Müsəlmanların ikinci qibləsi sayılan və illərdir işğal edilən müqəddəs Məscidül-Əqsa
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Dünyanın ən qədim və müqəddəs şəhərlərindən biri hesab olunan Qüds, həm də 3 səmavi dinin ortaq nöqtəsi sayılır. Qüds sözü İslamda Allahın adlarından biri olub (Əl-Kuddüs) bütün xətalardan, pisliklərdən uzaq, Müqəddəs mənasını verir
Qüdsdə 3 dinin müqəddəs saydığı obyektlər vardır.
1. Süleyman məbədinin divarı-Bura ağlama divarı deyilir.
Süleyman məbədi dağıdıldıqdan sonra geriyə tək bu divar qalır və bura yəhudilər
üçün ən müqəddəs yer sayılır. Süleyman peyğəmbər (e.ə. 965-926) yəhudi dini ədəbiyyatında,
eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər
olması ilə yanaşı, həm də yəhudilərin onu özlərinə kral hesab etməsi ilə
bağlıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının digər bir
səbəbi isə, bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və
Qüdsdə yerləşən "Ağlama Divarı" ilə olan əlaqəsidir. Yəhudi dini təliminə
görə "Ağlama Divarı" əfsanəvi "Süleyman Məbədi"-nin müasir
dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə,
Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə
yeksan edilib. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin
kitabı olan Kabalada, "Krallar, 7-ci Bab"-da ətraflı izah edilir. Bu
məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta olub.
Tarixi mənbələrə görə, Məbədin inşasında 20 min fəhlə işləyib və Hiram Abif
onları usta, köməkçi və şagirdlər olaraq üç qrupa ayırıb. Hiram usta Süleyman məbədinin
girişində üç tunc sütun inşa edib. Məbəd inşa edilərkən ustalar, köməkçilər və
şagirdlər inşaat işinin sirlərini Hiram ustadan öyrənmək istəsələr də, bu
mümkün olmayıb. Buna görə də ustalar, köməkçilər və şagirdlərdən bəziləri Hiram
Abifi gizlicə öldürüb dəfn ediblər. Yeri
bilinməsin deyə qəbrinin üstünü akasiya ağacının budaqları ilə örtüblər. Tövrat
hekayəsindəki bəzi əşyalar və adlar bu gün spekulyativ masonluğun simvollarına
çevrilib. Məsələn masonlar bir-birlərinin qardaşıdırlar və onlar özlərini
"dul qadının uşaqları" adlandırırlar. İnşaat ustalarının istifadə
etdikləri pərgar, üçbucaq, mala, şaqul kimi alətlər masonluğun simvollarıdır.
İnaşaat ustalarının geyindikləri əlcək, önlük və.s geyim əşyaları da masonların
ayin və toplantılarında geydikləri geyimlərdəndir. Hiram ustanın düzəltdiyi üç
tunc sütun da masonik simvollardandır. Akasiya ağacının da masonluqda xüsusi
yeri var. Bundan başqa masonluqda mühüm simvollardan biri sayılan üçbucaq içində
təsvir olunmuş göz də yəhudi mənşəli bir simvoldur. Həmin bu simvolu siz 1 ABŞ
dollarının arxa üzündə də görə bilərsiniz. Masonlar öz rəsmi mətbuat
orqanlarında masonluğun iudaizmlə, xüsusən də Kabalistik yəhudiliklə heç bir əlaqəsinin
olmadığını iddia etsələr də, yazılanlar bunun əksini deməyə əsas verir.
2. Məscidül Əqsa: “Bu məscid, Məscidül Haramdan sonra ən qədim
və müqəddəs ikinci məscid sayılır və İslam dini ortaya çıxdığı ilk zamanlarda
müsəlmanların ilk qibləsi olub. Müsəlmanlar üçün ilk qiblənin yerləşdiyi və
İslam Peyğəmbərinin (s.ə.s) meraca getdiyi məkan hesab olunan əl-Əqsa məscidi yəhudilər
üçün də müqəddəs məkandır. Məscid əl-Əqsa
Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci
müqəddəs yerdir. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən
uzaq yerdə olması səbəbindən Məscid əl-Əqsa adlandırılıb. Ancaq bu müqəddəs məkanın
tarixi İslamiyyətdən çox-çox qədimə söykənir. Beyt əl-Maqdis və ya Beytül Müqəddəs
adlanan məbəd Quranda adı keçən həzrət Davud Peyğəmbərin zamanında inşa olunub.
Ancaq rəvayətə görə, Həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə
olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini
bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrət Süleymana nəsib
olub. Məscid əl-Əqsanın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından
istifadə olunub, tikinti 7 ilə başa gəlib.
ilk vaxtlarda məbədin adı Beyt əl-Maqdis kimi qeyd olunub. Ancaq
sonradan Quranda da nəql olunan Məscid əl-Əqsa adından istifadə olunmağa
başlanılıb. Rəvayətə görə, Həzrət
Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim
Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) Məscid əl-Əqsaya qoyub.
Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı
Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar) məscidi qarət edərək Babilə
aparıb.
Sonradan Məscid əl-Əqsa bərpa olunsa da, eramızın 70-ci
ilində Qüdsü işğal edən Roma İmperiyası orduları şəhəri və eləcə də Məscid əl-Əqsanı
yandırıb dağıdıblar. Bu təqvim eyni zamanda Məscid əl-Əqsanın yəhudiliklə əlaqəsinin
sona çatdığı dövr hesab olunur.
Bizim eranın 123-cü ilində Bizans İmperiyası Məscid əl-Əqsanı
təmir edib. Məscid əl-Əqsanın yenidən parlaması isə İslamiyyətlə başlayıb.
İslamın ilk illərində Həzrət Məhəmmədin (s.ə.s) Meracı hadisəsi baş verir. Bu
hadisə zamanı İslam Peyğəmbəri Məscid əl-Həramdan (Məkkədəki Kəbə) Məscid əl-Əqsaya
gəlir və burda namaz qılır.
Bu dövrdə Məscid əl-Əqsa həm də müsəlmanların qibləsi, yəni
namazda üzlərini çevririb ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən
16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu
bəyan edilir. Ancaq əl-Əqsa müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan
kimi tanınır. Qeyd edək ki, 1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində
ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul
edib. Qərara görə, Qüds şəhəri beynəlxalq statuslu ərazi olmalı idi. Ancaq yəhudilər
1948-ci il mayın 15-də dövlət elan edir və fələstinlilər dövlət yarada bilmir.
1948-ci ildə baş verən savaşda İsrail rejimi Qüdsün qərb hissəsini, 1967-ci ildəki
6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edərək, orda öz qaydalarını
qoymağa başlayır.
3. İsanın məzarı-İsa Məsihin cəsədi orda olmasa da (Quranda
O, Həzrətin zühura qeybə çəkildiyi bildirilir) basdırıldığı boş məzar ordadır və
xristianlar üçün müqəddəs sayılır. Yəhudi və müsəlmanlarla yanaşı, Qüds, eləcə
də Məscid Əl-Əqsa xristianlar üçün də müqəddəs məkan mahiyyətindədir. Belə ki,
Həzrət İsanın bu torpaqlarda dünyaya göz açması, yaşaması bu torpaqlarda baş
verib. Qüds xristianlığın başlanğıc yeri kimi xristianlar üçün müqəddəs dəyərə
malikdir. Xristianlar üçün Qüds İsa (İusus) peyğəmbərin son günlərini yaşadığı,
həvarilərlə gizli görüş keçirdiyi, və zühur edəcəyi müqəddəs şəhərdir.