header

 Quranla ünsiyyətin əhəmiyyəti

Quranla ünsiyyət yollarının, qaydalarının araşdırılması



Ərdəbil Məhde Təşəyyo - 
Müasir insan psixoloji hücumların hədəfindədir. Onu həyəcanlar, streslər, tənhalıq qorxusu əhatə etmişdir. Böhran yaşayan müasir insanın onu aramlaşdırası, sakitləşdirəsi munisə, dosta ehtiyacı var. Kimsəsizlik qorxusu həyat boyu insan ruhuna əzab verən hissdir. Həqiqi İslam yolunu tutmuş insan başqalarından öz aramlığı ilə seçilir. O həyəcanlardan necə qurtulub? O kimi dost seçib? Hamını hədələyən həyəcanlar ona üz tutanda qəlbinə aramlıq verən kimdir? İmam Səccad buyurur: “Şərqdən qərbə bütün insanlar ölsə, yer üzündə məndən başqa bir varlıq qalmasa, Quran mənimləsə, heç vaxt tənhalıqdan qorxmaram.”
Həzrət Peyğəmbər (s) Quranı bütün çətinliklərin açarı, dərmanı kimi tanıtdırır. Bir gün işləriniz zülmət gecə kimi qaranlıq olsa Qurana sığının. Çünki o şəfaətçidir, şəfaəti qəbuldur. Təsdiq edilən şahiddir. Kim Quranı özünə rəhbər seçsə Quran onu behiştə aparar. Kim Qurana arxa çevirsə, cəhənnəmə üz tutar. Quran ən gözəl yola yönəldən ən ay aydın bələdçidir.”
Bəli, Quran tənhalıq və nigarançılıqlar insanı əhatə edən zaman onun ən yaxın munisidir. Quran Allahın elm və hikmət cilvəsi, Onun əzəmət göstəricisidir. Quranla ünsiyyət sonsuz bir xəzinəyə yol tapmaq, xoşbəxt həyat proqramı əldə etməkdir. Hamı xoşbəxtlik sorağındadır. Amma o xoşbəxtliyi yanında görən azdır. El təbirincə, yar evdə, biz səhrada yar sorağında!
İnsan Quranla munis olmasa, ona əməl etməsə, Peyğəmbərin (s) şikayətlərinə ünvan olacaq. Həzrət şikayətlənər ki, Pərvərdigara, qövmüm Qurandan üz çevirdi.
Həyatda bütün rabitələrin qanunları var. İnsan ünsiyyətdə olduğu tərəfin xüsusiyyətlərini nəzərə almalıdır. İnsan qarşı tərəfi tanımasa, onun tələblərini yerinə yetirməsə rabitələri qısa müddətdə qırılar. Od və su insan həyatı üçün gərəkli olduğu qədər təhlükəlidir. Od və su o zaman faydalıdır ki, onların xüsusiyyətini nəzərə alasan. Bəli, Quranla ünsiyyətin də qaydaları var. Bu qaydalardan bəzilərini nəzərdən keçirək.
Quranla ünsiyyətin bir qaydası onu oxumaq haqqını gözləməkdir. Quranda buyurulur ki, səmavi kitab verilən kəslər onu layiq olduğu şəkildə oxuyar; Onlar İslam peyğəmbərinə (s) iman gətirib və küfrə uğrayanlar ziyandadır. 
Quranla ünsiyyətə girən onun hörmətini saxlamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Quran daşıyıcıları! Quranın hörmətini gözləməklə özünüzü Allaha əziz edin. Bu halda Allah sizi daha çox sevər, xalqına əziz edər... Quran Allahdan başqa hər şeydən üstündür. Quranı uca tutan Allahı uca tutur. Quranı aşağılayan Allaha hörmətsizlik göstərir.”
Qurana hörmət nümunəsi olaraq İmam Xomeyninin (r) Qurana münasibətini yada sala bilərik. İmam adətən Cəmaran hüseyniyyəsində stulda oturardı. Bir gün hüseyniyyəyə daxil olanda stuldan ötüb keçdi, yerdə əyləşdi. Həmin gün Quran müsabiqəsinə qarilər toplanmışdı və Quran oxunacaqdı. İmam bunu nəzərə alaraq stulda əyləşməmişdi. Başqa bir gün İmam stulda oturduğu zaman məclisə Quran gətirilir və Quranı yerə qoyurlar. İmam dərhal qalxır, Quranı götürüb stolun üstünə qoyur və tapşırır ki, Quranı yerə qoymasınlar. 
Quranla ünsiyyət qaydalarından biri onu oxumaqla bağlıdır. Allah-Taala buyurur ki, Quranı diqqətlə, düzgün oxuyun. Quranı gözəl səslə oxumaq da bir qaydadır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər şeyin bir zinəti var, Quranın zinəti onu gözəl səslə oxumaqdır.
Əhli-Beyt (ə) də belə olub. Quranı gözəl səslə oxuyublar. Nofəli deyir ki, İmam Hadinin (ə) yanında gözəl səsdən söz düşdü. İmam buyurdu: “İmam Səccad (ə) Quranı elə gözəl səslə oxuyardı ki, bəziləri huşunu itirərdi. İmamda elə gözəl səs vardı ki, insanlar bu səsi sakit dinləmək gücündə deyildilər.” Nofəli deyir ki, İmamdan (ə) Peyğəmbərin (s) necə qılması barədə soruşdum. Buyurdu: “Həzrət Peyğəmbər (s) namazda onun arxasında dayanan insanların taqəti çatacaq bir səslə namaz qılardı.
Quranla ünsiyyətin bir qaydası onun davamlı olmasıdır. İmam Sadiq (ə) buyurur: “Bir şəxs Quranın bir surəsini unudanda qiyamət günü həmin surə onun görüşünə gəlib salam verər. Şəxs soruşar ki, sən kimsən? Surə cavab verər ki, unutduğun surəyəm. Əgər məni yadda saxlasaydın, səni yüksək dərəcəyə çatdırardım... Quranı yaddan çıxarmayın! Bəziləri Quran öyrənir ki, ona qari desinlər. Bəziləri Quran oxuyanda məqsədi bu olar ki, desinlər gözəl səsi var. Belə Quran oxumağın xeyri yoxdur. Bəziləri də ardıcıl şəkildə Quran oxuyar və onlar üçün fərqi olmaz ki, biri bunu bilir ya yox!”
Quranla ünsiyyətin mühüm bir şərti də var. Bu şərt Quranın hökmünə əməl etməkdir. Bəziləri Quran oxusa da ondan bəhrə götürməz. İmam Baqir (ə) Quranla ünsiyyətdə olanları 3 qrupa bölür. Birinci və ikinci qrupun Qurandan bəhrəsi kiçik maddi bəhrədir. Üçüncü qrupun bəhrəsi böyük mənəvi bəhrədir. Birinci qrup Quranı dolanışığını təmin etmək üçün oxuyanlardır. İkinci qrupa daxil olanlar Quranın zahiri qaydalarına əməl edər, onun əsil bərəsindən məhrum qalarlar. Üçüncü qrup isə Quran oxumaqla dərdlərinə çarə tapar. Bu qrup mərifət və mənəviyyat yanğısını Quranla söndürər. Onlar məsciddə Quranla olar, yerindən Quran oxumaq üçün qalxar. Allahın rəhmət yağışının, düşmən üzərində qələbənin, bəlalardan uzaqlaşmağın yolu üçüncü qrupun ünsiyyət yoludur. İmam baqir (ə) buyurur ki, and olsun Allaha, üçüncü qrupdan olan qarilər çox azdır... 
Həzrət Peyğəmbər (s) bəzi Quran oxuyanları məzəmmət edərək buyurur: “Kifayət qədər Quran oxuyan var ki, Quran onları lənətləyər.” Necə ki, bəziləri Peyğəmbərlə (s) yaxın olsa da bu yaxınlıqdan bəhrələnmədi. Zahirdə çoxları Qurana yaxın görünə bilər. Amma bu o demək deyil ki, Quranın uca maarifindən hamı bəhrələnir. Bəziləri Qurandan dünyəvi məqsədə çatmaq üçün istifadə edir. 
Əhli-Beytdən (ə) Quranla ünsiyyət barədə xəbərdarlıq edən rəvayətlər nəql olunub. Bu rəvayətlər qarilərin, alimlərin, Quran oxuyanların diqqətini Quranın misilsiz dəyərinə yönəldir. Quranla həqiqi ünsiyyətdə peşmançılıq yoxdur. Çünki bu halda insanın bütün vücudu və hərəkətləri ilahi olur. 
Quranla ünsiyyətin mərhələləri var. Biz ən aşağı mərhələdən başlayıb ən yüksək mərhələyə qədər pillələri nəzərdən keçiririk.
Quranla ünsiyyətin ən aşağı mərhələsi evdə Quran saxlamaqdır. İmam Sadiq (ə) buyurur: “Evdə Quran olmasını çox sevirəm. Allah bu yolla şeytanları evdən qovur.” Bu mərhələ o insanlara münasibdir ki, bundan artıq bacarmırlar. Yoxsa Qurandan bəhrələnmədən onu evdə saxlamaq qiyamət günü Quranın şikayətinə səbəb olar.
Quranla ünsiyyətin növbəti mərhələsi onun yazılarına baxmaqdır. Gün uzunu ardıcıl şəkildə Quran yazısına baxmaq müstəhəb iş sayılır. Həzrət Peyğəmbər (s) buyurur ki, Quranı oxumadan onu yazısına baxmaq ibadətdir. 
Quranla ünsiyyətin bir mərhələsi Quran oxunan zaman sakit dayanmaqdır. Allah-Taala buyurur ki, Quran oxunan zaman sakitcə dinləyin ki, ilahi mərhəmətdən bəhrələnəsiniz. 
Quranı dinləmək Quranla ünsiyyətin mühüm mərhələlərindəndir. Qarini dinləməyin maddi və mənəvi bərəkətləri var. İmam Səccad (ə) buyurur: “Quranı oxumadan onun bir hərfini dinləyənə bir savab yazılar, onun bir günahı təmizlənər, məqamı bir dərəcə yüksələr.”
Quranla ünsiyyətin başqa bir əhəmiyyətli mərhələsi onu gözlə oxumaqdır. İmam Səccad (ə) buyurur: “Bir şəxs səsini çıxarmadan gözü ilə Quran oxusa, Allah oxuduğu hər hərfə savab yazar, hər hərfə günahını paklayar və dərəcəsini yüksəldər.”
Quranı üzünə oxumaq ilahi kitabla ünsiyyətin mühüm mərhələlərindəndir. Qiraət üzünə ya da əzbərdən ola bilər. Həzrət Peyğəmbər (s) buyurur ki, şeytan üçün insanın Quranı üzündən oxumasından ağır iş yoxdur. İmam Sadiq (ə) buyurur: “Kim Quranı üzünə oxusa baxışından bəhrələnər, ata-anası kafir olsa belə əzabı yüngülləşər.”
Quranla ünsiyyətin yüksək bir mərhələsi oxuduğunun mənalarını düşünmək və ona əməl etməkdir. Deyirlər ki, hər tilavət qiraətdir, amma hər qiraət tilavət deyil. Tilavət sözü o zaman işlədilir ki, Quranı qiraət edən müəyyən şərtlərə əməl etsin. Həzrət Peyğəmbər (s) buyurur: “Quran oxuyan şəxsin Quran hökmlərinə əməl etməsi Quranın haqqıdır.”
Quran tilavətinin maddi və mənəvi təsirləri çoxdur. Fatir, 30: “Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar...”
Bəli, Quran oxuyarkən ayələrin mənası barədə düşünmək bir vəzifədir. (Bax: Nisa, 82, Sad, 19, Məhəmməd, 24)
Ayələr barədə düşünmək “tədəbbur” adlanır. Tədəbbür Quranda düşüncə ilə hərəkətdir. Quranı tədəbbürlə oxuyanda ayələr bir-birini şərh edir, onların mənası aydınlaşır. Əlbəttə ki, tədəbbürdə pak qəlb, düşüncə, azad fikir şərtdir. 
Quranla ünsiyyət mərhələlərindən biri onun hifzi, əzbərlənməsidir. İmam Sadiq (ə) buyurur: “Quranı əzbərləyib ona əməl edən şəxs axirətdə mələklərlə məşhur olar. Bu mələklər Allahla Peyğəmbər (s) arasında vasitəçi mələklərdir. Bu rəvayətlərə əsasən Quran hafizləri və qariləri ilahi kitabın hökmlərinə əməl etməyə çağırılır. 
Quranla ünsiyyətin ən yuxarı mərtəbəsi ayələrə əməl etməkdir. Bu mövzuda gözəl və düşündürücü rəvayətlər çoxdur. İmam Sadiq (ə) Quran ayələrinə əməl barədə buyurur: “Quranla ünsiyyətdə olun. Quran tilavət edən zaman elə ayələrə çatsanız ki, sizdən qabaq ona əməl edənlər xilas olub, həmin ayələrə əməl edin. İnsanların həlakına səbəb olan amillər oxuduqda siz də o amillərdən çəkinin.”
İlahi kəlamla ünsiyyətin maddi və mənəvi təsirləri çoxdur. İlahi ayələrin tilavətindən ləzzət alan öminlər Allahın vədi əsasında nuraniyyət əldə edir, onların imanı kamilləşir. Möminlər o kəslərdir ki, Allahın adı çəkiləndə qəlblərində xof yaranır. Onlara Quran oxunduqda imanları güclənir, yalnız Allaha təvəkkül edirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “Evinizi Quran oxumaqla işıqlandırın. Evlərinizi qəbristanlığa çevirməyin. Yəhudi və məsihilər məbədlərdə ibadət etdilər, evlərində Allah zikr olunmadı. Bir evdə çox Quran oxunsa o evin xeyir-bərəkəti artar. Ev əhli bundan bəhrələnər, səma əhlinə nur şölələnər.”
Bəsirəti olmayan insan yoldakı maneələri görmədiyindən məqsədə çata bilmir. Quran ayələri insanın bəsirətini artırır, həyat yolunu işıqlandırır. “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.” (Əraf, 203) Casiyə surəsinin 20-ci ayəsində Quran ən üstün bəsirət vasitəsi kimi tanıtdırılır. Buyurulur ki, Quran ona iman gətirənlər üçün bəsirət və hidayət vasitəsidir. Günahkarların planlarının aşkarlanması, iman əhlinin vəzifələrinin müəyyənləşməsi, təlim-tərbiyə zəminəsinin yaranması, düşüncənin güclənməsi, insanın təqva libası ilə bəzənməsi, ruhani və nəfsani xəstəliklərin şəfa tapması, insanların zülmətdən nura çıxması Qurani-kərimlə ünsiyyətin bərəkətlərindəndir. (Bax: Ənam, 55, Nur, 1, Cumuə, 2, Bəqərə, 219, Bəqərə 187)

Quranla ünsiyyət yollarının, qaydalarının araşdırılması
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap