Əkrəm Əylisli: “Ziyalı hardadır ki, sən ziyalı axtarırsan!”
Posted on : Müashibə 10/16/2017 1:00:32 PM
“Mehman Əliyev Azərbaycana xidmət etmək, məmləkəti sivil şəkildə yaşatmaqdan ötrü canın verənlərdən biridir”
Yazıçı Əkrəm Əylisli son olaylarla bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb.
- Əkrəm müəllim, “Turan”İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin həbsinə münasibətiniz necədir?
-
Hamı kimi mən də Mehman bəyin həbsinə müsbət yanaşa bilmərəm. Mən
Mehman Əliyevi çox təmiz və vicdanlı adam kimi tanıyıram, başqa tərəfdən
onu tanımıram.
- Sizcə, o, niyə həbs olundu?
-
Bu məsələlərin dərinliyinə bələd deyiləm. Amma məlum məsələdir də, bu
sualın cavabı var və cəmiyyətə də aydındır ki, Mehman Əliyev niyə həbs
olundu?! Bunu xırdalamağa ehtiyac hiss etmirım.
- Bəs Mehman Əliyevin həbsi Azərbaycan cəmiyyətinə necə təsir edəcək?
-
Mən ömrü boyu cəmiyyətin sağlamlığını arzulayan insanam. Baş verənlər
cəmiyyətin sağlamlığına aparmır. Biz səmimilikdən uzaqlaşdıqca, hər
şeydən uzaqlaşırıq. Birinci növbədə insan faktorundan uzaqlaşırıq, insan
ikinci dərəcəli bir şeyə çevrilir. İnsan mənəviyyatı, daxili varlığı
yoxa çıxır. Biz həssas olmalıyıq, amma Azərbaycan cəmiyyətinin
təbiətində artıq, həssaslıq yox dərəcəsindədir.
-
Bir sıra şəxslər son illər Azərbaycan cəmiyyətinin laqeydləşdiyini,
maddiyyata meylləndiyini deyirlər vənarahatlıqlarını ifadə edirlər.Bu
fikirlərlə bölüşürsünüzmü ?
-1970-ci
illərdə yazdığım əsərlərimin birində qəhrəmanın biri o birinə deyirdi
ki, çıxaq bayıra, görək, insan bir gecədə nə qədər dəyişir?! Yəni
insanların maddiyata güclü meyllənməsi problemi yalnız Azərbaycan yox,
dünyanın problemidir. Bəşərdə maddiyyata çox güclü istək yaşanır, insana
bir şey vermək yox, ondan nəsə qoparmaq ruhu hakimdir. Çox ağır
söhbətdir.
-
Ancaq Azərbaycan cəmiyyətində 90-cı illərinin əvvəlində insanlar öz
hüquqlarını tələb etməkdən çəkinmirdilər, bəs indiki halı nədən yarandı?
-Ümumiyyətlə,
cəmiyyət ona görə belə vəziyyətə düşür ki, xalqın daxili mənəvi
enerjisinin qüdrəti pisliyin qarşısını almaqda aciz olur. Sağlam
cəmiyyət mənfiliyə zor gəlməlidir, sağlam olanlarda xəstə ruh güclənir.
Sovet dövründə, 1985-ci ildə “Literaturnaya qazeta”ya yazmışdım ki, bizi
səmimiyyətdən uzaqlaşmaq məhv edəcək. Amma məqaləmi çap etmədilər,
cavab verdilər ki, filan yerlərini dəyiş. Görün, nə qədər zaman keçib,
32 il, bir qərinə olacaq. Əlbəttə, yazıçı üçün cəmiyyətin mənəvi
saflığına ehtiyac xüsusi şeydir.
-Azərbaycan ziyalıları indiki vəziyyətdə nə etməlidirlər?
-
Məncə, hər kəs öz vicdanından çıxış edib hərəkət etməlidir. Yalnız öz
mənafeyi üçün çalışmamalıdır, özünü üzdə saxlayıb aşağıda çürüntüyə yol
verməməlidir. Mənim təsəvvürümə görə, Azərbaycan ziyalısı, hələ,
dediklərim üçün yetişməyib.
-
Bugünlərdə Mehman Əliyevin həbsiylə əlaqədar bir sıra deputatlara,
ziyalılara zəng edib münasibət öyrənməyə cəhd etdik, sualımızı eşidən
kimi telefonu söndürdülər. Bu münasibət nədən doğur?
-İndiki
dövrdə vəzifədə olmaq bu cür insanlar üçün hər şeydir. Bir zamanlar Rus
yazıçısı Şukşin yazırdı ki, adam vəzifədən düşdü, olur heç nə. Yəni heç
nə olmamaq xatirinə yuxarıda olmaq, rahat dolanmaq onlar üçün vacibdir.
İndi məlum olur ki, kimsə bir vəzifəyə sahibdirsə, həmin vəzifə ona hər
şeyi verir. Heç vaxt, sovet dövründə də vəzifənin hesabına bu qədər
varidatlı, dəbdəli güzəran düzəlmirdi. Baxırsan ki, vaxtilə adi adam
olub, vəzifəyə təyin ediləndən sonra öz mənfəəti, ailəsi üçün çalışıb.
Bu, əxlaqi cəhətdən deqradasiya deməkdir.
-
Mehman Əliyevin həbsiylə bağlı yalnız ölkədən kənarda yaşayan yazıçı
Çingiz Hüseynov münasibətini sərgiləyib. AncaqYazıçılar Birliyinin
üzvləri susur...
-
Yazıçılar Birliyinin varlığı ötən əsrin 90-cı ilıərində mənim üçün
bitib. 1991-ci ilin fevralında sonuncu dəfə Yazıçılar Birliyindən
çıxmışam. Bu qurum heç vaxt Azərbaycan xalqının mənəviyyatı üçün böyük
iş görmək fikrində deyil. Azərbaycan Yazıçılar Birliyində məmur
xoşbəxtliyi, rahatlığı hökm sürür...
-
Bəs keçmiş Heydər Əliyevin hakimiyyəti zamanı durum fərqliydi,
yazıçılar, alimlər cəmiyyətdəki problemlər, Dağlıq Qarabağ məsələsi
barədə müraciət yayırdılar. Nə baş verdi ki, bu cür susqunluq yaşanır?
-
Söhbət ondan gedir ki, o təşkilatı saxlayan Heydər Əliyev oldu. Heydər
Əliyev olmasaydı bu təşkilatdakılar indiki güzəranın sahibi
olmayacaqdılar. Dövlət büdcəsindən vəsait alırlar, 1600-2000üzvü
ətraflarında fırladırlar. Büdcədən vəsait ayrılmasaydı, bu qurum yox
idi. Yazıçılar Birliyininrəhbərliyində olanlar öz şəxsi təşəbbüsləri
hesablarına önəmli ədəbiyyat yaratmayıblar, son 30 ildə cəlbedici bədii
əsər yarada bilməyiblər. Bu qədər xərc çəkilir, amma faktiki olaraq
ədəbiyyatın inkişafı üçün heç bir iş görülməyib. Əksinə, ədəbiyyatı elə
köhnə yerində saxlamaq üçün işləyiblər.
-Yenidən Mehman Əliyevin həbsinə qayıdaq, nə etmək lazımdır?
-Mənə
elə gəlir ki, onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir. Mehman bəy
o taleyə layiq adam deyil. Bu adam Azərbaycana xidmət etmək, məmləkəti
sivil şəkildə yaşatmaqdan ötrücanın verənlərdən biridir.
-Bir ara Ziyalılar Forumu vardı, bu qurumun üzvlərindən yalnız Cəmil Həsənli danışıb (sualı sonacan dinləmir)...
-Ümumiyyətlə,
Ziyalılar Forumuna Mehman Əliyevlə bərabər riyaziyyatçı da, başqa
sahənin adamları da gəlirdi. Ziyalılar Forumuna gələnlər Azərbaycanın
demokratik gələcəyində maraqlı insanlar idi. Amma indi nə biləsən ki,
kim istəyir, kim istəmir? Yaxud boğazdan yuxarı danışıb, o biri tərəfdə
rüşvət alır. Artıq, Azərbaycan cəmiyyəti bütün harmoniyasını itirib.
Düzdür, dünyanın özündə də vəziyyət heç də könül açan deyil. Həqiqətləri
demirlər, Suriyanı, İraqı darmadağın edirlər və minlərlə günahsız insan
həlak olur. Sanki kosmosdan kimsə gəlib edir.
- Yenidən Ziyalılar Forumunun toplaşıb mövqe bildirməsinə ehtiyac varmı?
-
Ziyalı hardadır ki, sən ziyalı axtarırsan?! Ziyalıların bir qismi
kefində, dəstgahında, üzdə çox böyük işlər gördüklərini göstərirlər,
amma faktiki heç nə yoxdur...
Xatırlatma
Avqustun
25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru
Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri
seçilib.Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma),
308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz
sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi
ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.
Vergilər
Nazirliyi avqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi
yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən
yayındırılıb. Mehman Hüseynov ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib.
Üstəlik,
agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya
Agentliyinin kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini
qeyri müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.
- Bəs keçmiş Heydər Əliyevin hakimiyyəti zamanı durum fərqliydi, yazıçılar, alimlər cəmiyyətdəki problemlər, Dağlıq Qarabağ məsələsi barədə müraciət yayırdılar. Nə baş verdi ki, bu cür susqunluq yaşanır?