Mövsüm Səmədov namaz qıldığına görə karsa salınıb
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Mövsüm Səmədov: "Şeyx Sərdarın həbsi bütün azadlıqsevər və inanclı insanların haqlı etirazına və hiddətinə səbəb olub. Ruhani alimlərin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər və yaradılmış maneələr cəmiyyətin tərəqqisinə həmişə mənfi təsir göstərir"
Vəkil Yalçın İmanov bu gün 12 saylı Cəza Cəkmə Müəssisəsində
AİP lideri Mövsüm Səmədovla görüşüb. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin
normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun 5 günlük karsa
salındığını və şənbə günü kars müddətinin başa çatacağını bildirib.
Karsa salınma səbəbinin namaz qılması ilə bağlı olduğunu
söyləyən vəkil, “bəhanələri də bu olub ki, “barak”da namaz qılmaqla guya daxili
intizam qaydalarını pozub və antisanitariya şəraiti yaradıb. Halbuki daxili
nizamnamədə belə bir şeyə görə, hər hansı bir cəza nəzərdə tutulmur” – deyə
bildirib:
Vəkili onu da qeyd etdi ki, Mövsüm Səmədov tanınmış ruhani
alim, Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Hacıhəsənlinin həbsinə
münasibət bildirərək onunla bağlı baş verənləri pisləyib: “Mövsüm Səmədov
bildirdi ki, Şeyx Sərdarın həbsi bütün azadlıqsevər və inanclı insanların haqlı
etirazına və hiddətinə səbəb olub. Ruhani alimlərin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər
və yaradılmış maneələr cəmiyyətin tərəqqisinə həmişə mənfi təsir göstərir. Bunu
biz keçmiş sovet rejiminin simasında çox aşkar formada müşahidə elədik. Ümid
edirəm ki, mübariz qardaşımız Şeyx Sərdarın qanunsuz həbsi ictimaiyyətin bir
daha etirazına səbəb olacaq. Bizlər də öz növbəmizdə günahsız insanların həbsinə
son qoyulmasını istəyirik.”
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında
partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs
olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə
azadlıqdan məhrum edilib. Mövsüm Səmədov tanınmış yerli və xarici Hüquq Müdafiə
Təşkilatları və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır.