İran və Azərbaycanda mərsiyə ədəbiyyatı mövzusunda konfrans keçirilib+Foto
Posted on : Ərdəbil 10/16/2017
İran və Azərbaycanda mərsiyə ədəbiyyatı mövzusunda konfrans keçirilib+Foto
Qafqaz Mədəniyyət
Mərkəzi və Azərbaycan Mədəniyyət Araşdırmaları Mərkəzinin təşəbbüsü ilə “İran və
Azərbaycan Respublikasında mərsiyə ədəbiyyatı” ilə bağlı konfrans keçirilib.
Mühəqqiq Ərdəbili Universitetinin “Bəsirət” salonunda baş tutan konfransda
universitet müəllimləri, tələbələr və mərsiyə ədəbiyyatının fəalları iştirak
edib.
Konfransda Vəliyyi-fəqihin
Mühəqqiq Ərdəbili Universitetində nümayəndəliyik ofisinin rəhbəri Peyğəmbəri-əkrəmin
(s) dövründə mərsiyə mövzusu, Aşura hadisəsindən sonra onun davamı və Səfəvilər
dövründə mərsiyə ədəbiyyatına aid bir sıra açıqlamalar verib və qeyd edib ki, hər
kəs məsum imamlara (ə) aid mərsiyələr söyləsə, Allah yanında onun böyük savab və
mükafatı olacaq.
Konfransın
davamında Aran radiosunun xaricə yayım üzrə məsulu doktor Məhəmməd Qazidehi
deyib: “İslamda mərsiyə mövzusu Aşura hadisəsindən sonra çox önəmli bir
kateqoriyalar sırasına daxil olmuşdur”.
O, İmam Hüseyn
(ə) barədə söylənən mərsiyələr barədə deyib: “İmam Hüseyn (ə) barədə ilk mərsiyəni
həzrətin özü oxumuşdur. İmam (ə) bir neçə beyt şerlə öz qızı Səkinəyə xitab
edir, öz matəmində ona səbirli olmağı tapşırır. Habelə, Aşura günü İmam
Hüseynin (ə) ikinci Zeynəb adı ilə tanınan, təqva və fəzilətdə yüksək məqama
sahib olan bacısı Ümm Gülsümün (ə) mərsiyələrinə rast gəlirik. İmam Hüseynin (ə)
mübarək başının nizəyə vurulduğunu görən həzrət Zeynəb (ə) ərəbcə bir neçə beyt
şer oxuyur. Bu şerlər çox dəyərlidir”.
Qazidehi əlavə
edib: “Aşura hadisəsindən sonra da ərəb dünyasında Əbül-Əsəd Duəli, Kümeyt bin
Zeyd Əsədi, Seyid İsmayıl Hümeyri, Dəbəl Xəzayi kimi böyük şairlər tarixin qəhrəmanı
İmam Hüseynin (ə) rəşadətləri haqqında çox qəmli şerlər yazıblar. Bu şerlərin
hamısı dini şerin dəyərli mirası hesab edilir”.
O xatırladıb:
“Fars dilində söylənən mərsiyənin də qədim tarixi vardır. Fars dilində mərsiyə ədəbiyyatını
6 qismə bölmək olar. Onlardan ən mühümləri məsum imamlar (ə) və həzrət Rəsuli-əkrəmlə
(ə) bağlı söylənən dini mərsiyələrdir. Doktor Zibhullah Səfa “Ədəbiyyat tarixi”
kitabında (fars dilində) ilk mərsiyənin dördüncü əsrdə yaşamış böyük şair
Qivami Raziyə aid olduğunu bildirir. Ondan sonra çoxlu mərsiyə şerlər söylənib.
Bu şerlərin ən məşhurları Möhtəşəm Kaşani, Səbahi Bigdili və Seyf Fürqaninin
yazdığı tərkibbəndlərdir”.
Doktor Məhəmməd
Qazidehi Azərbaycan Respublikasında mərsiyə ədəbiyyatı haqqında deyib: “Hamı
bilir ki, Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir və bu ölkənin əhalisinin
85 faizdən çoxu şiədir. İrandan ayrıldıqdan sonra müxtəlif dövrlərdə hakimiyyətə
gəlmiş dövlətlər bu diyarın əhalisini qorxu və təzyiq altında saxlanmış, dini
kimliklərindən uzaqlaşdırmağa cəhd etmişdir. Gülüstan və Türkmənçay müqavilələrindən
sonra Qafqazın 17 şəhəri İrandan qoparıldı və çar hökuməti bu məntəqələrin əhalisinə
qarşı bərk təzyiqlər göstərdi ki, onları öz dini və şiə kimliyindən
uzaqlaşdırsın. Sonra Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Cumhuriyyətini
yaratdı. Onun hökuməti davamlı ola bilmədiyi üçün dini məsələlərlə birbaşa
müxalifət edə bilmirdi. Amma dini mövzularla o qədər də arası yox idi. Üçüncü mərhələ
70 il sürən ateist və dinsiz kommunist hökuməti idi. Bu ölkənin müsəlmanları öz
dinlərinə görə çoxlu zəhmətlərə düşmüş, işgəncələrə məruz qalmışdır. Çox heyiflər
olsun ki, onların 70 il boyu məruz qaldığı təzyiqlər lazımınca yazılmayıb”.
Aran radiosunun
xaricə yayım üzrə məsulu Azərbaycan islamçılarının mərhum rəhbəri Hacı
Əlikramdan bir xatirəyə işarə edərək deyib: “Hacı Əlikram mənə danışırdı ki,
kommunistlərin hakimiyyəti zamanı biz heç vaxt məhərrəm və səfər aylarının əzadarlığını
tərk etmədik. Biz müxtəlif yollarla əzadarlıq keçirirdik. İllərin birində əzadarlıq
etmək üçün bir bəhanə tapa bilmirdik. Ağsaqqallar bir yerə toplaşdı və bu nəticəyə
gəldik ki, ölmək ehtimalı olan 40 nəfər qoca kişi və qadının adını yazaq,
onların öldüyünü elan edərək mərasim saxlayaq. Beləliklə, o adla 40 gün İmam
Hüseynə (ə) matəm saxladıq”.
Doktor Qazidehi
kommunistlərin dövründə Azərbaycan Respublikasında xalqın təzyiq altında
olmasına işarə edərək deyib ki, bütün təzyiqlərə baxmayaraq bu ölkənin şairləri
İmam Hüseyn (ə) barədə mərsiyə şeri söyləyib, məqtəllər yazılıb, hətta onların
bəziləri fars dilində yazılmışdır.
Kommunistlərin
70 illik hakimiyyəti dövründə Azərbaycanda əlifbanı dəyişməklə xalqın klassik ədəbiyyatla
əlaqəsini kəsdilər, xalqı öz əsli kimliklərindən uzaqlaşdırdılar, qorxulu və
anti-İran bir sfera yaratdılar. Bu gedişlə hamı dindən və fars dilindən
ayrılmalı idi. Ancaq mövcud olan mətnlərə diqqət etməklə görürük ki, kommunistlər
öz istəklərini həyata keçirə bilməyib və xalqı öz əsli kimliyi olan şiəlikdən
ayıra bilməyib.
Azərbaycanın
klassik ədəbiyyatında Məhəmməd Füzulinin məqtəl mövzusunda çox gözəl mərsiyələri
vardır.
Doktor Qazidehi
əlavə edib: “İmam Hüseyn (ə) haqqında Azərbaycanın böyük şairləri Seyid Əli
İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və Mirzə Əli Əkbər Sabirin çoxlu şerləri
vardır. Çox maraqlıdır ki, hətta təqribən dinə qarşı çıxmış kimi tanınan Möcüz
Şəbüstəri (Mirzə Əli Möcüz) kimi bəzi şairlərin də mərsiyə şerləri vardır.
Habelə, Azərbaycanın klassik ədəbiyyatında mərsiyə mövzusunda şer yazanlardan
biri də böyük şair və qəzəlxan Haşim bəy Saqibdir. Kommunistlərin dövründə
yaşayan şair azəri və fars dillərində şerlər yazmışdır”.
Qarabağda mərsiyə
ədəbiyyatı ilə bağlı açıqlama verən doktor Qazidehi deyib: “Biz Qarabağda çox
gözəl ədəbiyyat mühitini müşahidə edirik. Qarabağ şairlərindən qalmış şerlər
göstərir ki, onlar şerlə yanaşı fəlsəfə, astranomiya və öz zamanlarında
yayılmış digər elmləri də yaxşı mənimsəyiblər. Cavanşir sülaləsinin hakimiyyəti
dövründə Qarabağda üç əncümən fəaliyyət göstərib. Bu əncümənlər ədəbiyyatla
yanaşı şairlərə musiqi də öyrədib. Bu şairlərdən biri də Mir Möhsün Nəvvab
olmuşdur. Mir Möhsün musiqi sahəsinin görkəmli simalarından olmuşdur. Onun
musiqi ilə bağlı yazdığı kitab bir sıra universitetlərdə qaynaq kitablardan
sayılır.
Qarabağın digər
məşhur şairlərindən biri də Molla Pənah Vaqifdir. Azərilər yaşayan bölgələrdə
onun şerləri çox oxunur.
Habelə, Qasım bəy
Zakir, Abdullah bəy Asi, Xurşidbanu Natəvan və digər tanınmış Qarabağ şairləri
mərsiyə şerləri yazmışdır”.
Doktor Qazidehi
mərsiyə sahəsində şer yazmış Nardaran şairləri barədə deyib: “Nardaran Azərbaycan
Respublikasının şiəlik mərkəzi olduğu üçün mərsiyə ədəbiyyatı bu məntəqədə çox
güclü olmuşdur. Nardaranda böyük şairlər yaşamışdır və mərsiyə sahəsində öz məharətlərini
göstəriblər.
Nardaranlılar,
Azərbaycan Respublikasının bütün dövrlərində öz din və məzhəblərinə sadiq olublar.
Bu üzdən də dövrün hökumətlərinin təzyiqləri ilə üzləşiblər. Bu təzyiqlər hələ
də davam etməkdədir.
Nardaranda çox
yaxşı şairlərimiz olmuşdur. O cümlədən Şeyx Əli Tuti, Hacı Mayıl Əliyev. Hacı
Mayıl dünya səviyyəsində tanınmış bir şairdir, hətta İraq şairləri onun şerlərindən
istifadə edirlər. Habelə, son illərdə dünyasını dəyişmiş Ələmdar Mahir”.
Məhəmməd
Qazidehi Naxçıvanın mərsiyə və qəzəl yazan şairlərindən də söz açaraq deyib:
“Naxçıvanda da yüksək məqamlı şairlər olmuşdur və onlar İmam Hüseynin (ə) şənində
bir çox şerlər söyləmişlər”.
Konfransın
davamında türk dili ədəbiyyatı ustadı İbad Məmizadə çıxış edərək deyib: “Mövcud
olan sənədlərə görə Azərbaycan şairləri mərsiyə sahəsində çoxlu dəyərli şerlər
yazıblar. Bu şerlər Azərbaycan xalqının məsum imamlara (ə) sevgi-məhəbbətinin
göstərir”.
İbad Məmizadə əlavə
edib. “Azərbaycanda (Ərdəbil) oxunan azan və növhə üslubu nümunə olmuşdur və
İslam aləminin heç yerində bu üslubları tapmaq olmaz”.