Nardaran
məhbusu Abbas Hüseynova işgəncə verilməsi ilə əlaqədar şikayətə
baxmaqdan imtina edən Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvədə
saxlanılıb. Bu haqda avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində qərar
qəbul olunub.
Qaradağ Rayon
Məhkəməsinin qərarından verilmiş şikayətə hakim Faiq Qasımovun sədrliyi
ilə baxılıb. Abbas Hüseynovun vəkili Yalçın İmanovun “Azadliq.info”ya
bildirdiyinə görə, şikayət təmin olunmayıb.
Vəkil Abbas Hüseynova işgəncə verilməsi məsələsini Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir.
Qeyd
edək ki, qanuna görə, məhkəmə nəzarəti qaydasında mübahisləndirilən
işlərdə apellyasiya məhkəməsindən sonra Ali Məhkəməyə müraciət etmək
nəzərdə tutulmayıb.
Abbas
Hüseynov avqustun 8-də vəkili ilə görüşündə ona bildirmişdi ki,
istintaq təcridxanasından Qobustan həbsxanasına gətirildikdən dərhal
sonra işgəncələrə məruz qalıb. Onu açıq havada, 40 dərəcə istidə dəmir
dirəyə bağlayıb, döyüblər, daha sonra həbsxananın rəisi Avtandil Ağayev
öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, ona dəyənəklə
zərbələr endirib. Ardınca da soxulcanlarla dolu “kars” otağına salıblar.
Bundan
sonra vəkil müvəkkilinə qarşı işgəncələrlə əlaqədar həbsxananın
yerləşdiyi ərazi üzrə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Amma
məhkəmə işgəncə şikayətini icraata götürməkdən imtina edib. Bu qərarı da
belə əsaslandırıb ki, belə şikayətlərə məhkəmə nəzarəti qaydasında
baxılmır.
Yalçın İmanov
isə bu qərarı əsassız və qanunsuz hesab edir. Vəkil onu da qeyd edir ki,
Abbas Hüseynovun üzərindəki işgəncə izlərini onunla görüş zamanı özü də
görüb: “Təəssüf ki, yerli məhkəmələr məhkuma işgəncə verilməsi
məsələsinə bu cür yanaşırlar”.
Xatırladaq
ki, Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş və
ikisi polis olmaqla, 6 nəfərin ölümünə səbəb olan əməliyyat nəticəsində
həbs olunub. O, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və
daha 16 nəfərlə birlikdə mühakimə olunub, 20 il azadlıqdan məhrum
edilib. Hökmə əsasən, Abbas Hüseynov cəzanın ilk 7 ilini həbsxana
rejimində çəkməlidir.
Abbas
Hüseynov da daxil, Nardaran işi üzrə məhkum olunanların hamısı
ittihamları rədd edir, onlarda heç bir silah olmadığını, polislərin
namaz qıldıqları yerdə hücum etdiyini bildirirlər. Nardaran
məhbuslarının sözlərinə görə, ölənlərin hamısı da polislərin
güllələrindən qətlə yetirilib.