Qarabağ əlili: “Dedilər, Mehriban Əliyeva gedincə burda qalmalısan”
Posted on : qafqaz 10/16/2017 1:00:28 PM
«İyunun 27-də səhər saat 8-in yarısı qapım döyüldü, üç polis işçisi idi, məni yorğan-döşəkdən götürüb zorla Abşeron rayon Polis Şöbəsinə apardılar. Qışqıra-qışqıra qaldım ki, «axı mən neyləmişəm, məni niyə aparırsız» Dedilər, «Mehriban Əliyeva gəlir, rəisin göstərişidir»».
Bakir Bayramov ikinci qrup Qarabağ əlilidir. O, azı 3 ildir
ki, özünün və ailəsinin əziyyətləri barədə rəsmi qurumlara müraciət edir. Bu
ilin yanvarında AzadlıqRadiosuna da üz tutmuş əlil özünün və ailəsinin üzləşdiyi
haqsızlıqlardan danışmışdı.
«PROFİLAKTİK TƏDBİR GÖRÜBLƏR»
İyunun 27-də Birinci vitse-prezident Mehriban Əliyeva qəzalı
mənzillərdən köçürülən köçkünlərə «Yeni Bakı» Yaşayış Kompleksində yeni mənzillərin
təqdimolunma mərasimində iştirak edib. Bu tədbirin B.Bayramova birbaşa aidiyyəti
olmasa da, iddiasına görə, onu məhz bu tədbirlə əlaqəli azı 9 saat Abşeron
rayon Polis Şöbəsində saxlayıblar:
«Düzdür, demək olar ki, hər ay Mehriban Əliyevaya yazıram,
ancaq heç vaxt da məktublarıma cavab almamışam. Ancaq düzü, onun Masazıra gələcəyindən
heç xəbərim də yox idi. Bunlar xoflanıblar ki, birdən gedib tədbiri pozaram,
Mehriban xanıma əlbəəl məktub verərəm, dərdimi deyərəm… Öz aləmlərində guya
profilaktik tədbir görüblər. Əlil adamı ac-susuz səhər saat 8-in yarısından
günorta saat 4-ə kimi polis şöbəsində bir otağa qapadıblar ki, səsini
çıxarmasın».
MEHRİBAN ƏLİYEVAYA DURMADAN YAZACAQ
Əlilin deməsinə görə, saat 4 radələrində polis şöbəsindən
buraxılarkən polis rəisi ilə görüşüb saxlanma səbəbini bir daha onun özündən
eşitmək istəyib, lakin imkan verməyiblər:
«Dedilər, «rəis yerində yoxdur, get yolunla, başını cəncələ
salma, sənə burda güldən ağır söz deyən olmadı ki… Gətirməliydik, gətirdik,
indi də buraxırıq, get evinə, başqa söhbət olmasın»».
Ancaq B.Bayramov deyir, qeyri-iş günləri bitən kimi başına gələnlərlə
bağlı baş prokurora və başqa aidiyyəti qurumlara müraciət edəcək, Mehriban
Əliyevaya ta cavab alanadək durmadan yazacaq.
«Qaynar xətt»in müxbiri məsələni araşdırmaq üçün Abşeron
rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlayıb. Növbətçi polis qısa
fasilədən sonra jurnallarda belə adda-soyadda adamın idarəyə gətirilməsi barədə
qeydlərin olmadığını bildirib. B.Bayramov da şöbədə ondan hər hansı sənəd istənilmədiyini
və qeydiyyat aparılmadığını təsdiqləyir.