İMAM HÜSEYNİN (Ə) NƏZƏRİNDƏ KƏRBƏLA İNQİLABININ FƏLSƏFƏSİ (1)
Posted on : Aşura 10/16/2017 1:00:35 PM
İMAM HÜSEYNİN (Ə) NƏZƏRİNDƏ KƏRBƏLA İNQİLABININ FƏLSƏFƏSİ (1)
İmam Hüseynin (ə) şiə və
əhli-sünnə mənbələrində qeyd olunan kəlamlarını araşdırdıqda, bu böyük tarixi
inqilabının müxtəlif hədəfləri və ümumi fəlsəfəsini ələ gətirib, bununla bağlı
bütün sual və şübhələri cavablandırmaq olar.
İctimai fenomenlər içrə böyük
əhəmiyyət kəsb edən, digər ictimai fenomenlərdən hərtərəfli fərqlənən Kərbəla
inqilabına birtərəfli və birmənalı yanaşmaq təbii ki, onun düzgün fəlsəfəsinin
dərk olunmasında böyük maneədir. Bununla yanaşı, yalnız onun fəlsəfəsini təşkil
edən amillərin hərtərəfli mülahizəsi onunla bağlı bütün həqiqətləri üzə
çıxarmır, əksinə burada ən mühüm məsələ qəpik pulun digər üzü kimi hər bir
amilin münasib paya malik olmasıdır. Bunları yanaşı qoyduqda, imam Hüseynin (ə)
öz inqilabının fəlsəfəsi ilə bağlı bəyan etdiyi kəlamlarında bütün amillərlə
müqayisədə ən önəmli məsələ o həzrətin öz dini-ilahi vəzifəsinə əməl etməsidir.
İmam Hüseyn (ə) Abdullah ibn Cəfərin cavabında dini-ilahi vəzifəsini belə bəyan
edir: “Mən bir vəzifəyə əmr olumuşam və ona əsasən əməl edəcəyəm.” (“Tarixi-Təbəri”,
5-ci cild, səh.388.)
Məkə-Kufə yolunda Hürrün
qoşunu ilə üzləşib, onlar tərəfindən Kufəyə gedərək Yezidlə beyət etməyə, yaxud
Kufə və yaxud Kufə ilə Mədinədən başqa bir məntəqədə düşərgə salmağa məcbur
olunduqda, öz dostlarına xitabən buyurdu:
“Hər kim Allahın haramlarını
halal edən, Allahla əhdini pozan, Peyğəmbərin (s) sünnəsi ilə müxalifətçilik
edən və Allahın bəndələri arasında günah və haqsızlıqla rəftar edən bir hakimi
görüb sözü və rəftarı ilə onunla mübarizə aparmasa, Allah onu (qiyamət günü)
həmin zülmkar hakimlə məhşur edəcəkdir. Agah olun, bu zülmkarlar şeytana itaət
etmiş, Allaha itaəti tərk, fitnə-fəsadı aşkar, şəriət qanunları və hökmlərini
tətil etmişlər. (Misal üçün, oğrular və şərabxorları ilahi cəza tədbirləri ilə
məhkum etmirlər.) Müsəlmanlara çatacaq mal-dövləti onlara xərc etmək əvəzində
özlərinə götürür, Allahın haramını halal, halalını isə haram edirlər. Belə bir
vəziyyətdə, mən qiyam etməyə daha layiqli şəxsəm.” (“Tarixi-Təbəri”, 5-ci cild,
səh.403.)
İmam Hüseyn (ə) Zi-Hüsum
məntəqəsinə çatdıqda, Allaha həmd-səna etdikdən sonra öz dostları, bəlkə də
onları mühasirəyə alan Hürrün qoşununa xitabən buyurdu:
“Siz vəziyyətdən xəbərdasınız
və qarşıya çıxan şəraiti müşahidə edirsiniz. Dünya və zəmanə dəyişmiş, qaralmış
və pisləşmiş, yaxşılıqlar isə arxa çevirmiş və bu vəziyyət öz yerini
tutmuşdur... Məgər haqqa əməl olunmadığını və batilin qarşısının alınmadığını
görmürsünüz? (Belə bir şəraitdə) mömin, Rəbbi ilə görüşmək (şəhadət) üçün hazır
olmalıdır və mən bu yolda ölümü şəhadətdən və zülmkarlarla yaşamağı isə
bədbəxtlikdən başqa bir şey bilmirəm.” (“Tarixi-Təbəri”, 5-ci cild,
səh.404; “Təzkirətül-xəvass”, səh.240; “Əl-bidayətu vən-nihayə”, 8-ci cild,
səh.172.)
İmam Hüseyn (ə) bu xütbələrdə
öz inqilabında rol oynayan və bütövlükdə Kərbəla inqilabının fəlsəfəsini təşkil
edən müxtəlif amillərdən söz açır və Əməvi hakimilərini o dövrün cəmiyyətinin
ən mühüm problemi hesab edir. Həqiqətdə, o həzrət dini-ilahi vəzifəsinə əsasən
aşağıdakı ünsürlərlə mübarizə aparmışdır:
–Zülmkar hakimlər;
–bidət və haramxorluq (Allahın
halalını haram saymaq);
–ilahi əhd-peymanın pozulması;
–sünnənin pozulması;
–xalqa zülm və haqsızlıq.
Növbəti bir xütbəsində isə
belə buyurur:
–haqqa əməl olunmur;
–batilin qarşısı alınmır. Hər
bir müsəlman və möminin vəzifəsi bunlarla mübarizə aparmaq və şəhadətə hazır
olmaqdır.
O həzrət açıq-aşkar buyurur
ki, belə bir şəraitdə yaşamaq zillət və bədbəxtlik, azğınlıq və əyriliklərlə
mübarizə aparıb bu yolda ölmək isə səadətdir.
Bəli, imam Hüseyn (ə) verilən
xütbələrdə açıq-aydın öz inqilabının hədəflərini bəyan edir və Kufə əhalisinin
dəvətinə əsla toxunmur. Əksinə Kufə əhalisinin dəvətini onlarla söhbət və
danışıqlarında xatırlayır. O həzrət yalnız Kufə şəhərini öz inqilabının məkanı
təyin etdiyi üçün ona əhəmiyyət verir. Onların vəfasızlığını gördükdə isə, elə
başlanğıcda buyurur: “Hər kim əhd-peymanını pozarsa, şübhəsiz, özünü
sındırmışdır. Allah-Taala tezliklə məni sizdən ehtiyacsız edəcəkdir.” (“Tarixi-Təbəri”,
5-ci cild, səh.403.)
Ümumiyyətlə, qanlı Kərbəla
inqilabının rəhbəri imam Hüseynin (ə) nəzər və kəlamlarını araşdırdıqda, onun
fəlsəfəsində əsasən, “əmr be məruf” (yaxşılığıa dəvət) və “nəhy əz münkər”
(çirkinlikdən çəkinmə) ünvanı ilə təşəkkül tapan əsas amillər və sürətləndirici
amilləri görmək olur. (Ardı var.)
Rza Şükürlü (Maide.az)