İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜ
Posted on : Əqidələr 10/16/2017 1:00:26 PM
İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜ
Tövhid, sülh və
dostluq carçısı İslamın əziz Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün
başlayır. Elə bir gün ki, İslam Peyğəmbəri (s) insanların hidayəti, doğru yola
yönəlməsi, təkamül və səadətə yetməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin
“İnnəkə Rəsulullah!” (Həqiqətən, sən Allahın Rəsulusan!) – nidası ilə böyük vəzifə
və ağır məsuliyyəti öhdəsinə aldı.
Tarixi mənbələrdə
göstərilir ki, İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə
günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər
(s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də elə “Hira”
mağarasında ikən vəhy mələyi Cəbrail-Əmin Allah tərəfindən bir “lövhə” ilə
nazil oldu və lövhəni o həzrətin müqabilində tutub dedi: “İqrə`”, yəni “Oxu!”.
Peyğəmbər (s) dərs oxumadığı üçün, “Mən oxumağı bacarmıram!” – deyə cavab
verdikdə, vəhy mələyi o həzrəti möhkəm sıxdı və o həzrətə “Oxu!” – deyə müraciət
etdi. Vəhy mələyi yenə ilk cavabı eşitdikdə, Həzrəti bir dəfə də sıxdı. Bu iş
üç dəfə təkrar olundu. Üçüncü dəfə Peyğəmbər (s) nagəhan hiss etdi ki, mələyin əlindəki
lövhəni oxuya bilir. Odur ki, o həzrət vəhy mələyi Cəbrail-Əminin gətirdiyi “Ələq”
surəsinin bu bir neçə ayəsini tilavət etməyə başladı:
بسم الله
الرحمن الرحيم. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ.
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. الَّذِي عَلَّمَ بِالْقَلَمِ. عَلَّمَ الْإِنسَانَ
مَا لَمْ يَعْلَمْ...
“Bağışlayan və mehriban Allahın adı ilə. Oxu! Yaradan Rəbbinin adı
ilə! O, insanı laxtalanmış qandan yaratdı. Oxu ki, sənin Rəbbin daha kərimdir.
O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi. İnsana bilmədiyini öyrətdi…”
(“Ələq” surəsi, ayə 1-5.)
Beləcə, Peyğəmbərin
(s) böyük ruhu vəhy nuru ilə işıqlandı. Cəbraildən öyrəndiklərini qəlb səhifəsində
yerləşdirdi. O həzrət ilk vəhyi oxuduqdan sonra elə həmin mələk Peyğəmbərə (s)
dedi: “Ey Mühəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm.”
Peyğəmbər (s)
ağır bir məsuliyyəti öhdəsinə götürdükdən sonra “Hira” dağından enib, möhkəm
addımlarla, qeyri-adi qüdrət və mələksima çöhrə ilə evinə doğru yola düşdü. Evə
daxil olarkən Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə.) o həzrətin üzündə təfəkkür
və həyəcanın əsərlərini gördükdə, onun səbəbini soruşdu. Peyğəmbər (s) Xədicəni
(s.ə.) baş vermiş hadisədən xəbərdar etdi...
Qeyd edək ki,
İslam Peyğəmbərinə (s) iman gətirən və o həzrətin dəvətini qəbul edən ilk qadın
Peyğəmbərin (s) həyat yoldaşı Xədicə, ilk kişi isə imam Əli (ə) olur. Məkkədə şərait
münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər
(s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə
iman gətirir.
Üç il gizli dəvətdən
sonra, ilk mərhələdə Allah tərəfindən «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil
olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik
vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما
تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan
et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən
uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan
sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Peyğəmbərin (s) risalətinə
qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər (s) və onun tərəfdarları
böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar.
Bu minvalla, o
həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və
Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə
hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən
o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin
(ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç
gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir.
Mədinə əhalisi
Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Qoba” məntəqəsində
qarşılayır. Elə həmin məntəqədə İslamın ilk məscidi – “Qoba məscidi”, ondan
sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir. İmam Əli (ə) Məkkədə
qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qobaya çatdıqdan sonra, birgə Mədinəyə
daxil olurlar. Sonradan Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmаnlаrın
(hicri) tаrixinin bаşlаnğıcı təyin edilir.
Nəhayət, hicrətin
11-ci ilində o həzrət “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə,
“Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən
özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə
qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”,
Ustad Rəsuli Məhəllati və “Füruğe-əbədiyyət”, Cəfər Sübhani, 2-ci cild, səh.219-220.)
Rza Şükürlü
(Maide.az)