header

 Aşura hazırlığı: “Yaxşı olar ki, insanlar hiss və duyğularını ictimailəşdirmədən,…”

Hacı Şahin: “Kimlərsə buna cəhd edərsə, uğursuzluğa düçar olacaqlar”; Fazil Mustafa: “Küçədə azyaşlıları cəlb edərək zorakılıq əməlləri, şiddət tətbiq edən addımlar atmaq yanlışdır”

Hacı Şahin: “Kimlərsə buna cəhd edərsə, uğursuzluğa düçar olacaqlar”; Fazil Mustafa: “Küçədə azyaşlıları cəlb edərək zorakılıq əməlləri, şiddət tətbiq edən addımlar atmaq yanlışdır”

Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq. Bu barədə komitənin sədri Mübariz Qurbanlı məlumat verib. O bildirib ki, plana uyğun olaraq, görüşlər keçiriləcək, müzakirələr aparılacaq: “Məhərrəmlik ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər. Hesab edirəm ki, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər İslami dəyərlərə söykənir. Məhərrəmlik ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir”.

Mübariz Qurbanlı ile ilgili görsel sonucu

Mübariz Qurbanlının da söylədiyi kimi bəzi qüvvələr Azərbaycanda din faktorundan, dindar kəsimin adından istifadə edərək, qarışıqlıq yaratmağa cəhd edirlər. Ötən ay Gəncədə baş verən hadisələr buna bariz nümunədir. Məlumdur ki, Gəncədə İslama heç bir aidiyyəti olmayan, sadəcə olaraq müəyyən dairələrin tapşırığı ilə hərəkət edən bir qrup şəxs qarışıqlıq yaratmağa cəhd edib, iki polis zabitini qətlə yetirdilər.  Gəncənin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı olan sui-qəsdi də dindarların adına yazmaq istəyənlər oldu.  Ona görə də gözlənilir ki, Aşura günündən istifadə edib, ölkə ərazisində, xüsusilə Gəncədə yenidən qarışıqlıq yaratmağa cəhd edənlər olsun. Ötən il Gəncədə kifayət qədər izdihamlı Aşura günü keçirilmişdi. Bu baxımdan ekspertlər söyləyirlər ki, müvafiq güc strukturları ilə bərabər Gəncənin yeni icra başçısı Niyazi Bayramovun da üzərinə böyük məsuliyyət düşür.

Hacı Şahin Həsənli ile ilgili görsel sonucu

Hacı Şahin Həsənli

“Yeni Müsavat”a danışan ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib ki, indiyə qədər Aşurada heç bir insident yaşanmayıb:“Aşura Azərbaycanda hətta sovet dönəmində də qeyd olunub. Müstəqillik əldə etdikdən sonra isə daha geniş şəkildə təşkil olunub. Azərbaycanın müstəqillik tarixində hələ Aşura tədbirləri zamanı hər hansı bir insident baş verməyib. Düşünürəm ki, bu il də hər şey qaydasında olacaq. Kərbəla hadisəsi insanlara bir çox dərslər verə bilər. İmam Hüseyn (ə) özü zorakılığa məruz qalıb. Onun adından istifadə edib, insanları zorakılığa məruz qoymaq  mümkünsüzdür. Çünki Kərbəla hadisəsinin və əzadarlığın mahiyyəti bundan ibarətdir ki, əzadar insanlar körpə uşaqların, yaşlıların öldürülməsinə etiraz edir, şəhidliyi özlərinə bir örnək kimi qəbul edirlər. Şəhidlik Azərbaycan gənci üçün vətən, torpaq uğrunda ola bilər. Yəni şəhidliyin yeganə ünvanı torpaq, vətən uğrunda ölməkdir. Ona görə də düşünürəm ki, Kərbəla hadisələrindən sui-istifadə edilməsi mümkünsüzdür və bu mənada heç bir narahatçılığa əsas görmürəm. Kimsələrsə buna cəhd etsələr də, əminəm ki, uğursuzluğa düçar olacaqlar”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa

Deputat Fazil Mustafa din əhlinə bəzi tövsiyələrini verib: “Yaxşı olar ki, insanlar hiss və duyğularını ictimailəşdirmədən, cəmiyyətdə müəyyən narahatçılıq yaratmadan gerçəkləşdirsinlər və İslam dinində Quranda olmayan hərəkətləri etməsinlər. Kimsə inancına görə kədərli hadisələri qeyd edirsə, edə bilər. Ancaq bütövlükdə bunu şiddətə, zorakılığa, yaxud da insanın özünə əzab verməsinə çevirmək yanlışdır. Hesab edirəm ki, insanlarımızın böyük əksəriyyəti bu cür də davranacaq. Ola bilər ki, bir-iki radikal düşüncəli insanlar başqa cür hərəkət edə bilərlər. Ancaq bunu da müəyyən dərəcədə maarifçilik yolu ilə həll etmək lazımdır. Gəncənin yeni icra başçısı da kifayət qədər təcrübəli insandır. O, Mingəçevirdə də kifayət qədər böyük işlər gördü. Burada da yəqin ki, o işlərini davam edəcək. Ancaq onun işi dinlə bağlı deyil.  Gəncədə indiyə qədər Aşura ilə bağlı qadağa qoyulmayıb. Qadağa bu olub ki, küçədə başını yarma, zorakılıq etmə. Bunu da doğru ediblər. Kədərlisənsə get evində, məsciddə otur, ağla, kədərini ifadə elə. Ancaq küçədə azyaşlıları cəlb edərək zorakılıq əməlləri, şiddət tətbiq edən addımlar atmaq yanlışdır. Dövlətin qanunları da buna icazə vermir”.

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Mübariz Əhmədoğlu

Məsələnin siyasi tərəfləri barəsində isə “Yeni Müsavat”a  danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, bölgələrdə icra başçıları xalqla davranışlarında diqqətli olmalıdır: “Heç bir rayonda vəziyyətin, Gəncədəki həddə qədər gəlməsini gözləməyə ehtiyac yoxdur. Yəni Elmar Vəliyev ola bilər ki, yaxşı icra başçısı idi. Ancaq baş verən hadisələr göstərdi ki, onun insanlarla münasibətində xeyli qüsurlar olub. Bu qüsurlar isə real cinayətkarı gizlətməyə şərait yaradır. Yəni oradakı cinayətkar dövlətə, xalqımızın tarixinə qarşı cinayət törədib. Ancaq icra başçısının bir sözü hamını çaşdırır ki, bəlkə də bu hadisə onun sözünə görə baş verib. Eynilə belə vəziyyət Azərbaycanın digər bölgələrində də mövcuddur və əksər icra başçılarının əhali ilə  münasibətlərində problemlər var. Ümumiyyətlə, çoxu bilmir ki, dini təbəqə ilə necə münasibət qurmaq lazımdır. Etik qaydalara riayət etməyən xeyli sayda icra başçımız var.  Xadimənin puluna, şəhidin məzarına göz dikən icra başçısının hansı mənəvi keyfiyyətindən danışmaq olar. Düşünürəm ki, xüsusi xidmət orqanlarımızın gördüyü işlər builki Aşurada Gəncəni hadisələrin episentri olmaqdan xilas etdi. Orada və ətraf rayonlarda kifayət qədər ciddi işlər görülüb. Eləcə də Sumqayıtda da görülən işlər mətbuatdan belə anlaşılır ki, qənaətbəxşdir. Doğrudur, xüsusi xidmət orqanlarının işi qapalıdır. Ancaq hesab edirəm ki, bu qurum bəlli istiqamət üzrə işə başlayıbsa, dayanası deyil. Nümunə kimi Nardaranı göstərim ki, son 2 ildir ora dini hadisələrin episentrinə çevrilmir. Lakin kənardan idarə olunan qüvvələr hansısa qarışıqlıq yaratmaq niyyətində ola bilərlər. Ona görə də xüsusi xidmət orqanlarımız son dərəcə diqqətli olmalıdır”.


Hacı Şahin: “Kimlərsə buna cəhd edərsə, uğursuzluğa düçar olacaqlar”; Fazil Mustafa: “Küçədə azyaşlıları cəlb edərək zorakılıq əməlləri, şiddət tətbiq edən addımlar atmaq yanlışdır”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap