header

 "Xocalı günü"ndə Qarabağ xatirələrim

Qarabağ həqiqətən bizim dərdimizdir. Çünki, bu müharibə dövründə bizlər həqiqətdə nələr itirmişik, bunu bir Allah bilir...

"Xocalı günü" 
26 fevralda bu gün Xocalı günü kimi yada düşür. Bəli, Xocalı soyqırımından illər keçir. Ermənilər bu  insaniyyətə zidd terrorlarına görə, nə dünya ictimaiyyəti tərəfindən ciddi tənqid edilib, nə də bizlər tərəfindən cəzasını almayıb. Bu qətliam bizim qan yaddaşımızdır. Xocalı deyəndə  106-sı qadın, 63 azyaşlı uşaq olmaqla  613 nəfər şəhid , 487 nəfər şikəst,  1275 nəfər ( qocalar, uşaqlar, qadınlar) əsir və həqarətə məruz qalanlar, taleyi naməlum 150 nəfər, bütövlükdə məhv edilən 8 ailə gözümüz önünə gəlməli, yaddaşımızdan silinməməlidir...

...Qarabağ xatirələrim ...
“Atəşkəs”in yeni elan edildiyi dövrdə getmişəm hərbi xidmətə. Əvvəli  Bakıda,  daha sonra cəbhə bölgəsində keçib əsgərlik illərim. Sözün düzü ulu babam Qarabağdan olsada, bu torpaqlara ilk dəfə idi ayaq basırdım.  Xüsusi təlimlər və bu kimi xidmət zamanı başımız çox qarışıq olardı. Heç nəyə fikr verməzdik...

Lakin bir neçə gün bizi - iki çavus və bir zabit olmaqla kəndə “patrul” göndərdilər. Bu “patrul” bizim bildiyimiz əsgərlərin hərbi hissədən icazə və ya icazəsiz çıxmasını yoxlayan “patrul” xidməti deyil. 
 “N” saylı hərbi hissədən biz 3 nəfər kəndin bir hissəsinə, daha doğrusu kəndin içində gəzərək şübhəli şəxsləri saxlamalı idik. Bəzən deyirdilər ki, erməni kəşfiyyatçıları bizim kəndlilərin paltarında kəndə daxil olur və öz tapşırıqlarını yerinə yetirirlərmiş. Bizim də, bu cür halların qarşısını almaq və şübhəli şəxslərin kimliyini araşdırmağımız üçün icazəmiz var idi. Hər üçümüzün AKM avtomatını  “döyüş” vəziyyətində tutmağımıza izin verilməsi  bu vəzifənin ciddiliyindən xəbər verirdi... 

Kəndin xaraba qalan hissəsinə girəndə isə yanımızdakı zabit evlərə diqqətlə baxmağa başladı (bu kənd ermənilər tərəfindən hücum edilib xaraba qoyulsada, sonradan ordumuz elə həmin gün  kəndi ermənilərdən təmizləmişdi). Əvvəl onun qeyri-adi halı bizi güldürürdü. Gənc əsgərlər olduğumuzdan bu zabitin bu halını tam başa düşə bilmirdik. Sonra zabit "Qarabağın şikəstəsi"ni oxumağa başladı. Biz bu anda  gülüşümüzü gizlətmirdik. Lakin zabitin ağlaması bizi duruxdurdu... 

...“Nənələrin laylasını eşitmirsiz? Uşaqların ağlamaq səsini necə? Qocaların ağlamağını da görmürsünüz? Burdan çox da uzaq olmayan kəndlər var ki, erməni terrorçular qadın, uşaq, qoca xəstə demədən hamısını güllə altına veriblər. Buna biganəsiniz? Doğrudan bu evdə heç nə görmürsünüz?” - deyən zabit xaraba qalmış bir evin yaxınlığına getdi. Sonra ağlaya-ağlaya “ bu ev 3 igid şəhid verib. Bilirsən nə oğullar idi? Ermənilər onların adını eşidəndə canlarına qorxu düşərdi. Üç qardaşın nənəsi (ana nəzərdə tuturdu) burda bizə yemək bişirib verərdi. Bilirsiz əsgərə xidmət edəndə necə sevinərdilər?”.   
Zabitin bu halı bizə də təsir qoymuşdu. Biz də, bu evlərdə nəsə axtarmaq istəyirdik. Bir evə yaxınlaşanda uşaq velosipedi gördüm. Mən də, bir vaxtlar bu evdə ailə sevinci olmasını və indi o sevincin aradan getməsi haqda fikirləşirdim.  Bu an zabit başqa tona geçdi:  “Biz aciz deyilik. Biz torpağımızı alacağıq. Hətta qanımız bahasına olsa belə...”.

Bu zabit mənə bir neçə saatın içində gözəl dərs verdi. Mən o zaman anladım ki, əgər bizlər işğal altında olan kəndlərimizi, qaçqınlarımızın vətən həsrətini  görə bilmiriksə, onların narahatçılıqlarını öz narahatçılığımız hesab etmiriksə biz xalqımızı sevmirik,  bizim milli dəyərlərdən danışmağa haqqımız yoxdur. Əgər Xocalı soyqırımı və bunun kimi erməni terrorları zamanı şəhidlərin ahu-naləsi qulağımıza gəlmirsə, bu qulaqlar kardır. Əgər xaraba qalan evləri istər həqiqətdə, istərsə də gözümüzün qabağına gətirərək görmürüksə, deməli koruq. Əgər Xocalı ancaq 26 fevralda (hətta iki gün əvvəl iki gün sonra) yadımıza düşürsə, deməli o yaddaşlarımız yaddaş deyil. Mənim şəxsi qənaətimə görə, biz xalq olaraq bu dərdi tam başa düşmürüksə onda bizim erməniləri yerlərində oturtmağımıza hələ çox var. Düşünürəm ki, dərdi başa düşmək üçün ancaq və ancaq milli və mənəvi dəyərlərərə (dinimiz mənəvi dəyərlərin əsas hissəsi olmaqla) düzgün yiyələnmək lazımdır. Bu olarsa düşmənə yerini göstərə bilər və xalq olaraq dünyaya özümüzü aciz babaların deyil, Şah İsmayıl kimi igid sərkərdələrin nəvələri olmalarını sübut etmiş olarıq. 

Son onlaraq onu qeyd edim ki, bizlər bir millət olaraq müsəlmanıq. Müsəlmançılığımız isə, dildə deyil əməldə olmalıdır. 

Bir daha xalqımıza dərin hüznlə başsağlığı verir, tezliklə torpaqlarımızın, dəyərlərimizin əsarətdən azad olmasını Allahdan diləyirəm.

P.S. Yazıma nöqtə qoymamışdan öncə isə Xocalı soyqırımının abidəsini yad etdim. Şükr Allaha ki, xalqımız  bu abidəni yad etməyi unutmayıblar. Bu ziyarət ildə bir dəfə yerinə yetirilən ritual deyil, bu Xocalıya, şəhidlərə və bayrağımıza hörmət mənalarını ehtiva edir(etməlidir). 

Ramin Bayramov/arxivdən


"Xocalı günü"ndə Qarabağ xatirələrim

Qarabağ həqiqətən bizim dərdimizdir. Çünki, bu müharibə dövründə bizlər həqiqətdə nələr itirmişik, bunu bir Allah bilir...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap