header

 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət

Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət

Bismilləhir-Rahmənir-Rahim! 

İmamlar (ə) anası Həzrət Fatiməyi-Zəhranın (s.ə) şəhadəti günlərini yaşayırıq. Bu baxımdan, əziz millətimiz, əziz iman əhli diqqət etməlidir ki, bu Əyyamı - “Fatimə (s.ə) günləri”ni yaşadaq, Əyyamın ehtiramını saxlayaq.

Niyə Əyyam?

Həmd olsun Uca Allaha ki, digər Əhli-Beyt (ə) sevər toplumlarda olduğu kimi, bizim məmləkətdə də artıq neçə illərdir Əyyami-Fatimə (s.ə) yaşadılır. Sovet dövründə unutdurulan, unutdurulmağa cəhd edilən bir fenomen - “Fatimə (s.ə) günləri” bərpa olunmaqdadır. Ümumiyyətlə, xalqımızın, toplumumuzun bu sahədə bilgiləndirilməsinə çox böyük ehtiyac var. Əyyamın yaşadılmasına dair məclislər, əzadarlıqların təşkili - fövqəladə dərəcədə mühümdür. “Əyyami-Fatimə (s.ə)” - “Fatimə (s.ə) günləri” deməkdir. Bu dönəm, təqribən 20 günü əhatə edir. Hicri-qəməri təqvimi ilə cəmadüəl-əvvəl ayının 13-dən cəmadüəs-sani ayının 3-dək davam edir. Bu zaman fasiləsinin mövcudluğu - Həzrət Fatimənin (s.ə) məzlumiyyətinin ən bariz nümunələrindəndir. Belə ki, Xanımın (s.ə) şəhadəti tarixinin 2 ehtimalı olması ilə əlaqədardır. Görün ümmət nə halda idi ki, Peyğəmbərin (s) gözünün işığının, İmamlar (ə) anasının müsibətli vəfatı ilə bağlı dəqiq tarixi saxlamayıb, yaşatmayıb. Nəticədə ümmət 2 tarixə istinad edir.

Bu səbəbdən də 2 tarix arasındakı günlər “Fatimə (s.ə) günləri” kimi qeyd edilir. Bu 20 gündə ümmət qəflətdən ayılmalı, gündəlik qaçaqaçlarını durdurmalı, özünə qayıtmalı, öz vücudi sualları barədə, haradan gəldiyi, harada olduğu, haraya gedəcəyi barədə qayğılanmalıdır. Bəlkə də Əyyamın 20 gün çəkməsinin hikmətlərindən biri də məhz bununla bağlıdır ki, insanın təfəkkürü, özünəqayıdışı üçün Məhərrəm-Səfər dönəmindən, Ramazan ayından əlavə, daha bir zaman fasiləsinin mövcudluğunun zərurəti vardır. Elə isə bu Əyyamı layiqincə yaşadaq, əziz anamız Həzrət Zəhranın (s.ə) müsibətini anaraq, daxilimizdə olan mənfiliklərdən can qurtarmağa çalışaq.

Peyğəmbərimizin (s) narahatlığı

Əziz İslam Peyğəmbərinin (s) dünyaya vida demə tarixi səhnələrini hər kəs yaxşı bilir. Səfər ayının 28-də əziz Peyğəmbərimiz (s) öz missiyasını, risalətini, sonuncu Peyğəmbər (s) kimi üzərinə düşən İlahi məsuliyyətini yerinə yetirir və dünyaya vida edir. O Peyğəmbərdir (s) ki, Məkkədə bütün cahiliyyətin, xurafatların içərisində insanlıq, dirilik, oyanış, tövhid, təkallahlıq, ali əxlaqlar və bütün bu kimi məsələləri bəşəriyyət üçün Rəbbi tərəfindən sonuncu Peyğəmbər (s) olaraq, Xətəmül-ənbiya olaraq təqdim və təbliğ edir. Sonra Mədinə dövrünü yaşayır. Ən qısa dönəmdə insanlar bu mübarək mənəviyyat ocağına toplanırlar. 

Bu gün 1 milyard 500 milyon nəfərə çatan müsəlman ümməti, besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyasının) başlanğıcında yalnız 3 mübarək şəxsiyyətdən: Rəsulallahın (s) özündən, İmam Əlidən (ə) və Həzrət Xədicədən (s.ə) ibarət idisə, sonradan onlarla, yüzlərlə sayılmağa başladısa, Mədinə dövründə artıq minlərə, onminlərə, yüzminlərə çevrildi. Və İsalmın dünyaya yayılması məhz Mədinədən başladı.

Bir gün o kədərli gün yetişir, əziz Rəsuli-Əkrəm (s) dünyaya vida etməli olur. Dünyaya vida edərkən Peyğəmbəri-Əkrəmin (s) ciddi narahatçılığı olur. Onun vəfatından sonra onun gətirdiyi sonuncu İlahi mesaj, sonuncu məktəb, bəşəriyyət üçün Qiyamətədək sonuncu olacaq İlahi təlim təhlükə qarşısında olur. İnsanlar əməli olaraq bu mübarək təlimi yaşadacaqlarmı? Belə bir narahatlıqla Peyğəmbər (s) dünyadan köçür.

Əziz Peyğəmbərin (s) vəfatından sonra ilk qəlizliklər, ilk mürəkkəbliklər meydana çıxır. Belə demək olarsa, Peyğəmbərin (s) gətirdiyi İlahi yaşayış tərzini öz mahiyyətindən kənarlaşdırmaq cəhdləri başlayır. Mübarək inancın, “Hər şey Allahın razılığı üçün” paradiqması üzərində olan dindən, insanın yaşayışının yanında paralel mövcud olacaq bir din fenomeninə transformasiya olunma təhlükəsi yaranır. Yəni, insanın bütün həyatı İslamın daxilində deyil, insanın həyatının yanında paralel olacaq bir İslam dini düzəltmək cəhdləri meydana çıxır. Bunu öncədən görən Rəsulallah (s), ümmətə dəfələrlə xəbərdarlıq edir, vəsiyyətlərini çatdırır. Həzrət Əli ibn Əbutalibin (ə) vilayətindən, rəhbərliyindən yapışmağın zəruriliyini və vacibliyini dönə-dönə vurğulayır.

Vilayət institutunun müdafiəçisi

Xanım Fatimeyi-Zəhra (s.ə) kimdir? Peyğəmbərin (s) vəfatından sonra ilk günlərdən etibarən İlahi imamətin və vilayətin müdafiəçisi, ardıcılı, öz rəftarı, əməli, bütöv həyatı ilə insanlara nümunə olan bir şəxsiyyətdir. O dönəmdə bütün gözlər Peyğəmbərin (s) evində idi. Xanım (s.ə) tam mənada İslamın imamət, vilayət anlayışını müdafiə edir. Üzərində olan məsuliyyəti son anadək icra edir, sona qədər öz vəzifəsini daşıyır. Ora qədər bu vəzifəni daşıyır ki, Əmirəlmömininin (ə) icazəsi və məsləhət bildiyi nöqtələr var idi. Həzrət Zəhra (s.ə) - bütövlükdə İlahi vilayət institutunun mübarək müdafiəçisi kimi çıxış edir.

Bu, müsəlman toplumu üçün bir müsibətdir ki, Anasının (s.ə) şəhadətini 2 tarixdə qeyd edir. Bəzi mənbələrə görə, Peyğəmbərin (s) vəfatından yetmiş beş gün sonra, bəzi mənbələrə görə doxsan beş gün sonra Xanım (s.ə) şəhadətə çatır. Bu, söz olaraq rahat deyilir, sətirlər olaraq rahat ifadə olunur. Peyğəmbərin (s) əziz qızı, dünya və axirət xanımlarının seyyidəsi olan bir şəxsin, şəninə Quran ayələri nazil olan bir şəxsin, sevilməsi Allah tərəfindən vacib buyurulan bir şəxsin, razılığı - Allahın razılığı olan, qəzəbi - Allahın qəzəbi ola bilən şəxsin şəhadətindən gedir söhbət. Bu şəhadətin 2 tarixdə qeyd edilməsi asan səslənsə də, bu məsələnin dərki fövqəladə dərəcədə çətindir. Əziz Peyğəmbərin (s) gəldiyi bir toplumun halı və vəziyyətə nə yerə çatır ki, Xanım (s.ə) Peyğəmbərdən (s) sonra bir rəvayətə görə yetmiş beş gün, digər rəvayətə görə isə doxsan beş gün yaşayır. Hər bir səmimi müsəlmanın həyatında Xanım Fatimeyi-Zəhranın (s.ə) həyatını və vəfatını mütaliə etdiyi an - ən ağrılı anlardan biridir. Hüzn və kədər yaşanmalı bir məsələdir... 

Qeyd etdik ki, Əyyami-Fatimə (ə) - bu iki tarixin arasında olan iyirmi günü yaşatmaqdır. Bu Əyyamı yaşatmaq - hər bir gerçək möminin vəzifəsidir. Allahdan bizlərə bu Əyyamda tövbə ruhiyyəsinə malik olmağı, Xanımı (s.ə) anmaq ləyaqətinə malik olmağı, Əhli-Beyti (ə) daha da dərindən tanımağı, bu Əyyamdan dərslər götürməyi nəsib etməsini diləyirik.

“Allah sənə salam deyir, ey Allahın Sevimlisi...”

Xanımın (s.ə) şəhadətinə yaxın anları olduqca nisgilli, qəmlidir. Həzrət Əmirəlmöminin Əli (ə) Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti haqqında buyurur: “Fatimə (s.ə) şəhadətin son anlarında ətrafa baxaraq buyurdu: ”Salam olsun sizə, ey mələklər və əmin Cəbrayıl (ə)!". Daha sonra mənə tərəf boylandı və buyurdu: “Əmioğlu, Cəbrayıl (ə) mənə salam verərək, ərz etdi: ”Allah sənə salam deyir, ey Allahın Sevimlisi və Peyğəmbərin (s) qəlbinin meyvəsi! Bu gün sən İlahi mələkutda və vəd olunmuş Cənnətdə qarşılanacaqsan". Daha sonra üzünü yana çevirdi və başqa bir qrup mələyə salam verərək, dedi: “Əmioğlu, and olsun ki, bu da Mikayıldır (ə). O da mənə Cəbrayılın (ə) dediyi sözləri dedi və onun verdiyi müjdələri gətirdi”. Daha sonra Xanım Fatimə (s.ə) yenə digər bir qrupa salam verdi və dedi: “Əmioğlu, and olsun ki, bu həqiqətdir. Bu gələn atamın mənə vəsf etdiyi Həzrət Əzraildir (ə). Salam olsun sənə, ey insanların ruhunu alan! Mənim ruhumu almaqda tələs və məni incitmə!”. Mən eşitdim ki, Xanım Fatimə (s.ə) buyurur: “Allahım, atəşə tərəf deyil, Sənə tərəf gəlirəm”".

Bərəkət və nuraniyyət - İlahi vilayətə bağlantıdadır

Hər bir insan üçün bu, böyük səadətdir ki, sevdiyi, əziz, doğma bildiyi şəxsi gedib ziyarət etmək imkanı var. Lakin, Əhli-Beyti (ə) sevən üçün bundan böyük müsibət ola bilməz ki, əziz Anamızın (s.ə) qəbrinin yeri bilinmir. Həzrət Zəhranın (s.ə) qəbri gizlədilib, dəfni gizli keçirilib. O vaxtın bəlli tarixi ağır şəraiti və ümumiyyətlə, bəşəriyyətə çatdırış üçün Həzrət Zəhranın (s.ə) qəbrinin dəqiq yeri bilinmir, İmamlarımız (ə) tərəfindən gizli saxlanılır.

Həzrət Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhra (s.ə) hansısa epizodik hadisənin, haşiyəvi mövzunun fədaisi olmayıb. İlahi vilayətin, İlahi imamətin ardıcılı, mübarizi və müdafiəçisi olub. Günümüz üçün də bu məsələ çox önəmlidir. Xanımın (s.ə) həyatına nəzərə salanda, əsas dərs götürülməli məsələ budur ki, İslam - vilayət, İmamət nuruna bağlantısı olan zaman gerçək İslam olur, gerçək din olur. Günümüzdə də İslamı bir din olaraq bu həqiqətdən ayırmaq istəyirlər. İslamı İlahi vilayət nurundan ayırmaq istəyirlər. Zəmanə Sahibinə (ə.f) bağlantıdan ayırmaq istəyirlər. Niyə narahat olurlar? Çox sadə məsələdir. Əgər insanın İlahi vilayətə və imamətə bağlantısı olmasa, onun Allahın nəsib etdiyi və insana əta etdiyi xüsusi rübubiyyətdən, xüsusi vücudi təminetmədən bəhrələnməsi mümkün deyil. O namaz, o oruc, o ibadətlər ki, orada Zəmanə Sahibinə (ə.f) bağlantı yoxdur, orada İlahi vilayət nuruna bağlantı yoxdur - orada bərəkət və nuraniyyət olmaz. 

Xanım Zəhra (s.ə) bunun qorunmasının yolunda öz canını belə fəda etməyə hazır olur. Ona görə də, bunlar hansısa mifoloji məsələlər deyil, gündəlik həyatımıza aid ola məsələlərdir. Bu Əyyamın gündəlik həyatımıza real təsiri olmalıdır.

“Qızım ona görə Fatimə adlanıb ki...”

Həzrət Zəhranı (s.ə) tanımaq üçün, onun barəsində bir neçə hədisə müraciət edək.

Allahın Peyğəmbəri (s) buyurub: “Qızım ona görə Fatimə adlanıb ki, Allah Təala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib”. 

İmam Sadiqdən (ə) soruşdular ki, Həzrət Fatiməni (s.ə) nə üçün lZəhra» (parlaq) adlandırıblar? Buyurdu: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı”. 

İmam Sadiqdən (ə) nəql edirlər: “Fatimənin (s.ə) Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra”. 

Allahın Peyğəmbəri (s) buyurub: “Fatimə - mənim bədənimin bir parçasıdır. Onu sevindirən - məni sevindirib və onu qəmləndirən - məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir”. 

Rəsuli-Əkrəm (s) yenə buyurub: “Həqiqətən, Fatimə - mənim bədənimin bir parçasıdır. O, mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən - məni də qəmləndirir və onu şad edən - məni də şad edir. O, mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir”. 

Peyğəmbəri-Əkrəm (s) buyurub: “Qızım Fatimə dünyanın - yaradılışın əvvəlindən sonuna kimi - bütün qadınlarının xanımıdır”. 

Allahın Peyğəmbəri (s) Həzrət Fatiməyə (s.ə) buyurub: “Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur”. 

Həzrət Fatimənin (s.ə) dəyərli kəlamlarını eşidək və ibrət götürək

Xanım (s.ə) buyurur: “Biz, Peyğəmbərin (s) Əhli-Beyti (ə) - Allahla xəlqi arasında olan rabitəyik. Biz - Pərvərdigarın pak seçilmişləriyik. Biz - hüccət və yolgöstərən olacağıq. Biz - İlahi peyğəmbərlərin varisləriyik”.

“Həzrət Muhəmməd (s) və Əli (ə) - bu ümmətin valideynləridir. Əgər (insanlar) o ikisinin ardılıcı olsalar, onlara dünya azmalarından və axirətin həmişəlik əzablarından nicat verilər. Behiştin zəngin nemətlərindən bəhrələndirərlər”.

İmam Əli (ə) haqqında buyurur: “O, İlahi və rəbbani rəhbərdir. Nur və aydınlıq təcəssümüdür. Bütün varlıqların və ariflərin diqqət mərkəzidir. Pak ailədən olan pak övladdır. Haqqı deyən və hidayətgardır. O, imamətin mehvəri və mərkəzidir”.

“Hər kim ibadət və işlərini Allah üçün xaliscəsinə yerinə yetirərsə, Allah ən üstün bərəkətini ona təqdir edər”.

 “Bütün səadətlərin həqiqəti - həyatında və öləndən sonra Əlini (ə) sevməkdədir”.

“Bizim Əhli-beyt (ə) davamçıları, həmçinin övliyalarımızı sevənlər və düşmənlərimizin düşməni olanlar və həmçinin o kəslər ki, qəlb və dili ilə bizə təslim olarlar - behiştin ən üstün insanları olarlar”.

“Əgər biz Əhli-Beytin (ə) verdiyi əmrlərə əməl etsən və qadağan etdiyimizdən çəkinsən - sən bizim davamçılarınızdan olarsan, əks halda deyil”.

 “Dünyada üç şey sevimlidir: Quranı oxumaq, Peyğəmbərin (s) üzünə baxmaq, Allah yolunda yoxsullara yardım və infaq etmək”.

“Həmişə ananın xidmətində ol, çünki behişt - anaların ayaqları altındadır. O nemətlərin nəticəsində behiştlik olarsan”.

“Hər kim yemək yeyəndən sonra əllərini yumazsa və əlləri çirkili olarsa və narahatlığı yaranarsa, özündən başqasını məzəmmət etməsin”.

“Həqiqətən Allah Təala bəndələrinin bütün günahlarını bağışlayar”.

“Əvvəl gərək qonşunların və yaxınların çətinliklərinin və rifahının fikrində olmalı, sonra öz fikrində olmaq”.

“O zaman ki, Qiyamət günü məhşur olaram, Peyğəmbər (s) ümmətinin xəta törədənlərinə şəfaət verərəm”.

“Səadət əhli olmaz o dəstə ki, öz Peyğəmbərin (s) övladını qətl edər”. 

Allahım, bizlərə bu Əyyamı layiqli şəkildə yaşatmağı nəsib et.

Allahım, bizlərə İlahi vilayət nuruna bağlantı ruhiyyəsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu / ilahiyyatçı-filosof

Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap