İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
6 sentyabr - 15 zilhiccə - İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür
İmam Əliyyən-Nəqinin
(ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik
edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:
Şiələrin onuncu
imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir.
İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın
deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və
imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. O həzrət 212-ci hicri-qəməri ilinin
Zil-həccə ayının 15-də Mədinə yaxınlığındakı Sərya adlı məntəqədə dünyaya gəlmişdir.
Atası imam Mühəmməd Cavad (ə), anasının adını isə Səmanə və yaxud Süsən qeyd
etmişlər. (“Əl-irşad”, Şeyx Müfid, s. 327)
İMAM HADİNİN
(Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR
İmam Əliyyən-Nəqi
(ə) imam olduğu müddətdə aşağıda adları çəkilən Abbasi xəlifələrinin müasiri
olmuşdur: Məmunun qardaşı Mötəsim (218–227 h.q); Mötəsimin oğlu Vasiq (227–232
h.q); Vasiqin qardaşı Mütəvəkkil (232–247 h.q); Mütəvəkkilin oğlu Müntəsir
(altı ay); Müntəsirin əmisi oğlu Müstəin (247–251 h.q); Mütəvəkkilin digər oğlu
Mötəzz (251–255 h.q).
İMAM HADİNİN
(Ə) İMAMƏTİ
İmam Əliyyən-Nəqi
(ə) 220-ci hicri ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən
imamət məqamına çatmışdır Şiələr imamın həddi-büluğa çatmamışdan öncə imamətə
çatması məsələsini imam Cavadın (ə) üzərində təcrübə və həll etdiklərindən imam
Əliyyən-Nəqinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Şeyx Müfid və Növbəxtinin
qeydlərinə görə, imam Cavadın (ə) şiələrindən bir neçəsindən başqa, hamısı imam
Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. İmam Əliyyən-Nəqinin (ə) imamətini
qəbul etməyən az bir qrup isə, yalnız qısa bir müddət “Musa Mübərqə” adı ilə məşhur
olan və Qum şəhərində dəfn edilən Musa ibn Məhəmmədin (vəfat tarixi: 296-cı
h.q. ili) imamətinə inandılar. Amma bir müddət keçdikdən sonra onun imamətindən
üz çevirib imam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. Səd ibn Abdullah
onların imam Əliyyən-Nəqiyə (ə) üz tutmasına səbəb kimi, Musanın özünün
onlardan yorulması və onları öz ətrafından qovmasını göstərmişdir. (“Əl-məqalatu
vəl-firəq”, s. 99.)
O həzrət otuz
iki il imamət etmiş, qırx bir il və bir neçə ay həyat sürmüş, hicrətin 254-cü
ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirra şəhərində yaşadıqdan sonra
Abbasi xəlifəsi Mötəzzin vasitəsilə şəhadətə yemiş və öz evində də torpağa
tapşırılmışdır.
Rza
Şükürlü