Həqiqi azadlıq
Posted on : əxlaq 10/16/2017 12:59:31 PM
Mövzunun aydınlaşması üçün Azadlıq sözünün mənası və İslamın bu barədəki görüşü haqda danışmağa məcburuq.
Ümidvaram söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması və
habelə bizim kimi vəzifəli şəxslərin əməl etməsi üçün faydalı olacaq.
İlk
öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir?
Dünyada adı-sanı olan dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları
azadlıqdan dəm vururlar. Həm Qərb demokratiyaları azadlıq
iddiasındadırlar (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də
Şərq bloku ölkələri, sosialist quruluşları və yaxud sosializm iddiasında
olanlar azadlıq və demokratiyadan dəm vururlar. Şərq ölkələrinin çoxu
dövlətlərinin adında azadlıq mənasını ifadə edən “demokratik” sözünü
işlədirlər və iddia edirlər ki, bu quruluşlarda məqsədlərdən biri də
azadlıqdır. Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi azadlıq
deyil, cəmiyyət miqyasında olan azadlıqdır, yəni fərdi azadlığın
cəmiyyət azadlığı saydıqları bir şeydə qarışıb həll olması.
Görürsünüz
ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb və
hər quruluş azadlığı xüsusi tərzdə tərif edir və hamı iddia edir ki, öz
cəmiyyətlərində azadlığı təmin etmişlər. İslam cəmiyyətləri daxilində, o
cümlədən bizim cəmiyyətmizdə də bəziləri azadlıq tərəfdarı olmaqdan dəm
vururlar. Bunların içində olan inqilabçı və mömin adamlar azadlıq
sözünü müqəddəs bir söz kimi işlədirlər və müxtəlif formalarda olan
siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin
tərəfdarıdırlar. Həmçinin onların içində azadlığı və azadlıq
tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də
var.
Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə
yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü
müxtəlif mənalarda təkrar edilir. Hər kəsin zehnində azadlığın bir
mənası canlanır, onun çərçivəsi müəyyən deyil.
Əlbəttə, müxtəlif
pozğunluqların - cinsi və əxalqi pozğunluqların tərəfdarı olan bəzi
insanlar azadlıq şüarı ilə və “biz azadıq, istədiyimiz hər bir işi görə
bilərik!” – deyə, təəssüf ki, Qərbdə adına azadlıq deyilən məsələni
ortaya atırlar. Bizim cəmiyyətdə də çox vaxt azadlıq deyəndə Qərbin bu
növ azadlığı yada düşür.
Dünyada azadlıq haqqındakı bu iddiaların
bəlkə çoxu sual altındadır. Yəni nə Qərb ölkələrində, nə bu demokratik
quruluşlarda və nə də qəzetlərin zahiri baxımdan hər bir sözü yaza və
televiziya kanallarının hər bir sözü deyə bildiyi yerlərdə həqiqi
azadlıq var. Orada azadlığın nümayişi və dekorasiyası mövcuddur, oradakı
totalitar rejimlərin və diktatorların çirkin üzünə çəkilmiş qalın
kosmetik bəzəkdir əslində. Orada da əsl azadlıq yoxdur. Bu mövzu, necə
deyərlər, azad olan çoxlu ölkələrin xalqları üçün ipucu ola bilər ki,
özlərinin azad olmalarında şəkk etsinlər və azadlıqlarını tələb
eləsinlər.
“Azadlıq fəlsəfəsi nədir?” və “İnsan nə üçün azad
olmalıdır?” suallarının fəlsəfəsi, kökü və sübutu olmalıdır. Müxtəlif
sözlər deyilib: fayda, ümumi xeyir, ümumi ləzzət və maksimum, mədəni
hüquqlardan biri. Bunların hamısına irad tutmaq olar. Onların özləri də
irad tuturlar.
Əgər son illərdə liberalizm haqqında yazılanlara
baxsanız, görərsiniz ki, azadlıq barəsində nə qədər əbəs, bihudə,
faydasız və orta əsrlər dövrünə bənzər sözlər deyilib. Biri bir söz
deyib, o birisi cavab verib. Sonra daha birisi gəlib və onun cavabına
cavab verib. Doğrudan da, üçüncü dünya ziyalıları üçün pis əyləncə
deyil: biri bu nəzəriyyənin tərəfdarı olsun, biri də o nəzəriyyənin;
biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin,
başqa biri də nəzəriyyəni öz adı ilə başqasına sırısın. Ən çoxu budur
ki, azadlığın fəlsəfəsi və mənşəyi bir insani hüquqdur.
Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq xalqa məxsusdur və xalqın fitri duyğularındandır.
Ayətullah Seyid Əli Xamenei