Əgər bir qarışqaya zülm edib yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
Əgər bir qarışqaya zülm edib yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...
İmam Əlinin (ə)
xəlifəliyinin ilk günlərindən başlayaraq keçmiş xəlifələr tərəfindən
saysız-hesabsız hədiyyə və yardımlar alan fürsət qulları onun ədalətinə tab gətirə
bilmədilər. Onlar Həzrətə etirazla dedilər: “Nə üçün keçmiş xəlifələrin yolunu
getmir və “beytül-mal”ı (ümumi əmlak və gəliri) onlar kimi bölmürsən?” Tövhidi
özündə əks etdirən və qəlbinə bir an belə şirk daxil olmayan imam Əli (ə) buyurdu: “Allaha
and olsun ki, mən dəvətikanı üzərində gecələməyi, əli-qolu zəncirlərlə bağlı
sürünməyi bəndələrə zülm edib dünya malına əl uzatmış halda qiyamət günü Allaha
və Peyğəmbərə qovuşmaqdan daha üstün bilirəm.”[1]
Tarixə görə, o
həzrət heç vaxt kiminsə mənafeyini nəzərə alıb Allahın yolundan çıxmamışdır: nə
yaxın qohum-əqrəbasına şərait yaratmış, nə də düşmənin xeyrinə bir addım
atmışdır. Onun həyatı bunu əks etdirən həqiqətlərlə doludur. Misal üçün, bu əhvalata
nəzər salaq:
İmam Əlinin (ə)
xilafəti dövründə bir çox iğtişaşların səbəbkarı olan münafiq Əşəs ibn Qeys bir
nəfərlə savaşdı. Bunu imam Əliyə (ə) xəbər verdilər. İmam (ə) onların arasında
ertəsi gün hökm kəsəcəyini bildirdi. Gecə o həzrətin evinin qapısı arxasından
bir səs eşidildi. Həzrət qapını açıb, əlində halva dolu bir qab tutan Əşəsi
gördü. Həzrət ona bir nəzər saldıqdan sonra sərt baxışlarla buyurdu: “Bu
rüşvətdir, yoxsa sədəqə? Əli rüşvət əhli deyil ki, onu
haqdan döndərsin və sədəqə də biz haşimilərə haramdır.”[2] Möminlərin əmirinin bu rəftarından əl-ayağını
itirən Əşəs dedi: “Heç biri deyil, hədiyyədir! Hər müsəlman başqa müsəlmana hədiyyə
verə bilər.” (Təəssüflər olsun ki, bizim günümüzdə hədiyyə, ənam, şirinlik,
haqq, hesab kimi rüşvətxorluq halları az deyildir.) İmam Əli (ə) min rəngə düşən
Əşəsə buyurdu: “Ey Əşəs! Allahın dini ilə gəlib məni tələyəmi salmaq
istəyirsən? Ağlını itirmisən, yoxsa sayıqlayırsan?! Əşəs! Əlindəki payın ilanın
ağız suyuna qarışmış kimidir! Allaha and olsun, əgər bir qarışqaya zülm edib
yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...”
(Maide.Az)
[1]. “Nəhcül-bəlağə”, xütbə: 224.
[2]. “Nəhcül-bəlağə”, xütbə: 224. Diqqət yetirmək lazımdır ki, malın zəkatı
və fitrə zəkatı kimi vacib sədəqə seyidlərə haramdır, müstəhəb zəkat isə haram
deyil!