“Azərbaycanın siyasi məhbusları artır. Repressiyaları durduracaq
adekvat reaksiya isə yoxdur”, – Vahid Siyasi Məhbus Siyahısının
hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahısını açıqlayıb.
İşçi Qrup 2017-ci il, 28 avqustadək daxil olmuş və qrup üzvlərinin
təşəbbüsü ilə təqdim olunmuş həbs işlərini araşdırıb. Yenilənmiş
siyahıda 160 nəfərin adı var.
İşçi qrup əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr
əsasında 158 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edib:
“İki iş hələ də müşahidə altındadır. Biz həmin işlərlə bağlı düzgün
qərar vermək üçün müfəssəl məlumat və sənədlər əldə edə bilməmişik.
Təsbit edilmiş 158 siyasi məhbusdan 10-u jurnalistlər və blogerlər,
ikisi şair və yazıçı, biri hüquq müdafiəçisi, 11-i siyasi və ictimai
fəal, 97-si inanclı fəal, üçü isə ömürlük məhbuslardır. Daha sonra
siyahıya sosial etirazlarda iştirak etdiyi üçün həbs edilən 19 nəfər,
iki keçmiş dövlət qulluqçusu daxil edilib. Siyahıdakı Siyasi Girovlar
bölümündə üç nəfərin işindən bəhs edilir. Bunlar, tənqidçi qohumlarına
təsir göstərmək, yaxud cəzalandırmaq üçün həbs edilən şəxslərdir. Daha
on məhbus Səid Dadaşbəyli və digərlərinin işi üzrə həbs olunanlardır ki,
İşçi Qrup onları da siyasi məhbus hesab edir”.
İşçi Qrup siyahının yenilənməsi, müşahidə altında olan və yeni işlərin araşdırılması üzrə işi davam etdirdiyini deyir:
“Beynəlxalq ictimaiyyət davam edən repressiyalara reaksiya
verməlidir. Təəssüf ki, Azərbaycanın siyasi məhbəs karuseli işini davam
etdirir”.
İşçi Qrup təəssüflə qeyd edir ki, siyasi motivli həbslərin nəinki
arası kəsilmir, hökumət repressiya siyasətindən əl çəkməyəcəyini açıq
nümayiş etdirir:
“Yenilənmiş rəqəmləri və işləri yerli və beynəlxalq qurumlara təqdim
etməklə bərabər İşçi Qrup dünya ictimaiyyətini məsələnin effektiv həlli
üçün səylərini artırmağa çağırır. BMT, Avropa Şurası, ATƏT, Avropa
Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara üz tutaraq tələb
edirik: İnsan haqları və demokratiya məsələsinin avtoritar Azərbaycan
hökuməti ilə danışıqlarda və işbirliyində alver predmeti kimi istifadə
edilməsi, həmin hökumətin uzun illərdir vətəndaş cəmiyyətinə qarşı
həyata keçirdiyi repressiyalara göz yuman siyasətinə son qoyulmalıdır”.
İşçi Qrup həmçinin Avropa Şurasının Parlament Assambleyası və
Nazirlər Komitəsinə ünvanlanaraq Azərbaycanda siyasi məhbuslarla bağlı
məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma
adekvat addımlar atmağı tələb edir:
“Bu laqeydlik ölkədəki repressiv rejimi vətəndaş cəmiyyətinin
fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. ABŞ və Avropa
Birliyi ölkələri hökumətlərinə səslənirik. Azərbaycanda insan haqlarına
qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq
edin”.
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi
motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya
qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və
beynəlxalq qurumlarda səyləri artırmaqdır.
Yenilənmiş Siyahı İşçi Qrupuna kütləvi informasiya vasitələrindən,
ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və
yaxınlarından daxil olan məlumatlar və sənədlər, məhkəmə proseslərinin
monitorinqi əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib
edilib.