər sənin nəzərincə xətaya yol vermişəmsə (və bunu sübut edə bilərsənsə), məni qaytar (Mədinəyə geri dönməyimi istə), mən sözə ən çox qulaq asan və (haqq sözə) ən yaxşı boyun əyənəm!

Abdullah ibn Ömər: “Allah Öz Peyğəmbərinin (s) övladını əsla xətaya salmaz, ancaq sizin qanınızın axıdılmasından qorxuram!“ – dedikdə isə, imam Hüseyn (ə) bəyan edir ki, əgər onlar məni öldürməkdə qərarlıdırsa, mən də İbrahim Xəlilullah (ə) kimi Allaha təvəkkül içindəyəm və O, məni istənilən halda qalib edəcəkdir. (“İmam Hüseyn (ə) və əqlin inkişafı“, səh.187-190.)

Şəhidlər sərvəri imam Hüseyn (ə) qiyama başlamazdan öncə yaxşı bilirdi ki, Yezid hakimiyyəti və onun şər qüvvələri onu və azyaşlı silahdaşlarını qətlə yetirmək niyyətindədir və xalq da o həzrətə yardım etməyəcəkdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap