header

 İmam Hüseynin (ə) qəbrini kimlər dağıdıb?

İmam Hüseynin (ə) qəbrini kimlər dağıdıb?

İmam Hüseynin (ə) qəbri üzərində ilk 5 il ərzində tikili olmamışdır. Məzar açıq səma altında qalmışdı. Kərbəla şəhidlərinin cənazəsini dəfn edən Bəni-Əsəd qəbiləsinin üzvləri İmamın məzarının əlaməti olaraq, qəbrin yanında sidr ağacı əkmişdilər.

Mübarək qəbrin üzərində ilk türbəni hicri 66-cı ildə (Kərbəla faciəsindən 5 il sonra) Muxtar tikdirmişdir. Bəni-Üməyyə xəlifələri Əhli-beytlə nə qədər düşmənçilik etsələr də, İmam Hüseynin (ə) məzarına zərər yetirməyə cəsarət etmədilər. Abbasi xəlifəsi Harun ər-Rəşid hakimiyyətə gələndən sonra məqbərəni sökdürdü, müqəddəs məzarın yaxınlığında əlamət kimi əkilmiş sidr ağacını kəsdirdi.

***

Məmun xilafət ərazisini bürümüş üsyanları sakitləşdirmək məqsədilə İmam Rzanı (ə) vəliəhd təyin etdikdən sonra İmam Hüseynin (ə) qəbri üzərində böyük türbə tikdirdi. Lakin onun qardaşı oğlu xəlifə Mütəvəkkil təqribən 40 ildən sonra müqəddəs məzarın yerini nişan verən hər bir əlamətin dağıdılmasına əmr verdi. Tarixçilər Mütəvəkkilin üst-üstə 17 dəfə Kərbəla ziyarətgahını dağıtdığını, lakin hər dəfə camaatın məqbərəni bərpa etdiyini yazırlar. İmam Hüseynin (ə) məzarına qarşı xəyanətlər hicri 236-cı ildən Mütəvəkkilin ölüm tarixi olan hicri 247-ci ilə kimi davam etmişdir (miladi 850-861-ci illər).

***

Mütəvəkkilin Kərbəla ziyarətgahını dağıtmaq fikrinə düşməsini bəzi tarixçilər onun sevimlisi olan müğənni qadının şiə məzhəbinə keçib, Kərbəlanı ziyarət etməsi ilə izah etmişlər. Xəlifə bu hadisədən dəhşətə gələrək, məzarı sökdürməyə əmr verir. Hökumət məmurlarından heç kim belə ağır cinayətin yükünü öz öhdəsinə götürmək istəmədiyindən, Diyzəc adlı yəhudini bu işə təhkim etdilər. Mütəvəkkil göstəriş vermişdi ki, İmam Hüseynin (ə) məqbərəsini dağıdıb məzarını yerlə-yeksan etsinlər, ətrafdakı binaları uçursunlar, torpağı şumlayıb Fürat çayının suyunu ora yönəltsinlər ki, müqəddəs yerlər tamamilə suyun altında qalıb itsin. Lakin əksəriyyəti yəhudilərdən ibarət olan fəhlə dəstəsi yalnız məzarın üzərindəki tikilini sökə bildi. Fövqəl-təbii qüvvələrin maneçiliyi sayəsində onlar İmam Hüseynin (ə) məzarına qarşı heç bir hörmətsizlik edə bilmədilər. Fəhlələr öküzlərə kotan qoşub, torpağı şumlamaq qərarına gəldilər. Lakin heyvanlar müqəddəs məzara yaxınlaşmaq istəmir, fəhlələrə tabe olmurdular. Sanki kimsə onları qovub məzardan uzaqlaşdırırdı. Əlacsız qalan məmurlar Füratın suyunu məzarın üstünə yönəltdilər. Lakin su məzarın yaxınlığına kimi irəlilədi, sonra divarla qarşılaşırmış kimi dayandı. Sanki məzarın ətrafına dairəvi sədd çəkilmişdi. Bu dairə boyunca su qalxır və səviyyəsi yüksəlirdi. Gözügörünməz səddin o biri tərəfinə bircə damcı da su keçmədi. Bu hadisənin şərəfinə həmin ərazini “hair” adlandırmağa başladılar. Yəni bu yerdə su heyran olurmuş kimi öz yerində durmuşdu. (Ümumilikdə, Kərbəla şəhərinə də “hair” deyirlər; bu şəhərdə doğulmuş və yaşayıb-yaratmış bir çox alimlər “Hairi” ləqəbi ilə tanınıblar).

Kərbəlanı dağıtmağa təhkim olunmuş yəhudi Diyzəc buradakı möcüzələri öz gözü ilə görəndən sonra İslamı qəbul etdi. Mütəvəkkil Kərbəlaya gedən yolların üstündə gözətçilər yerləşdirmişdi ki, camaatın ziyarətə gəlməsinə mane olsunlar. Bütün şəhərlərdə car çəkildi ki, İmam Hüseynin (ə) məzarını ziyarət etməyə gedənlərin qanı halaldır. Əsgərlər zəvvarları saxlayıb yarıyoldan geri qaytarır, qarət edir, incidib döyür, hətta öldürürdülər. Lakin bu tədbirlərin heç biri ziyarətçilərin qarşısını almağa qadir deyildi. Müsəlmanlar çox zaman gecə vaxtı əsgərlərin yatmasından istifadə edib özlərini müqəddəs məzara çatdırır və bu məkanı unudulmağa qoymurdular.

***

Mütəvəkkilin oğlu Müntəsir atasını öldürüb hakimiyyətə yetişdikdən sonra Kərbəlaya sayğı ilə yanaşmağa başladı. Onun əmri ilə məzarın üzərində iri məqbərə tikildi. Müsəlmanlar tədricən İmam Hüseynin (ə) məzəranın ətrafında məskunlaşır və Kərbəlanı yaşayış məskəninə çevirirdilər. Kərbəlada məskunlaşmış ilk şəxslərdən biri də İmam Musa Kazimin (ə) nəvəsi Seyid İbrahim Mücab idi.

Natiq Rəhimov

İmam Hüseynin (ə) qəbrini kimlər dağıdıb?
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-26-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap