Avropa Şurasının prezidenti Trampı düşmən adlandırdı:“Belə dostu olana düşmən lazımdırmı?!”
Posted on : Digər sahələr 05/17/2018
Avropa Şurasının prezidenti Donald Tusk ABŞ prezidenti Donald Trampın “özünə arxayın şıltaqlığını” pisləyib. Onun sözlərinə görə bu, “digər tərəfdən Avropanı bütün xülyalardan azad edib”.
Tusk bu bəyanatı mayın 16-da Bolqarıstan paytaxtı Sofiyada verib. Burada keçirilməsi planlaşdırılan Avropa İttifaqı sammitində ABŞ-ın İranla nüvə sazişindən çıxmaq qərarı və Trampın alüminium və polad idxalına qoyduğu əlavə rüsumlar məsələsi müzakirə ediləcək. Yeni fenomen peyda olub: “Amerika administrasiyasının özündən razı şıltaqlığı”.
Donald Tusk deyib : “Prezident Trampın son qərarlarına diqqət yetirərkən hətta düşünməli olursan: belə dostu olana düşmən lazımdırmı?! Amma səmimi danışsam, deməliyəm ki, Avropa prezident Trampa minnətdar olmalıdır. Çünki biz onun sayəsində xülyalardan azad olmuşuq. O bizi inandırdı ki, sənə kömək əli lazım olanda öz əllərinə baxmalısan”.