header

 Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq edəcəklər

İranda səfərdə olan Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də İran İslam Respublikasının Baş Təftiş Təşkilatının rəhbəri Nasir Sərac ilə görüşüb.

Kamran Əliyev Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında məlumat verib. Qeyd olunub ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar strategiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşıb. Azərbaycanda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır.

Nümayəndə heyətinin rəhbəri 2017-ci il iyunun 6-7-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası zamanı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovla keçirilmiş ikitərəfli görüşü xatırladaraq bu görüşdə İran İslam Respublikası ilə təcrübə mübadiləsinin həyata keçirilməsinin qərara alındığını, bu məqsədlə hər iki ölkənin müvafiq qurumları arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi sahəsində Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlindiyini bildirib.

Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Kamran Əliyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində ixtisaslaşdırılmış qurumlar olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, cinayət təqibi orqanı funksiyasını yerinə yetirən baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti və strukturu, habelə Azərbaycan brendi olan “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyəti barədə ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu sahədə təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq iqtisadi cinayətkarlığın qarşısını almaqla ictimai-siyasi sabitliyin də davamlı olmasını təmin edir.

Kamran Əliyev bildirib ki, Azərbaycan sülhsevər dövlətdir və Ermənistan istisna olmaqla bütün qonşuları ilə əməkdaşlıq əlaqələri qurub. Təcavüzkar Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib. Lakin Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və özünün ərazi bütövlüyünü bərpa edəcək.

Kamran Əliyev nəzərə çatdırıb ki, hər iki dövlətin prezidenti siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafı üçün böyük zəmin yaradıblar. Bu gün iki ölkə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri möhkəmlənir. Birgə iqtisadi layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, hər iki dövlət bundan sonra da sülh, mehribanlıq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirəcəklər. Hər iki xalqın oxşar adət-ənənəyə, tarixə, dinə, mədəniyyətə malik olması münasibətlərin inkişafı üçün əsas şərtlərdir.

İran İslam Respublikasının Baş Təftiş Təşkiltanın rəhbəri Nasir Sərac bildirib ki, hər iki dövlət başçısının qarşılıqlı səfərləri iqtisadiyyatla yanaşı, ədliyyə sahəsində də əməkdaşlıq əlaqələrinin əsasını yaradıb.

Nasir Sərac rəhbərlik etdiyi qurumun funksiyası və fəaliyyəti barədə geniş məlumat verib. O, həmçinin 2017-ci ildə Azərbaycan Respublikasında səfərdə olarkən burada görülən geniş quruculuq işləri, Azərbaycanın inkişafı, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Baş Təftiş Təşkilatının rəhbəri Azərbaycan Prezidentinin təklifi ilə tətbiq edilən “ASAN” xidmətin çox uğurlu bir addım olduğunu nəzərə çatdıraraq bu təcrübədən İranda da istifadə olunduğunu qeyd edib. Vurğulayıb  ki, Azərbaycandan nümunə götürülərək Tehranda da “ASAN” xidmətə analoji mərkəzlər yaradılıb.

Eyni zamanda, Nasir Sərac Azərbaycan Respublikasında səfərdə olarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yaradılmış "Qaynar xətt" əlaqə mərkəzinin uğurlu fəaliyyətini çox bəyəndiyini, həmin təcrübədən bəhrələnərək İran İslam Respublikasının Baş Təftiş Təşkilatında da oxşar mərkəz yaradıldığını və artıq həmin mərkəzə 54 min müraciət daxil olduğunu qeyd edib.

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Nümayəndə heyətinin İrana səfəri davam edir.(APA)

İranda səfərdə olan Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də İran İslam Respublikasının Baş Təftiş Təşkilatının rəhbəri Nasir Sərac ilə görüşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap