MÜNAFİQLƏRİN HİYLƏSİ ŞEYTANIN KƏLƏYİNƏ BƏNZƏYİR!
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
MÜNAFİQLƏRİN HİYLƏSİ ŞEYTANIN KƏLƏYİNƏ BƏNZƏYİR!
Allah-Taala
Qurani-Kərimin “Həşr” surəsinin 16-17-ci ayələrində buyurur:
كَمَثَلِ الشَّیطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا
كَفَرَ قَالَ إِنِّی بَرِیءٌ مِنْكَ إِنِّی أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِینَ. فَكَانَ
عَاقِبَتَهُمَا أَنَّهُمَا فِی النَّارِ خَالِدَینِ فِیهَا وَذَلِكَ جَزَاءُ
الظَّالِمِینَ
“(Münafiqlərin
hiyləsi) Şeytanın (kələyinə) bənzəyir. O, insana “Kafir ol!” – dedi və elə ki,
(insan) kafir oldu, dedi: “Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin
Rəbbi olan Allahdan qorxuram!” Beləliklə, hər ikisinin (şeytan və kafirin)
işinin aqibəti də od içində əbədi qalmaqdır. Budur zalımların cəzası!”
AYƏLƏRİN
NAZİLOLMA SƏBƏBİ
Müsəlmanlarla
“Bəni-Nəzir” qəbiləsi arasında baş verən çəkişmədə münafiqlərin başçısı
Abdullah ibn Übəy “Bəni-Nəzir” qəbiləsinin başçılarına belə xəbər göndərir:
“Siz öz mövqeyinizi qoruyun və Mədinəni tərk etməyin. Əgər siz şəhəri tərk etsəniz,
biz də sizə qoşulacaq və sizə hücum olunsa, biz də sizə yardım edəcəyik.” (“Həşr”
surəsi 11-ci ayə.)
Növbəti ayə
onların yalanlarının üstünü açaraq heç vaxt öz əhd-peymanlarına sadiq
qalmadıqlarını, nə Mədinəni tərk, nə də onlara kömək edəcəklərini və əgər kömək
etsələr də, dərhal döyüş meydanını tərk edəcəklərini bildirir:
لَئِنْ أُخْرِجُوا لَا یخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا
ینْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَیوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا
ینْصَرُونَ
“Şübhəsiz, əgər
onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə
çıxmazlar və əgər (möminlər) onlarla vuruşsalar, (münafiqlər) onlara kömək etməzlər
və əgər kömək etsələr də, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən
heç birinə) kömək olunmaz.” (“Həşr” surəsi, ayə 12.)
Tarixə əsasən,
münafiqlər “Bəni-Nəzir” qəbiləsinə həssas vaxtlarda vədələr versələr də, heç
vaxt onlara kömək etmədilər. Odur ki, Qurani-Kərim münafiqləri şeytan tipli
ünsürlər adlandıraraq onların heç vaxt öz vədələrinə sadiq qalmadıqlarını
bildirir.
Təfsirçilər nəql
edirlər ki, Bəni-İsrail tayfasından Bərsisa adlı bir abid uzun illər Allaha
ibadətin nəticəsində elə bir məqama yüksəlir ki, nə vaxt dua etsə, duası qəbul
olarmış. Lakin o, ömrünün sonunda bir günaha görə rüsvay olaraq dar ağacından
asılır və dünyadan da kafir gedir.
Bərsisanın hədsiz
ibadətindən narahat olan İblis onu yolundan çıxarmaq və azğınlığa salmaq üçün hər
bir hiyləyə əl atsa da, istəyinə çatmır. Nəhayət, onu zinakarlıq vəsvəsəsi ilə
aldatmağı öhdəsinə götürən “Əvər” adlı bir şeytana həvalə edir. Təsadüfən,
yaşadığı məmləkətin padşahının qızı iflic olur. Bərsisadan o qıza şəfa vermək məqsədilə
padşahın evinə getməsini xahiş etsələr də, o, razılıq vermir. Çıxılmaz vəziyyətdə
qalan qızın qardaşları onu bir taxtın üstündə Bərsisanın evinə gətirirlər. Bərsisa
deyir: “Qız burada qalmalıdır ki, sübh vaxtı dua edim, şəfa tapsın!” Qızın
qardaşları abidin təklifini qəbul edib, geri qayıdırlar. Bərsisa sübh çağı dua
edir və o, şəfa tapır. Bu zaman Əvər adlı şeytan fürsətdən istifadə edib abidin
yanına gəlir və vəsvəsə edərək qızın eşqini onun ürəyinə salır. Bu iş o yerə gəlib
çatır ki, hətta qızla zina edir. O, bu işdən sonra peşman olur və qızın bunu öz
qardaşlarına xəbər verəcəyindən qorxub, nə edəcəyi haqda fikirləşməyə başlayır.
Bu vaxt şeytan qızı boğub öldürməyi və orada da dəfn etməklə cinayəti
ört-basdır etməyi abidin qəlbinə salır. Bərsisa şeytanın vəsvəsəsini gerçəkləşdirərək,
qızın cəsədini elə öz evində dəfn edir. Səhər qızın qardaşları gəlib onun
harada olduğunu soruşduqda, abid deyir: “Mən dua etdikdən sonra o şəfa tapdı və
çıxıb getdi.” Şahzadələr qızı axtarıb tapmadıqda, onun Bərsisanın vasitəsilə qətlə
yetirildiyini güman edirlər. Buna görə də abidin yanına qayıdıb diqqətlə hər
yeri axtardıqdan sonra, axır, onun öz evindən qızın dəfn olunmuş cəsədini
tapırlar.
Padşah əmr edir
ki, Bərsisanın boynuna kəndir bağlayıb şəhərə gətirsinlər və camaatı da bundan
xəbərdar etsinlər. Camaat bir yerə toplaşdıqda, abidin rüsvayçılığı daha da
artır. Nəhayət, onu dara çəkib kəndiri boynuna salırlar. Bu zaman şeytan onun
gözü önündə aşkar olub deyir: “Bu müsibət və rüsvayçılığı sənin başına gətirən
mənəm! Əgər qurtulmaq istəyirsənsə, yenə mənim sözümə qulaq asmalısan.” Abid
soruşur: “Nə etməliyəm?” Şeytan deyir: Mənə səcdə et!” Abid deyir: “Dar ağacından
asıldığım halda, sənə necə səcdə edim?” Şeytan deyir: “Bir an başını tərpətməklə
mənə səcdə etsən də kifayətdir.” Bədbəxt abid başını tərpətdikdə, şeytan qəhqəhə
ilə gülüb, onun yanından uzaqlaşır və o, kafir olaraq dünyadan gedir!
(“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 52-ci məsəl.)
NƏTİCƏ
Münafiq xislətli
kəslərin vədəsi şeytanın abidə verdiyi vədəyə bənzəyir və hər ikisi qarşı tərəfi
aldadar və heç vaxt vədələrinə əməl etməzlər.
Rza Şükürlü
(Maide.az)