Hər
dəfə bu mövzu gündəmə gəlir, yeri gəldi-gəlmədi. Sanki bu məsələni
bilərəkdən, qərəzli şəkildə qurdalayanlar mövcuddur. Söhbət dini təhsil
və tədrisin ölkədəki təhsil ocaqlarında, daha dəqiq orta məktəblərdəki
tətbiqindən gedir. (Əlbəttə, belə bir tətbiq hazırda mövcud deyil, bəs
deyilsə olmayan şeydən söhbət necə gedə bilər? Bir az qarışıq məsələ
oldu) Demək olar ki, bu söz-söhbətləri ilk dəfə eşidən zamanın
məktəblisi artıq uşağının əlindən tutub onu məktəbə aparır. Uşağı da
məktəbdən qayıdıb valideynlərinə bu barədə məlumat verdikdə atası deyir
ki, bala, mən sənin yaşda olanda bu söz-söhbətlər var idi. Eyniylə
şəhərin bəzi yerlərində "plana gedən" evlər kimi.
İşin
insanı həyatdan, məktəblini məktəbdən, lap elə dövləti Mübariz
Qurbanlının rəhbərlik etdiyi komitədən bezdirən tərəfi odur ki, bir var
dini tədris məktəblərdə icra edilir və söz-söhbət gəzəndə istər-istəməz
övladının sağlam ruhda böyüməsini arzu edən valideyn narahat olur, bir
də var ümumiyyətlə bu iş məktəblərdə onsuz da yoxdur, bunu niyə gündə
Milli Məclisin bir qəpik dəyəri olmayan gündəliyində duran məsələlər
kimi ortaya çıxarırlar.
Dəhşətlisi
budur ki, yaranan gündən intibah üzünə həsrət qalan Dini Komitə bu
günlərdə özünün lap tənəzzül, başqa sözlə ölüb yerin dibinə girmək
dövrünü yaşayır. Çünki bu komitə hazırda nə danışdığını heç özü də
bilmir. Təzadlar, ixtilaflarla dolu bəyanatlar sadir edir.
Sonuncu
dəfə Komitənin məsul işçisi, spikeri, nə bilim sədr müavini Gündüz bəy
əcaib-qəraib açıqlama verib. Müsahibəni yayan saytların dediyinə görə
Gündüz bəy deyib ki, orta məktəblərdə dinin tədrisindən söhbət gedə
bilməz. Ümumilikdə komitənin rəyi budur. Lakin burada bir məsələ
unudulmamalıdır. O da bu ölkədə "böyük-böyük" danışmağın, başqa sözlə
"yekəxanalığın" insana baha başa gəlməsi məsələsidir. (Misal üçün baş
nazirin müavini Əli Həsənovun oğlunu öyməsi fraqmentini xatırlaya
bilərsiz) İndi Komitə sədri, yaxud onun müavini dini tədrisdən söhbət
gedə bilməz deməzdən öncə yüz ölçüb bir biçməliydi. Çünki bu cür təkidlə
söz demək "ağır söhbətdir". Sabah dövlət başçısı bundan ötrü xüsusi
tapşırıq versə Dövlət Komitəsi "qələt edib, başımızı divara vurmuşuq"
deyəcəkmi?
İşin
təzadlarla dolu tərəfi bundan ibarətdir ki, komitə deyir dini tədrisdən
söhbət gedə bilməz. Bu bilirsiz nə deməkdir, o deməkdir ki, bir var bu
məsələ barəsində müzakirələr, söz-söhbətlər gedir və bu, insanda ümid
yaradır ki, bəlkə oldu. Çünki Mübariz Qurbanlının Dini Komitəyə, Siyavuş
Novruzovun Milli Məclisdə məzarlar, mollalar, ehsan süfrələri ilə
əlaqəli olan şöbəyə rəhbərlik etdiyi əcaib-qəraib zamanda,
axirəz-zamanda (dünyanın axırıdır) yaşayırıq. Olmadı elə-oldu belə,
fələyin çərxi döndü, dini tədrisə başlanıldı. Amma bir də var deyirsən
söhbət belə gedə bilməz. Yəni nəinki özü məktəblərdə baş tuta bilməz,
heç bunun sözü belə gedə bilməz. De gəl ki, müsahibənin davamında deyir
ki, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların
əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına
daxil edilə bilər. Yaxşı bu necə ola bilər? Axı, dini-fəlsəfi fənlər,
müqəddəs kitabların əsasları dini tədrisin bir parçası sayılır. Digər
tərəfdən deyirsən ki, dini tədrisdən söhbət gedə bilməz. Burada təzad
əmələ gəlmirmi? Daha sonra cənab sözçü deyir ki, Azərbaycanda dini
durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin
təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin
verilməsi olduqca vacibdir. Bu məqamda isə təkidlə dolu "dinin
tədrisindən söhbət gedə bilməz" ifadəsi bir başqa təkidlə dolu olan "
böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir"
ifadəsiylə ziddiyyət təşkil etmirmi? (Bir var təkcə vacibdir, bir də var
olduqca vacibdir) Yaxud da biz dünyəvi ölkə olmadığımız üçün bizdə bu
olduqca vacib deyil. Bəs dünyəvi ölkə deyiliksə deməli dini ölkəyik,
dini ölkəyiksə bəs niyə dini tədrisə həsrət qalıb balalarımız?
Deməli,
görünən odur ki, yaxaya qalstuk, gözə eynək vurmaqla deyil, beş-altı
kitab sözü əzbərləyib robot kimi tez-tez təkrarlamaqla düzələn deyil bu
kimi məsələlər. Düzgün fikir, sağlam təfəkkür, faydalı təklif ortaya
qoymaq lazımdır. İki sözü bir-biriylə təzadlı olan insanlara vacib deyil
ki, kamera və mokrofonlar önünə çıxıb ağzına gələni danışsın. Ondansa
ağıza su alıb susmaq lazımdır. Bu iş pis iş deyila, ariflər daha çox
susmağa üstünlük veriblər.