Adam
daha nəyə təəccüblənəcəyini də bilmir. Biz 37-ci illəri kitablardan
oxumuş nəsil o tarixdəkindən betər hadisələrin içində əriyə-əriyə
gedirik. Ağzımızda sözümüzü tamamlamamış yanımızdakılardan kiminsə yoxa
çıxdığını görürük. Məhkəmələrdə, həbsxana qapılarında gözləyə-gözləyə on
illərimiz uçub gedir eləcə. 37-dən bu günə uzanan 80 illik vaxt
arasında havalar dönüb-dəyişib yenidən qara buludları üstümüzə çökdürüb.
Hər gün çağırırlar, aparırlar, tuturlar, iş kəsirlər. Doğru sözə, azad
qələmə, açıq düşüncəyə, intellektual beyinə qarşı amansız repressiya
gedir. Rejim durmaq bilmir. İnsanları ən gülünc ittihamlarla saxlayıb,
ən həyasız şəkildə mühükimə edirlər. Hüquq, məhkəmə, qanun mexanizmləri
çoxdan sıradan çıxarılıb. Çevrədə isə ölü bir sükut var. Ziyalı
ziyalını, qələm sahibi qələm sahibini, siyasətçi siyasətçini, yazıçı
yazıçını müdafiə etməkdən qorxur. Danışan, etiraz edən, haqlının
tərəfini tutan çox az adam qalıb ortada. Görünür, yalnız onlar dərindən
dərk edirlər ölkənin başına enmiş kabusun nə qədər qorxunc olduğunu.
Görünür, yalnız onlar anlayırlar məmləkət inanını qarşıda gözləyən
qaçılmaz faciələri. Görünür, yalnız onlar görürlər uçurumdan aşağı
yuvarlanıb dərənin dibinə doğru getdiyimizi. Ətrafda milyonlar yoxdur
sanki. Sanki hamının dilini-ağzını bağlayıb lal ediblər. Heç bir şey
dilindəki qıfılı aça bilmir bu adamların. Heç bir bəla, heç bir dərd,
heç bir ağrı dilləndirə bilmir ətrafdakı bu sükutu. Repressiya maşını da
öz işindədir, qarşısına keçəni əzdikcə əzib keçir…
İllərin
tuthatut dalğası dünən gəlib “Turan” informasiya agentliyinin qapısında
dayandı. Bu dəfə reptessiya maşını agentliyin direktoru Mehman Əliyevi
götürüb apardı. Demokratik düşərgənin ən ziyalı, ən “yumşaq”, ən
optimist, amma həm də prinsipial təmsilçilərindən biri. Ölkənin ilk
müstəqil informasiya agentliyi olan “Turan”ın simvollaşmış adıdır o. Nə
qədər tanınmış simalar gəlib keçib “Turan”ın peşəkarlıq məktəbindən.
Tamam fərqli, sanballı, intellektual düşüncəyə köklənmiş bir mühit olub
həmişə orda. Bunu “Turan”la əməkdaşlıq etdiyim bir illlik təcrübəmə
əsaslanaraq deyirəm. Hamı bilir ki, agentlik son illər ağır maddi
sıxıntılar içində dirənib fəaliyyətinə davam edib. Amma Mehman bəyi də
vergidən yayınmaqda ittiham edərək saxlayıblar. On milyardların naməlum
ünvanlara uçub getdiyi bir zamanda “Turan”ı vergidən yayınmaqda
günahlandırmaq utanmazlığın son həddidir artıq. Mehman bəyin həbsinə ən
dəqiq qiyməti Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və orta
Asiya bölməsinin rəhbəri Yohann Bihr verib:“Mehman Əliyev Azərbaycan
jurnalistikasının pioneridir. Hökumət ona görə “Turan”a təzyiqləri
gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə
bilməyiblər.”
Bax
belə, kənardan hər şeyi bizdən yaxşı görürlər. Bizdən də yaxşı
qiymətləndirirlər. Elə adama yer edən də budur, əslində. Axı nədən
kənardan hər kəs hər şeyi yaxşı gördüyü halda, bizim gözümüz kor,
dilimiz lal olub? Niyə öz dəyərlərimizi, ziyalılarımızı, yazarlarımızı
müdafiə etməkdən qorxuruq? Niyə bu qədər vecsiz, laqeyd və Allahsız
olmuşuq? Elə bilirsiniz o repressiya dalğası gəlib sizin qapıya
çatmayacaq? Yanılırsınız, sıra hamıya çatacaq, kənarda qalsanız belə,
çatacaq. Bu gedişlə hökmən çatacaq…