"ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR"Ə ƏMƏL OLUNMASA...
Posted on : Digər sahələr 04/23/2018
Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar
«Ali-İmran» surəsinin 104-cü ayəsində buyurulur: «Sizin aranızda yaxşılığa çağıran (əmr edən) və pis işlərdən çəkindirən (nəhy edən) bir ümmət olmalıdır».
İslam Peyğəmbəri (s) buyurur: «Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar. Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək. İnsanlar bir-birinə hakim olacaq, yerdə və göydə yardım tapılmayacaq».
Bu vacib dini vəzifənin mərtəbələri vardır: qəlb, dil və əməl yolu ilə. İnsan ilkin mərhələdə yalnız qəlbi ilə müxalifət göstərməlidir. Məsələn, iki dostdan biri günaha yol verdikdə, o biri dost soyuq münasibət göstərməklə etirazını ifadə edir.
Növbəti mərhələdə insan günaha qarşı dil vasitəsi ilə çıxış edir. Bu işdə ruhanilərin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Yetərli biliyə və nitq qabiliyyətinə malik olan insanlar cəmiyyəti günahdan çəkindirməkdə, insanları saleh əməllərə həvəsləndirməkdə daha çox müvəffəq olurlar.
Son mərhələ əməlidir. Bu mərhələ qəlb və dil təsirsiz olduqda tətbiq olunur. Unutmaq olmaz ki, «əmr be məruf və nəhy əz münkər» cəmiyyətdə təfriqə yox, vəhdət məqsədi daşıyır.