Kiyevdəki Ermənistan səfirliyinin qarşısında aksiya keçirildi - FOTO
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və birgə təşəbbüsü ilə Ermənistanın Kiyevdəki səfirliyi qarşısında Xocalı soyqrımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib
BUAK-dan
“Report”a verilən məlumata görə, etiraz aksiyasında Ukraynanın Xarkov,
Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan
soydaşlarımızla yanaşı türk, İran, tatar və bir sıra xalqların diaspora nümayəndələri
iştirak ediblər.
Ermənistan
hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb
edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə
görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. İndiki erməni daşnak
hakimiyyətinə ağır ittihamların səsləndiyi aksiyada “Rədd ol Qarabağdan!“,
“Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqrımına görə
cavab verəcəksiniz” kimi şüarlar səsləndirilib. Ermənistan səfirliyinin
qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneəçilik törətməyə cəhd
göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş
tutmayıb.
Ukrayna mətbuatının
maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri
Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə
Allahverdiyeva, “İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov və Xocalı sakini
olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək
Azərbaycanda işğalçılıq və soyqrımı siyasəti həyata keçirən erməni qəsbkarlarının
qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər. Aksiyada xüsusi fəallıq
göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə Ermənistan səfirliyinin
qarşısında üzərinə “Xocalı soyqrımına görə cavab verəcəksiniz” yazılmış şəffaf
qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq, oradan havaya
xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.
Etiraz aksiyası
cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa
çatıb.